Fuad Hümbət oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri (2018-ci ildən).

Həyatı Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil alıb.1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

Karyerası 2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007–2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.

2010–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.

6 fevral 2017-ci ildən 21 aprel 2018-ci ilədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.

Siyasi fəaliyyəti

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri təyin edilib.

4 mart 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilməsilə bağlı sərəncam imzalayıb.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri