Süleyman Soylu () — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016-2023).
Soylu 2015-ci ildə baş tutan ümumxalq səsverməsində Trabzon millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmiş və 2015–2016-cı illər arasında Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri olmuşdur. Ədalət və İnkişaf Partiyasına qatılmazdan öncə, 2008–2009-cu illərdə Demokrat Partiyasının sədri kimi fəaliyyət göstərmişdir.
Həyatı Süleyman Soylu əslən Trabzonludur. Orta təhsilini İstanbulda Plevne liseyində almışdır. Ardınca isə İstanbul Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. İlk dəfə 1989-cu ildə dostları ilə birlikdə şirkət təsis edərək ticarətlə məşğul olmuşdur.
Siyasi fəaliyyəti
Erkən illəri Siyasi karyerasına 1987-ci ildə başlamışdır. 1987–1990-cı illər arasında Doğru Yol Partiyasının İstanbul üzrə gənclər təşkilatının idarə heyəti üzvü və təşkilat rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə isə Qaziosmanpaşa təşkilatının idarə heyətinə üzv seçilmiş, 4 il sonra 1999-cu ildə partiyanın İstanbul şəhər təşkilatının rəhbəri olmuşdur.
Demokrat Partiyası Süleyman Soylu Doğru Yol Partiyasında önəmli vəzifələrə seçildikdə, həmin dövrdə partiya sədri və İstanbul millət vəkili olan Tansu Çillərin diqqət mərkəzində olmuşdur. Doğru Yol Partiyasının 2007 ümumxalq səsverməsindən əvvəl Anavətən Partiyası ilə birləşmə cəhdləri zamanı Mehmet Ağarın istefasından sonra keçirilən səsvermədə verilən 800 səsin 529-nu alaraq sədr seçilmişdir.15 oktyabr 2008-ci ildə keçirilən səsvermədə verilən 993 səsin 922-ni alaraq yenidən partiya sədri vəzifəsinə seçilmişdir.
Ədalət və İnkişaf Partiyası 5 sentyabr, 2012-ci ildə baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ədalət və İnkişaf Partiyasına qatılmışdır. 30 sentyabr, 2012-ci ildə Ədalət və İnkişaf Partiyası İdarə heyətinin üzvü seçilmişdir. 2015-ci ildə baş tutan ümumxalq səsverməsində Trabzon millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmişdir. 24 oktyabr 2015-ci ildə Əmək və Sosial Müdafiə naziri vəzifəsinə təyin olunmuşdur. 31 avqust 2016-cı ildən 4 iyun 2023-cü ilə kimi Türkiyə daxili işlər naziri postunu daşımışdır.
İstinadlar
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyənin daxili işlər nazirləri Kateqoriya:Türkiyə nazirləri Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Demokrat Partiyanın sədrləri (Türkiyə, 2007) Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri Kateqoriya:Erməni soyqırımının inkarçıları