Yemişan kəpənəyi () — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ.

Xarici quruluşu Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır.

Həyat tərzi 2 və 3-cü yaş tırtılları sapla bir- birinə bağlanan, yarpaqlardan düzəldilmiş yuvalarda qışlayırlar. Belə yuvalar ağacın kiçik budaqlarından sapla asılmış olur. Hər yuvada 25-30 ədəd tırtıl qışlayır. Yazın əvvəllərində, qış yuvasından çıxan tırtıllar, ağacların tumurcuqlarının içərisini, sonra isə çiçək, qönçə və yarpaqları ilə qidalanırlar. Bəzi illərdə kütləvi çoxalma dövründə, olduqca ciddi ziyan vururlar (70-75%). Hətta bəzək ağacları tamam çılpaqlaşır. Dekorativ meyvə ağaclarının çiçəklənməsi qurtarana yaxın və meyvə başlanğıcı əmələ gəldiyi dövrdə tırtıllar ağacların gövdə və budaqları üzərində pup halına keçirlər. 10-12 gündən sonra puplardan kəpənəklər çıxır.

15-18 gün keçdikdən sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayırlar. Dişilər yumurtalarını yarpağın üst tərəfinə, topa halında yerləşdirirlər və hər topada 25-30 yumurta olur. Hər dişi fərd 200-300-dək yumurta qoyur. 10-15 gündən sonra yumurtalardan tırtıllar çıxmağa başlayır. Yemişan kəpənəyi ildə bir nəsil verir.

Yayılması Rusiya, Azərbaycan, Qafqaz, Moldova, Ukrayna, Yaponiya, Koreya, Şərqi Avropa.

Ədəbiyyat E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013

Kateqoriya:Ağ kəpənəklər Kateqoriya:1758-ci ildə təsvir edilən kəpənəklər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları