Şahlar Həsənağa oğlu Quliyev () — Azərbaycan müğənni, Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü.

Həyatı Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirmişdir. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunur və tamaşaçı rəğbəti qazanır.

Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir.

2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.

Oğlu Nofəl Şahlaroğlu filologiya üzrə fəlsəfə doktoru, aktyor və aparıcıdır.

2024-cü il oktyabrın 26-da səhər saatlarında uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib. Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Filmoqrafiya Qız qalası (film, 2000) Bəylik dərsi (film, 2007)

İstinadlar

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Cəlilabad rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri