Bulon-sür-Mer () — Fransanın şimalında şəhər. Bulon-sür-Mer// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 72. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 43,3 min (2010) nəfərdir.

Coğrafiyası Pa-de-Kale boğazı sahilində, Lyan çayının mənsəbindədir. Sürətli dəmiryolları vasitəsilə Parislə əlaqəsi var. Fransanın ikinci (Kaledən sonra) sərnişin dəniz portu (ildə təqribən 3 mln. nəfər; Böyük Britaniyanın Duvr və Folkston portlarına müntəzəm reyslər işləyir).

Tarixi Bononiya (Bononia) və Gezoriak (Gesoriacum) kelt məskənlərinin yerində, təqribən e.ə. 1-ci əsrdə meydana gəlmişdir; Qalliyanın şimalında və Britaniyada Roma ağalığının qorunub saxlanılmasında mühüm rolu olmuşdur. Eramızın 5-ci əsrində sakslar tərəfindən işğal edilmişdir. Yeni yüksəliş dövrü 10-cu əsrin əvvəllərindən başlamışdır; Bulon (Bulonne) qraflığının mərkəzi olmuşdur. 1419-cu ildən Burqundiya hersoqlarının mülklərinin tərkibində, 1477-ci ildən isə Fransa kralının hakimiyyəti altında idi.

Memarlığı Memarlıq abidələri: qəsr (13-cü əsr; içərisində 1825-ci ildən rəssamlıq muzeyi fəaliyyət göstərir), meriya binasının yanında gözətçi qülləsi (13-cü əsr; Qədim Roma qalasının yerində tikilmişdir), Müqəddəs Nikolay kilsəsi (1208, fasad və nef 18-ci əsrin 2-ci yarısına aiddir, memar J. Sanye) və Notr-Dam baş kilsəsi (1827–66, bünövrəsi 7-ci əsrdə qoyulmuşdur, orta əsrlərə aid kripta var), Müqəddəs Qan kapellası (1859–60), Ədliyyə sarayı (1852), yaşayış binaları (hotellər: Kruassan, 16-cı əsr; Desandruen, 1777).

Sənayesi Ölkənin əsas balıqçılıq portlarından (ildə 800 min t-dan çox balıq) biridir. Balıq və dəniz məhsullarının emalı; balıq və balıq məhsulları ticarəti. Gəmiqayırma; ferromanqan ərintiləri; telefon və ofis avadanlığı; sement istehsalı inkişaf etmişdir.

Qalereya

İstinadlar

Xarici keçidlər Rəsmi internet saytı: Bulon-sür-Merdə və Bulon ərazisi turizm potensialı Bulon-sür-Merdə şəhər konsulluğu Bulon-sür-Mer şəhərinə səyahət ULCO universitet kitabxanasıBulon 2005 Esperanto Bulon-sür-Mer Universiteti

Kateqoriya:Fransa şəhərləri Kateqoriya:Qalalı şəhərlər