İlahə Akif qızı Qədimova (doğ. 5 noyabr 1975, Gəncə, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (1994), FİDE hakimi (2016).Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ çempionu (1991) və 18 yaşa qədər qızlar arasında ikiqat dünya çempionu (1992, 1993). Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində milli komandalar arası Avropa çempionatının bürünc mükafatçısı (1992). 2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb.

2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının baş katibidir.

25 dekabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif olunub.

Şahmat karyerası Qədimova 1975-ci ildə Gəncə şəhərində anadan olub.

1992-ci ildə 18 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında qalib olub, 1993-cü ildə 18 yaşlı qızlar kateqoriyasında ikinci dəfə dünya çempionu olub.

1994-cü ildə İlahəyə qadınlar arasında beynəlxalq qrosmeyster adı verilib

1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif olunub.

Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində iki Şahmat Olimpiadasının (1992, 1994) və üç milli komandalar arası Avropa çempionatının (1992, 1997, 2007) iştirakçısı olub.

2006-cı ildə Belçikanın Eypen şəhərində dairəvi sistemlə keçirilmiş beynəlxalq turnirin bürünc mükafatını qazanıb. Eyni ildə Türkiyənin Quşadası şəhərində keçirilmiş şahmat üzrə VII şəxsi Avropa çempionatında iştirak edib.

2008-ci ildə Rusiyanın Nalçik şəhərində olimpiya sistemi ilə keçirilmiş şahmat üzrə qadınlararası dünya çempionatında iştirak edib. Çempionatın ilk turunda almaniyalı şahmatçı Elizabet Petçlə qarşılaşan Qədimova, iki görüşün nəticəsinə görə rəqibi ilə heç-heçə edib. Belə vəziyyətdə qalibi müəyyənləşdirmək üçün blits-oyunun keçirilməsinə ehtiyac yaranıb. Həlledici görüşdə rəqibinə məğlub olan İlahə çempionatda iştirakını dayandırıb.

2016-cı ilin sentyabrında Bakıda keçirilmiş FİDE-nin 87-ci konqresi zamanı İlahə Qədimovaya FİDE hakimi titulu verilib.

Şəxsi həyatı Qədimova Bakıdakı Xarici Dillər İnstitutunu (hazırkı Azərbaycan Dillər Universiteti) bitirib. Daha sonra Maltada — Diplomatik Kollecdə təhsil alıb.

1990-cı illərin ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə işə qəbul olunaraq diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanın Avropa ölkələrindəki səfirliklərində, o cümlədən Maltadakı diplomatik korpusda çalışıb.

Mətbuata verdiyi müsahibələrindən birində Qədimova diplomatiya işinə Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov tərəfindən dəvət olunduğunu deyib.

İlahə xarici vətəndaşla ailə qurub, onun Avropada yaşadığı bildirilir.

Nailiyyətləri 1991 — 16 yaşa qədər qızlar arasında Avropa çempionu. 1991 — 18 yaşa qədər qızlar arasında SSRİ çempionu. 1991 — Dünya çempionatının gümüş mükafatçısı. 1992 — 18 yaşa qədər qızlar arasında dünya çempionu. 1992 — Komandalar arası Avropa çempionatının bürünc mükafatçısı. 1993 — 18 yaşa qədər qızlar arasında dünya çempionu. 1993 — 20 yaşa qədər qızlar arasında Avropa çempionu. 1993 — Dünya çempionatının gümüş mükafatçısı. 1993 — 20 yaşa qədər qızlar arasında dünya çempionatının bürünc mükafatçısı. 1994 — Tələbələr arasında dünya çempionu. 1996 — Tələbələr arasında dünya çempionatının bürünc mükafatçısı. 2025 — “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı

İstinadlar

Xarici keçidlər FIDE Chess profili Ilaha Kadimova. Chess-DB.com Ilaha Kadimova . Chessgames.com Ilaha Kadimova. 365Chess.com

Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Qadın şahmat qrosmeysterləri