Nizami metrostansiyasının mozaikaları — 1973–1976-cı illərdə SSRİ xalq rəssamı Mikayıl Abdullayev tərəfindən yaradılmış on doqquz mozaik pannolardır. Pannolardan on səkkizində Nizaminin "Xəmsə"sinə daxil olan beş məsnəvidən bədii səhnələr, birində isə şairin özünün üç metrdən artıq hündürlüyə malik boyaboy portreti təsvir edilmişdir. Mozaikalardan 3-ü "Sirlər xəzinəsi", 3-ü "Xosrov və Şirin", 3-ü "Leyli və Məcnun", 4-ü "Yeddi gözəl", 5-i isə "İsgəndərnamə" mövzularına həsr edilmişdir. Mozaikalar Nizaminin beş poemasının illüstrativ nəqli kimi nəzərdə tutulmuşdur. Mozaikalarda qəhrəmanlar, başlarına gəlmiş mühüm hadisələr zamanı təsvir edilmişlər.
Mozaik təsvirlər üçün rəng seçərkən, rəssam, əlvan və parlaq rənglərdən istifadədən qaçaraq, yumşaq rəng çalarlarına üstünlük vermişdir. Həmçinin, monoxrom rənglərdən də imtina edilmişdir. Süjetlərin traktovkasında rəssam klassik miniatür formasına müraciət etmişdir. Miniatür sənətindən gəlmə ünsürlər kompozisiyaların şərti traktovkasında və ayrı-ayrı detalların səthi təsvir formasında özünü büruzə verir. M. Nəcəfov Mikayıl Abdullayevin yaradıcılığına həsr edilmiş kitabında Nizami metro stansiyasındakı mozaikaları "Azərbaycan təsviri sənətinin monumental rəngkarlıq sahəsinin qiymətli nümunələri" adlandırır.
Tarixi Mikayıl Abdullayevin Nizami Gəncəvi yaradıcılığına ilk müraciəti 1941-ci ildə olmuşdur. Həmin il rəssam şairin "İsgəndərnamə" poemasının motivləri əsasında "Nəsihət" adlı üç fiqurlu bir tablo yaratmışdır. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə, o zaman hələ 20 yaşı olab rəssam tərəfindən çəkilmiş bu tabloda qoca Aristotel İsgəndərlə söhbət aparır. Filosofun nəyəsə işarə edən əli fikir mərkəzini təşkil edərək, kompozisiyanın düz mərkəzində yerləşir.
1973-cü ildə Bakı metropoliteninin Nizami stansiyasının interyerinin işlənməsi işinə start verilərkən, bədii tərtibat işi Mikayıl Abdullayevə həvalə edilir. Rəssam stansiyanın yeraltı salonunun mozaikalarla bəzədilməsini təklif edir və onun bu təklifi metro stansiyası layihəsinin baş memarı olan Mikayıl Hüseynov tərəfindən rəğbətlə qarşılanır. Rəssam bu haqqda xatirələrində yazır:
Hazır mozaik təsvirlərin yığılması SSRİ Rəssamlıq Akademiyasının Leninqraddakı mozaika emalatxanasına həvalə edilmişdir. 1979-cu ilin birinci rübündə Nizami stansiyasının yeralt salonunda on səkkiz mozaik pannonun bədii tərtibatı başa çatdırılmşdır. Mozaikalarla paralel, rəssam Gəncə ilə bağlı "Sənətkar məclisi" adlı rəsm əsəri üzərində də işləmiş və həmin il, adı qeyd edilən tablonu da tamamlamışdır. Əsərdə XII əsr Gəncəsində xalq ustalarının əlbir əməyi və məişəti ilə əlaqədar səhnələr təsvir edilmişdir.
Restavrasiya 2016-cı ildə Nizami metrostansiyasında istismara verildiyi dövrdən bəri ilk dəfə bərpa-yenidənqurma işlərinə start verilmişdir. Yenidənqurma işlər çərçivəsində stansiyanın yeraltı salonunda yerləşən mozaik pannoların da Bakı Metropoliteni QSC-nin daxili vəsaiti hesabına restavrasiyasına başlanmışdır. Restavrasiyadan sonra, istismara verildiyi illərdə olduğu kimi, ilkin parlaqlığı bərpa olunmuş təsvirlər yenilənmiş mərmər haşiyələrin fonunda daha işıqlı görünür. Pannoların altındakı yazılar latın əlifbasının bədii şriftlərilə verilib və bu zaman onun orijinal formatı da qorunaraq saxlanılıb. Pannoların bərpası ilə peşəkar rəssamlar Zöhrab Cabbarov, Elçin Cabbarov, Nizami Vəliyev məşğul olublar. Zöhrab Cabbarov pannoların müəllifi SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi olub.
Arxa elementlərin təmiri üçün pannolar 2–3 metr irəli çəkilmiş, bunun üçün xüsusi qurğu hazırlanmışdır. İrəli çəkilən pannonun metal konstruksiyalarının möhkəmlənməsi ilə yanaşı, mozaikaların bərpası da paralel aparılmışdır. İlk növbədə pannonun arxa hissəsinin köhnə izolyasiya qatı dağıdılmış, onun yerində müasir izolateks, slikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətə davamlı və daha etibarlı bir qat yaradılmışdır. Mozaika elementlərinin dayanıqlığını təmin etmək üçün, onların üstünə xüsusi şəffaf maddə çəkilmişdir. Pannoların yeri hazır olduqdan sonra onları qaytarıb yerlərinə oturdulmuşdur. Bundan sonra mozaik təsvirlərin çatlamış, deformasiyaya uğrayan və ya düşüb itən hissələrinin, bu səbəbdən kafel parçası və ya başqa bir materialla əvəz olunmuş hissələrinin yerinə əsl kaşıdan mozaika üçün bişirilmiş olan parçaları qoyulmuşdur.
Xüsusiyyətləri
Mozaik pannolar Stansiyanın yeraltı salonunda 18 mərmər tağda yerləşdirilmiş mozaikalar, Nizami poemalarının süjetlərinə həsr olunmuşdur. Eskalatordan düşüb stansiyanın yeraltı salonuna daxil olanda sağ tərəfdəki pilonlarda Nizaminin ilk didaktik-fəlsəfi əsəri olan "Sirlər xəzinəsi"nin motivləri əks olunmuşdur. Fiqurlar üçün götürülən ümumi miqyas, rəsm sahəsinin plastik həlli və kompozisiyaların hər iki tərəfindən verilmiş təpələrin şərtiləşmiş təsviri salondakı bütün on səkkiz pilonda təkrar edilir. Bunun da sayəsində, salondakı təsvirlər arasında vəhdət yaranır.
Mikayıl Abdullayev yazır: "Təcrübə göstərir ki, böyük bir interyerdə tərtibatın monumental həlli, ilk növbədə miqyasın düzgün tapılmasından asılıdır. Bu, olduqca ciddi məsələdir. Yeraltı salonun ümumi bədii tərtibatı üçün meyar götürülən sonuncu miqyas ciddi axtarışların nəticəsidir."
"Xəmsə" motivləri on səkkiz pilonda ardıcıllıqla yerləşdirilərkən, onların məzmun və bədii forma cəhətdən bir-birinə uyğunluğu nəzərə alınmışdır. Belə ki, salonun divarlarında "Sirlər xəzinəsi"ndən "Bayquşların söhbəti", "Kərpickəsənin nağılı", "Sultan Səncər və qarı", "Xosrov və Şirin"dən "Fərhad Bisütunda", "Xosrov və Şirin", "Fərhad və Şirin", "Leyli və Məcnun"dan "Məcnun və atası", "Leyli və Məcnun", "Leylinin qəbri üstündə", "Yeddi gözəl"dən "Simnarın faciəsi", "Bəhram və əjdaha", "Bəhramın hünəri", "Fitnə", "İsgəndərnamə"dən "İsgəndər və çoban", "Yeddi alim", "Nüşabə və İsgəndər", "Daranın ölümü" və "Nəqqaş Mani" səhnələri əks olunmuşdur.
Digər poemalarla müqayisədə "İsgəndərnamə" poemasına daha çox diqqət verilmiş, təsvirlərdən beşi bu poemanın mövzuları əsasında yaradılmışdır. Poemanın ümumi süjetində əhəmiyyətli rol oynamayan Nəqqaş Mani obrazına ayrıca pannonun həsr edilməsini Abdullayev belə izah edir: "Poemada daha mühüm, daha səciyyəvi başqa mövzular olduğu halda, Nəqqaş Mani mövzusuna müraciət etməyim heç də təsadüfi deyildir. Dahi Nizami tərəfindən qələmə alınmış Şərqin böyük nəqqaşı Manidən qabaq, Azərbaycan ədəbiyyatı və mədəniyyətində heç bir rəssam obrazına rast gəlməmişik."
Nizaminin mozaik portreti 200px|thumb|right|Nizami mozaikasının eskiz təsviri Salonun baş divarında Nizaminin yumşaq pastel rəngləri ilə işlənmiş böyük portreti verilmişdir. Lakin, daha öncə həmin divarın müxtəlif şəkildə layihələndirilməsi təklifləri olmuşdur. Mikayıl Hüseynov tərəfindən təklif edilmiş ilkin layihədə divar qarşısında postament üzərində Nizaminin büstünün qoyulması nəzərdə tutulmuşdu. Mikayıl Abdullayev isə əvvəlcə həmin divarda Qədim Gəncənin panoramını verməyi təklif etmişdir. Texniki xidmət üçün nəzərdə tutulmuş qoşa qapıların isə Gəncə qapıları kimi dizayn edilməsi qeyd edilmişdi. Lakin, sonradan bu təklif Nizaminin tam boylu portret təsviri ilə əvəz edilmişdir. Bu haqqda Mikayıl Abdullayev xatirələrində yazır:
Rəssamın fikrincə, "Sərnişinləri üzü aşağı gətirən eskalatorun sonuncu pillələrindən görünməyə başlayan şairin əzəmətli fiquru 70 metrlik salonun daxilində fikir mərkəzi yaratmalı idi." Nizaminin mozaik portretini yaradarkən, Mikayıl Abdullayev şairin, özündən əvvəl yaradılmış portret obrazından uzaqlaşmamağı qarşıya məqsəd qoyur. "Hər şeydən qabaq, indiyə kimi hamıya tanış Nizami obrazından uzaqlaşmamağı qarşıma məqsəd qoydum. Yəni, Nizaminin yeni portretini yaratmağı deyil, necə deyərlər, onun geniş yayılmış portretini , yaradıcılıq süzgəcimdən keçirməyi nəzərdə tutmuşdum. Miqyas cəhətdən şairin fiquru poemalara həsr olunmuş süjetli təsvirlərin personajlarından iki dəfə böyük verilməli idi. Bu da, Nizami obrazının monumental baxılmasını təmin edə bilərdi."
Rəng palitrası və üslub Mozaik təsvirlər üçün rəng seçərkən, rəssam, əlvan və parlaq rənglərdən istifadədən qaçaraq, yumşaq rəng çalarlarına üstünlük vermişdir. Həmçinin, monoxrom rənglərdən də imtina edilmişdir. Rəssam rəng seçimi haqqında yazır: "Salonun ümumi tərtibatında istifadə olunan mozaik boyaların rolu böyükdür. Onlar, həm göz oxşamalı, həm də öz təsir dərəcəsini saxlamalıdır. Yəni, boyalar həddindən artıq "qışqırmamalı", ümumi kolorit çərçivəsində qalmalıdır. İki sıra üzbəüz pilonların arasındakı məsafə cəmi yeddi metr yarımdır. Bu, heç də böyük məsafə deyildir. Odur ki, burada həddən artıq əlvan və "cingiltili" rənglərdən deyil, yumşaq rəng çalarlarından istifadə olunmalı idi. Eyni zamanda monoxrom rənglərdən də imtina etdim. Çünki, "Xəmsə"nin rəngarəng səhnələri özünə münasib kolorit tələb edir. Yeraltı salonun pilonlarında yerləşən pannoların rəng ahənginnin həlli mənim üçün çox məsul iş idi. Məhz, buna görə, monumental-dekorativ sənətində işlədilən, satışa buraxılan hazır produksiyadan – smalta mozaikasından vaz keçməli oldum. Çünki, bu məmulatın palitrası çox da böyük deyildi, ona görə də istədiyim rəng çalarını əldə etməkdə mütləq çətinlik çəkərdim."
Süjetlərin traktovkasında rəssam klassik miniatür formasına müraciət etmişdir. Miniatür sənətindən gəlmə ünsürlər kompozisiyaların şərti traktovkasında və ayrı-ayrı detalların (məsələn, dağların, ağacların, buludların və s.) səthi təsvir formasında özünü büruzə verir.
Mövzular