Ramiz Firudin oğlu Tahirov () — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini (2014–2024), Hərbi Hava Qüvvələrinin sabiq komandanı (2013–2024), general-leytenant (2014).

Həyatı Ramiz Firudin oğlu Tahirov 16 aprel 1966-cı ildə Rusiya SFSR-nin Orconikidze şəhərində (hazırkı Rusiya Federasiyasının Vladiqafqaz şəhəri) anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

1988–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı marşalı A. M. Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

1992–2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2002–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib.

2013-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 14 may 2014 tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin olunub.

Ramiz Tahirova 9 mart 2011-ci ildə general-mayor, 24 iyun 2014-cü ildə isə general-leytenant ali hərbi rütbələri verilib.

29 aprel 2024-cü ildə müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilərək hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Ailəlidir, iki övladı var.

Təltifləri "Zəfər" ordeni — 9 dekabr 2020 "Qarabağ" ordeni — 7 noyabr 2023 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 24 iyun 2015 2 dəfə "Vətən uğrunda" medalı — 24 iyun 2005, 25 iyun 2018 2 dəfə "Hərbi xidmətlərə görə" medalı — 21 iyun 2007, 19 aprel 2016 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019 "Füzulinin azad olunmasına görə" medalı — 24 iyun 2021 "Cəbrayılın azad olunmasına görə" medalı — 24 iyun 2021 "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — 23 avqust 2023

İstinadlar

Kateqoriya:Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri