Gavurarx (həmçinin Govurarx, SSRİ dövründə Orconikidze adına kanal) — Azərbaycanın Mil düzündə yerləşən tarixi magistral suvarma kanalı və irriqasiya sistemidir. Kanal Araz çayından başlayaraq Mil düzündən keçir, orta əsr Beyləqan şəhərinin xarabalıqlarının yerləşdiyi Örənqala yaxınlığından uzanır və Qalatəpə ərazisində Qarqarçayla birləşirdi.

Gavurarx orta əsr Beyləqanının su təsərrüfatı sisteminin mühüm hissəsi olmuşdur. Kanalın suyundan şəhərin qala xəndəyinin doldurulması və ətraf ərazilərin suvarılması üçün istifadə edilirdi. Kanalın yaxınlığında və onun boyunca bir sıra orta əsr yaşayış yerləri yerləşmiş, Gavurarx xətti Qalatəpə ilə Örənqala arasındakı kommunikasiya şəbəkəsi ilə əlaqəli olmuşdur.

Gavurarxın yaranma tarixi uzun müddət mübahisəli olmuşdur. XX əsrin arxeoloji tədqiqatlarında kanalın tarixi onun daha qədim arxeoloji komplekslərlə stratigrafik münasibəti əsasında müəyyənləşdirilməyə çalışılmışdır. 2025-ci ildə Örənqala yaxınlığındakı Gavurarx sahəsində aparılmış geoarxeoloji tədqiqat zamanı mikromorfoloji analiz və optik stimullaşdırılmış lüminessensiya (OSL) tarixləndirməsi əsasında tədqiq edilən kanal sisteminin ehtimal olunan ilkin tikinti mərhələsi VIII əsrə aid edilmişdir.

XIX əsrdə Gavurarxın bərpası Mil düzünün yenidən suvarılması layihələrinin mühüm hissəsinə çevrilmişdir. XX əsrin ilk onilliklərində bərpa layihələri davam etdirilmiş, Azərbaycan SSR dövründə isə tarixi məcranın müəyyən hissələrinin bərpası ilə yanaşı yeni magistral kanal hissələri də qazılmışdır. 15 aprel 1930-cu ildə yeni Gavurarx suvarma kanalının baş qurğusunun şlüzləri açılaraq sistemə su buraxılmışdır.

Adı

Mənbələrdə kanalın adı "Gavurarx", "Govurarx" və "Govur arxı" formalarında işlənmişdir. Rusiya imperiyası və SSRİ dövrünün rusdilli sənədlərində formasına rast gəlinir.

Mir Mehdi Xəzani XIX əsrdə yazdığı "Kitabi-tarixi-Qarabağ" əsərində kanalın öz dövründə "Govur arxı" kimi tanındığını, onun əvvəlki adının isə "Bərlas" olduğunu bildirirdi.

Xəzaninin məlumatı "Bərlas" adını Govur arxı ilə əlaqələndirən XIX əsr tarixşünaslıq ənənəsini əks etdirir. Teymur dövrünün Beyləqan kanalının sonrakı tarixi-coğrafi ədəbiyyatda "Nəhr-i Barlas" adlandırılması bu məlumatla səsləşir. Bununla belə, "Bərlas" adının Gavurarx üçün Teymur dövründən əvvəl işlədildiyini təsdiqləyən erkən mənbə yoxdur.

Coğrafiyası və quruluşu

Gavurarx Mil düzündə Arazdan su götürən magistral suvarma kanalı idi. Qara Əhmədovun tədqiqatına görə, kanal Arazdan başlayaraq Mil düzündən keçir və Qalatəpə adlanan yerdə Qarqarçaya birləşirdi. "Azərbaycan arxeologiyası" çoxcildliyində də orta əsrlərdə Arazla Qarqarçayı birləşdirən Gavurarxın Beyləqan şəhərinin yaxınlığından keçdiyi göstərilir.

Orta əsr Beyləqanının yerləşdiyi Örənqala Gavurarxla bilavasitə əlaqəli idi. Kanalın suyundan şəhərin qala xəndəyinin doldurulması və ətraf ərazilərin suvarılması üçün istifadə olunurdu. Beyləğanın arxeoloji tədqiqatlarında quyular, saxsı su boruları və digər su təsərrüfatı qurğuları da müəyyən edildiyindən Gavurarx şəhərin bütün su təminatının yeganə vasitəsi kimi qiymətləndirilmir.

Gavurarx xəttinin yaxınlığında bir sıra orta əsr yaşayış yerləri qeydə alınmışdır. Əmirəhmədtəpə kanalın sağ tərəfində, ondan təxminən 1,2 km məsafədə yerləşirdi; buradan əldə edilmiş arxeoloji materiallar əsasən IX–XIII əsrlərə aid edilir. Qurdtəpə yaşayış yeri isə Gavurarxın sol sahilində yerləşir və kanal onun şimal tərəfindən keçir. Buradakı arxeoloji materiallar orta əsr dövrü ilə yanaşı daha qədim təbəqələrin də mövcudluğunu göstərir.

Vüsal Əliyevin tədqiqatına görə, Əmirəhmədtəpə və Qurdtəpə vaxtilə Gavurarxın yanı ilə uzanan karvan yolu üzərində yerləşmiş və Mil düzünün orta əsr şəhər məskənləri olan Qalatəpə ilə Örənqala arasında əlaqə rolunu oynamışdır.

Tarixi Gavurarxın dəqiq uzunluğunu müəyyən etmək çətindir. Ədəbiyyatda 60 km göstəricisinə rast gəlinsə də, XIX–XX əsrlərə aid 62 verst, 64 km və 64,5 km kimi göstəricilər müxtəlif bərpa və yenidənqurma layihələrinə və sonrakı kanallara aid olduğundan onların qədim və orta əsr Gavurarxının dəyişməz uzunluğu kimi qəbul edilmir.

Tarixi Yaranması və tarixləndirilməsi

Gavurarxın yaranma dövrü Azərbaycan arxeologiyasında uzun müddət mübahisəli olmuşdur. Kanalın tikilmə tarixini birbaşa göstərən erkən yazılı mənbə məlum olmadığından XX əsr tədqiqatçıları onun yaşını əsasən kanal məcrasının yaxınlığındakı və onun tərəfindən kəsilmiş arxeoloji komplekslərin nisbi xronologiyası əsasında müəyyənləşdirməyə çalışmışlar.

1933-cü ildə Mil düzündə aparılmış arxeoloji tədqiqatların nəticələrini nəşr etdirən İvan Meşşaninov Gavurarxın qədim qəbir kompleksləri ilə stratigrafik münasibətini araşdırmışdır. Kanalın eramızın ilk əsrlərinə aid edilən qəbirlərlə münasibəti sonrakı tədqiqatlarda onun həmin dəfn komplekslərindən sonra çəkildiyini göstərən nisbi xronoloji dəlillərdən biri kimi istifadə edilmişdir. Bu müşahidələr əsasında ədəbiyyatda kanalın sonrakı antik və erkən orta əsrlər dövrünə aid edilməsi təklif olunmuş, lakin bu tarixləndirmə kanal sisteminin bütövlükdə birbaşa tarixləndirilməsinə əsaslanmamışdır.

1953–1955-ci illərin Örənqala ekspedisiyasının nəticələrini ümumiləşdirən Aleksandr İessen Gavurarxın eramızın başlanğıcından əvvəl çəkildiyini qəbul etmək üçün kifayət qədər arxeoloji əsas olmadığını göstərmişdir.

XIX əsrdə Mir Mehdi Xəzani kanalın yaranmasını I Qubadla əlaqələndirirdi. Onun məlumatına görə, Qubad Arazdan böyük arx çəkdirərək Beyləqan ərazisində şəhər və kəndlərin salınmasına şərait yaratmışdı. Xəzaninin məlumatı hadisələrdən əsrlər sonra yazıya alınmış tarixi ənənə olduğundan Gavurarxın Qubad dövründə tikildiyinin birbaşa sübutu hesab edilmir.

2025-ci ildə Liza Sneyp, Andrea Riççi, Yan K. Bailiff, Den E. Lourens, Təvəkkül Əliyev və Barbara Helvinq Örənqala yaxınlığında Gavurarxın bir sahəsini geoarxeoloji üsullarla tədqiq etmişlər. Kanal kəsiyində aparılan qazıntı, mikromorfoloji analiz və OSL tarixləndirməsi kanalın tikilməsi, su axını, təmizlənməsi, məcradan çıxarılan çöküntülərin sahillərə atılması, təkrar təmiri, məcranın dəyişməsi və tərk edilməsi ilə əlaqəli mərhələləri müəyyən etməyə imkan vermişdir.

Kanal sahillərindəki təpələrin əhəmiyyətli hissəsinin məcranın təkrar təmizlənməsi zamanı çıxarılan materialın yığılması nəticəsində formalaşdığı müəyyən edilmişdir. OSL və stratiqrafik məlumatların birlikdə təhlili əsasında müəlliflər tədqiq olunan kanal sistemi üçün ehtimal olunan ilkin tikinti mərhələsini VIII əsrə aid etmişlər. Bununla belə, tikinti zamanı basdırılmış qədim torpaq səthindən etibarlı birbaşa OSL tarixi əldə etmək mümkün olmamışdır; buna görə VIII əsr bütün Gavurarx xəttinin bir vaxtda yaradılmasının qəti tarixi deyil, Örənqala yaxınlığında tədqiq edilmiş sistem üçün təklif olunan ən ehtimallı xronologiyadır.

Tədqiqat həmin kanal sahəsində min ilə yaxın müddəti əhatə edən istifadə, təmizləmə, dəyişiklik və tərk edilmə mərhələlərinin izlərini müəyyən etmişdir. Müəlliflər Cənubi Qafqazdakı iri suvarma sistemlərinin yalnız ölçülərinə əsasən avtomatik şəkildə Sasani dövlət layihələri kimi qəbul edilməsinin problemli olduğunu da vurğulamışlar.

Orta əsrlər

Geoarxeoloji nəticələr Gavurarxın Örənqala yaxınlığında tədqiq edilmiş hissəsində VIII əsrdən sonrakı uzunmüddətli istifadə və təkrar təmizləmə mərhələlərinin mövcudluğunu göstərir. Orta əsrlərdə kanal xətti boyunca yerləşən Əmirəhmədtəpə və Qurdtəpə kimi yaşayış yerlərinin mövcudluğu Gavurarxın məskunlaşma landşaftı ilə əlaqəsini göstərir.

XIII əsrin əvvəllərində monqol yürüşləri zamanı Beyləqan dağıdılmışdır. Mir Mehdi Xəzani monqolların şəhərlə yanaşı arxı da dağıtdığını bildirirdi. Xəzaninin mətnində hadisənin 695-ci hicri ili ilə tarixləndirilməsi nəşrin qeydində düzəldilərək Beyləqanın monqollar tərəfindən dağıdılmasının 618-ci hicri ilində — 1221-ci ildə baş verdiyi göstərilir. Arxın məhz monqollar tərəfindən dağıdılması haqqında məlumat isə hadisənin müasiri olan mənbədən deyil, Xəzaninin XIX əsrdə qeydə aldığı ənənədən gəlir.

XV əsrin əvvəllərində Əmir Teymur Beyləqanın bərpasına göstəriş vermiş və şəhərin suvarılması üçün Arazdan kanal çəkilməsi ilə əlaqədar işlər görülmüşdür. Tarixi-coğrafi ədəbiyyatda həmin kanal "Nəhr-i Barlas" adı ilə göstərilir və onun altı fərsəx uzunluğunda, on beş zira enində olduğu bildirilir. "Barlas" adı Teymurun mənsub olduğu Barlas tayfası ilə əlaqədardır.

Mir Mehdi Xəzani də Teymurun Beyləğanı bərpa etdirdiyini və "haman arxı təmir edib suyun o şəhərə cari" etdirdiyini bildirir. Xəzaninin öz dövründə "Govur arxı" kimi tanınan kanalın əvvəlki adını "Bərlas" kimi göstərməsi Teymur dövrünün Nəhr-i Barlas kanalı ilə Gavurarx arasında tarixi əlaqə barədə yerli tarixşünaslıq ənənəsinin mövcudluğunu göstərir.

XIX əsrdə bərpa təşəbbüsləri

XIX əsrdə Gavurarxın bərpası Mil düzünün yenidən təsərrüfat dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar aktuallaşmışdır. Xəzani kanal bərpa ediləcəyi halda taxıl, çəltik, pambıq, bağçılıq və ipəkçiliyin inkişaf etdirilməsinin mümkün olacağını yazır, ərazidə altı-yeddi min və daha çox ailənin məskunlaşa biləcəyini hesab edirdi.

Əhməd bəy Cavanşir XIX əsrin 60-cı illərində Gavurarxın yenidən istifadəsi istiqamətində təşəbbüs göstərmişdir. Tofiq Mustafazadənin məlumatına görə, o, təxminən 8 verst uzunluğunda yeni arx qazdıraraq onu Mil Gavurarxına birləşdirmişdir.

Su təsərrüfatının tarixinə dair başqa bir nəşrdə hadisə fərqli təsvir olunur: Elbrus Paşayev və Fazil Həsənov 1866-cı ildə Gavurarxın yararsız vəziyyətə düşmüş 8 km-lik hissəsinin bərpa edilərək istifadəyə verildiyini bildirirlər.

1879-cu ildə Mil düzünün suvarma imkanlarını araşdıran xüsusi komissiya ərazidə tədqiqat aparmış, Əhməd bəy Cavanşir və mühəndis Bexmanın Gavurarxın bərpasına dair təklifi qəbul edilmişdir. 1881-ci ildə layihə hazırlansa da, həyata keçirilməmişdir.

XX əsrdə yenidən qurulması

Rusiya imperiyası dövründə Gavurarxın bərpası XX əsrin əvvəllərində dövlət səviyyəsində də planlaşdırılmışdır. Rusiya Dövlət Tarix Arxivində saxlanılan 1906-cı il tarixli iş "Mil düzündə qədim Gyaur-Arx kanalının 1906–1909-cu illərdə bərpası üzrə torpaq işlərinin smetaları" () adlanır. Sənədin mövcudluğu həmin dövrdə kanalın bərpasının rəsmi şəkildə planlaşdırıldığını göstərir, lakin nəzərdə tutulan bütün işlərin 1906–1909-cu illərdə həyata keçirildiyini özlüyündə sübut etmir.

Sovet hakimiyyətinin ilk illərində Gavurarxın yenidən qurulması Mil düzünün əsas suvarma layihələrindən birinə çevrilmişdir. 1924-cü ildə "Заря Востока" qəzeti Mil düzündə Gavurarx kanalının çəkilməsinin davam etdiyini bildirirdi. Layihədə kanalın Arazdan başlaması, uzunluğunun 62 verst olması və 15 min desyatin torpağı suvarması nəzərdə tutulurdu; xəbər dərc edilən zaman 12 verstlik hissədə iş aparılırdı. Buna görə 62 verst göstəricisi tarixi Gavurarxın uzunluğu deyil, XX əsrin 20-ci illərində hazırlanmış layihənin göstəricisidir.

1930-cu ilin aprelində layihənin əsas hissələri tamamlanma mərhələsinə çatmışdı. "Заря Востока"nın 11 aprel 1930-cu il tarixli 95-ci nömrəsində Gavurarxda 12 km yeni magistral kanalın qazıldığı və 30 km-lik hissənin möhkəmləndirildiyi bildirilirdi. Bu məlumat sovet layihəsinin yalnız qədim kanalın təmizlənməsindən ibarət olmadığını, mövcud məcranın müəyyən hissələrinin bərpası ilə yanaşı yeni magistral sahələrin də yaradıldığını göstərir.

15 aprel 1930-cu ildə yeni Gavurarx suvarma kanalının baş qurğusunun şlüzləri açılaraq sistemə su buraxılmışdır. Dövrün qəzetində həmin gün baş qurğunun şlüzlərinin qaldırıldığı və yeni Gavurarx suvarma kanalına su buraxıldığı bildirilirdi.

Sonrakı "Заря Востока" materiallarında hadisə birinci Mil kanalı Gavurarxın açılışı kimi təqdim edilmişdir. Dövrün mənbələrinin 1930-cu ildə sistemə suyun buraxıldığını göstərməsi səbəbindən sonrakı ədəbiyyatda rast gəlinən 1933-cü il tarixi kanalın ilk istifadəyə verilmə tarixi kimi qəbul edilmir.