Salvador Vilar Braamkamp Sobral (; 28 dekabr 1989, Lissabon, Portuqaliya) — Portuqaliyalı soul və caz musiqiçisi. O, Portuqaliyanı "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə Avroviziya tarixindəki ilk qalibiyyətini qazandırmışdır.
Həyatı Salvador Sobral 28 dekabr 1989-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olmuşdur. Salvador Luis Kabral Braamkamp Sobral müğənninin atası, Luiza Mariya Kabral Posser Vilar isə anasıdır. O yaşadığı Lissabon şəhərinin Instituto Superior de Psicologia Aplicada institutunda Psixologiya üzrə təhsil almışdır. Salvador 2009-cu ildə Portuqaliyanın Ídolos musiqi yarışmasında iştirak etmişdir. Müğənni beş dildə səlis danışa bilir: portuqalca, ispanca, ingiliscə, italyanca və katalanca.
Musiqi karyerası 2009–2010: Ídolos Salvador Sobral 2009-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında iştirak etmişdir və həmin yarışma sayəsində Portuqaliya tamaşaçıları Sobralı ilk dəfə səhnədə görmüşdürlər. Salvador yarışmada 7-ci yerdə qərarlaşmışdır. Onun bacısı Luiza Sobral da daha öncə Ídolos yarışmasında iştirak etmiş və üçüncü yeri qazanmışdır.
2011–2014: Barselona və ilk konsertlər 2011-ci ildə psixologiya üzrə təhsilini başa vuran Salvador Barselonada yerləşən "Taller de Músics" musiqi məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbdə təhsilini bitirən Sobral bir çox caz festivallarında iştirak etmişdir.
2016–hazırda: Excuse Me albomu və Avroviziya 2 avqust 2016-cı ildə Salvador Sobralın ilk sinqlı olan "Excuse Me" işıq üzü görmüşdür. Elə həmin gündə də müğənninin eyni adda debüt albumu dinləyicilərə təqdim olunmuşdur.
Portuqaliyanın dövlət kanalı RTP-nin Avroviziya-2017 üçün təşkil etdiyi "Festival da Canção" müsabiqəsində qalib gələn Salvador Sobral "Amar Pelos Dois" mahnısı ilə Portuqaliyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək, Portuqaliyaya 53 ildir həsrətində olduğu Avroviziya qalibiyyətini qazandırmışdır. Ölkəyə müsabiqədəki ilk uğurlu nəticəsini qazandıran mahnı məhz Salvadorun bacısı Luiza Sobral tərəfindən bəstələnmişdir. Salvador müsabiqədə həm xalq səsverməsinin, həm də münsif səsverməsinin qalibi olmuş və ümumilikdə 758 xal toplayaraq qələbə qazanmışdır. Ürək çatışmazlığından əziyyət çəkən gənc müğənni müsabiqənin məşqlərində iştirak edə bilməmiş və bacısı Luiza məşqlərdə Salvadoru əvəz etmişdir.
2017-ci ilin iyul ayında Salvador pianoçu Xulio Resendenin müşaiyəti ilə Lissabonda keçirilən Super Bock Super Rock festivalında çıxış etmişdir. Həmin ilin sentyabr ayında müğənni Facebook hesabından verdiyi paylaşımda sağlamlığı ilə bağlı olan problemlər səbəbindən musiqi karyerasına qeyri-müəyyən müddətliyinə fasilə verməli olduğunu elan etmişdir. O sentyabr ayının 8-də ürək nəqli əməliyyatından öncəki son konsertini vermişdir. Dekabr ayının 9-da Salvadora ürək nəqli edilmiş və əməliyyat uğurla sona çatmışdır.
Aktivizm fəaliyyəti thumb|150px|Sobral üzərində "S.O.S. Refugees" yazılan köynəklə mətbuat konfransında. Salvador Sobral Avroviziya 2017-nin birinci yarımfinalının qalibləri üçün keçirilən mətbuat konfrasında Avropada davam edən miqrant böhranına diqqəti çəkmək üçün üzərində "S.O.S. Refugees" () yazılan köynəklə konfransa qatılmışdır. Mətbuat konfrasında jurnalistlərdən biri Salvadora üzərinə geyindiyi köynəklə məqsədinin nə olduğunu soruşduqda, Salvador cavab olaraq bildirmişdir:
Solvadorun sözləri mətbuat konfrasında böyük alqışla qarşılanmışdı. Lakin müsabiqənin təşkilat komitəsi müğənnini müsabiqə boyunca bir daha həmin köynəyin geyinilməməsi ilə bağlı xəbərdar etmişdi. Avropa Yayım İttifaqının nümayəndəsi həmin köynəyin siyasi mesaj daşıdığını bildirmiş və bunun müsabiqənin qaydalarına zidd olduğunu söyləmişdir. Sobral isə söylənilənlərə etirazını bildirərək, bunun siyasi addım deyil, sadəcə humanitar ismarış olduğunu bildirmişdir..
19 iyun 2017-ci ildə Portuqaliyanın Ourem şəhərində keçirilən konsertdə Salvador Sobral satışa çıxardığı disklərdən qazandığı bütün gəliri Portuqaliya meşə yanğınlarından əziyyət çəkən insanlara bağışlanacağını açıqlamışdır.
Diskoqrafiya Albomlar Albom adı İl Excuse Me 2016
Sinqllar Mahnı adı İl "Excuse Me" 2016 "Nem Eu" "Amar Pelos Dois" 2017
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Portuqaliyada doğulanlar Kateqoriya:Lissabonda doğulanlar Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Portuqaliya müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Portuqaliyanın "Avroviziya" təmsilçiləri