Prof. Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov () — azərbaycanlı alim; Kimya elmləri d-ru (1957), professor (1959), Azərbaycan EA-nın müxbir üzvü (1976)

Həyatı Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov 3 dekabr 1913-cü ildə Şəki şəhərində anadan olmuşdur.

1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsini bitirmişdir.

Elmi fəaliyyəti 1941-ci ildə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1959-cu ildə professor elmi adını almışdır. 1976-cı ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.

1968–1970-ci illərdə Azəbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri olmuşdur.

1970–1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutunun rəhbəri, 1983-cü ildən ömrünün sonuna kimi isə həmin institutda laboratoriya müdiri işləmişdir.

Zülfüqar Zülfüqarovun əldə etdiyi elmi nəticələr onun "Krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə sintez şəraitinin təsiri", "Azərbaycan bentonit gillərinin və qumbrinin fiziki-kimyəvi xassələri və ağardıcı qabiliyyətlərinin tədqiqi", "Modifikasiya olunmuş Y-tipli seolitlər əsasında heterogenləşdirilmiş katalizatorlar" və bir çox başqa əsərlərində öz əksini tapmışdır.

400-dən artıq elmi əsərin, 62 ixtira və patentin və 2monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər doktorluğu və 47 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur.

Zülfüqar Zülfüqarov II dərəcəli "Vətən Müharibəsi" ordeni və müxtəlif medallarla təltif edilmiş, həmçinin 1974-cü ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

9 iyul 1992-ci ildə 78 yaşında vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:Azərbaycan professorları Kateqoriya:AMEA-nın müxbir üzvləri