Mazımçay kilsəsi və ya Mazımgəray kilsəsi - Balakən rayonunun Mazımçay kəndi yaxınlığında yerləşən, zal-tağ formalı alban kilsəsidir. 4.7x4.7 metr ölçüyə malik olan kilsə əhəngdaşından inşa edilmişdir. Kilsə şərq fasadından baxdıqda beşbucaqlı formaya, daxildən isə nalformalı apsidya malikdir. G. Məmmədova qeyd edir ki, “...kilsənin bu cür memarlıq həlli Kiş kilsəsinin planını xatırladır, yeganə fərq, Kiş kilsəsinin apsidasının yarımdairəvi formaya malik olmasıdır.”
Mazımgəray kilsəsini fərqləndirən əsas xüsusiyyət şərq divarı istisna olmaqla, hər divarında bir giriş qapısının (ümumilikdə üç qapı) yerləşməsidir. Planlaşdırma həlli, apsidanın nalformalı olması, inşaatda istifadə edilmiş yaxşı yonulmuş əhəng daşı tikilinin erkən orta əsrlərə aid olmasından xəbər verir.
Gürcüstan tədqiqatçısı İ. Adamia “Sainqilo” adlı əsərində bu kilsə haqqında məlumat verərkən abidəni “Dzeli Çxoveli” adlandırır ki, bu da gürcü dilindən hərfi tərcümədə “kilsə sütun” anlamını ifadə edir.
İstinadlar
Ədəbiyyat
Həmçinin bax
Qafqaz Albaniyasının memarlığı Alban Həvari Kilsəsi Azərbaycan arxeologiyası Azərbaycan memarlığı
Kateqoriya:Alban kilsələri Kateqoriya:Balakən abidələri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri