Daşkəsən dəmir filizi yatağı — Qafqazda sənaye ehtiyatları 300 mln.ton həcmində qiymətləndirilən yeganə dəmir filizi yatağıdır. Daşkəsən skarn-maqnetit yataqlar qrupu eyniadlı rayonda, Gəncə şəhərindən cənubi-qərbdə yerləşir. Onlar özlüyündə erkən təbaşir dövründə formalaşmış kontakt-metasomatik törəmələrdən ibarətdir. Filiz yerləşən çöküntülətin tərkibində 110-dan çox mineral növləri müəyyən edilmişdir. Filizəmələgətirən əsas minerallar maqnetit və hematitdir, digər minerallardan isə mis, qurğuşun və sink sulfidlərini, eyni zamanda, kobalt sulfo-arsenitlərini və b. qeyd etmək olar.

1980-ci illərdə azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "Gəlin açıq danışaq…" adlı məqaləsində regionların ekoloji problemləri mövzusunu diqqətə çatdırmış, Daşkəsən rayonundakı mədən sənayesinin ətraf mühitə vurduğu zərərlərdən bəhs etmişdir. O, rayona səfəri zamanı filiz mədənlərinin istismarı nəticəsində yaranan sənaye tullantılarının torpaq sahələrinə koma-koma səpələndiyini və ərazidə süni təpəciklərin yarandığını müşahidə etdiyini bildirmişdir. Vahabzadə Daşkəsənin təbii resurslarının iqtisadi baxımdan mənimsənilməsinin vacibliyini qəbul etmiş, lakin dağ silsilələrinin və yaylaqların ekosisteminə zərər vurulması, yaşıl sahələrin xarabazara çevrilməsi kəskin tənqid atəşinə tutulmuşdur. O, təbiətə qarşı edilən bu növ amansız müdaxilələrin gələcəkdə ciddi fəsadlar törədəcəyini vurğulamaq üçün Fridrix Engelsin "təbiət üzərindəki qələbələrin sonradan intiqama çevrilməsi" barədə fikirlərinə istinad etmişdir. Vahabzadə ətraf mühitin təbii gözəlliyini və bakirəliyini məhv edən şəxslərin bu fəaliyyətinin onların mənəvi aşınmasına da səbəb olduğunu irəli sürmüşdür.

Həmçinin bax Şimali Daşkəsən kobalt yatağı

Mənbə Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.

Kateqoriya:Azərbaycan yataqları