İsrail coğrafiyası — İsrail dövlətinin coğrafiyası. İsrailin coğrafiyası çox müxtəlifdir. Belə ki, ölkənin cənubunda səhra şəraiti hökm sürsə də, şimal əraziləri qarlı dağlarla əhatə olunmuşdur. İsrail Asiya qitəsinin qərbində və Aralıq dənizinin şərq sahilində yerləşir. Ölkə şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən isə Misirlə həmsərhəddir. İsraildən qərb istiqamətində Aralıq dənizi və Qəzzə zolağı yerləşir.

İsrailin ümumi sahəsi 20770,0 km²-dir ki, bunun da 445 km²-ni su sahəsi təşkil edir. Ölkə şimaldan cənuba doğru 424 km, qərbdən şərqə doğru isə 114 km məsafədə uzanır.

İsrailin cənubunun əsas hissəsini ümumi sahəsi 16 min km² olan Neqev ərazisi əhatə edir. Neqevdən şimalda Yəhudi səhrası yerləşir. Ölkənin İordaniya ilə arasında sərhəddə dünyanın ən alçaq nöqtəsi olan Ölü dəniz yerləşir. İsrailin daxilində yerləşən ən böyük göl olan Təbəriyyə gölü şərqdən Qolan təpələri ilə əhatə olunmuşdur. Qolan təpələrində yerləşən ən hündür zirvə isə Hermon dağıdır.

İsrailin coğrafiyası onlarla müxtəlif torpaq növləri olan müxtəlif bölgələri əhatə edir.

Çayları və gölləri İsrailin ən uzun və ən məşhur çayı İordan çayıdır. Bu çay Hermon dağının cənub hissəsində Antilivan dağlarından başlayır, Təbəriyyə gölündən keçərək İordaniya ilə sərhəd boyunca axıb Ölü dənizə tökülür. İordan çayının şimal qolları Dan, Banias və Hasbani çaylarıdır. Bu qollardan yalnız Dan çayı İsrailin sərhədləri daxilində yerləşir. Hasbani çayı Livan ərazisindən, Banias çayı isə Altıgünlük müharibə ərzində Suriyadan ələ keçirilmiş ərazilərdən başlayır.

Təbəriyyə gölü (digər adı ilə Kinneret) ölkənin ən böyük və ən vacib şirin su ehtiyatı hesab olunur. Dərinliyi 46 metrə çatan bu göl dəniz səviyyəsindən 207 metr aşağıda yerləşir.

Təbəriyyədən nisbətən cənub istiqamətində İordaniya ilə sərhəd boyunca dəniz səviyyəsindən 418 metr aşağıda yerləşən, uzunluğu 67 km olan Ölü dəniz yerləşir. Şimala doğru gölün dərinliyi artır.

Əhali coğrafiyası 2013-cü ilə olan məlumata əsasən İsrailin əhalisi 8 milyon nəfər idi ki, bunun da təqribən 6 milyon nəfərini yəhudilər təşkil edirdi.

Statistik məqsədlərə görə ölkə üç metropolis ərazidən ibarətdir. Bunlar Quş Dan-Tel-Əviv (3,150,000 nəfər), Hayfa (996,000 nəfər) və Beer-Şeva (531,600 nəfər) metropolisləridir. Bəziləri iddia edirlər ki, İsraildə əhalisinin sayına görə ən böyük şəhər olan Yerusəlim, həmçinin Nazaret şəhəri də metropolis ərazilərin siyahısına daxil edilməlidir. Ümumilikdə, İsraildə olan 74 şəhərdən 14-nün əhalisinin sayı 100 min nəfərdən çoxdur.

Əhalinin 76%-i yəhudilərdən, 20%-i ərəblərdən, 4%-i isə başqa millətlərdən ibarətdir. Dini baxımdan əhalinin 76%-i yəhudi, 16%-i müsəlman, 2%-i xristian, 2%-i isə druzlardan ibarətdir.

Həmçinin bax İsrail Yaxın Şərq

İstinadlar

Xarici keçidlər

Geography and Climate at the Israel Ministry of Foreign Affairs website Geography and Nature at the Israel Ministry of Tourism website Geography of Israel at the Jewish Virtual Library

Kateqoriya:İsrail coğrafiyası Kateqoriya:Fələstin coğrafiyası