Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilik- Azərbaycan Respublikası öz fəaliyyətinə başladığı dövrdə hərbi-siyasi şərait, Antantanın, Üçlər İttifaqı ölkələrinin və Sovet Rusiyasının qarşılıqlı təsirindən Xəzər bölgəsində yaranmış geosiyasi rəqabət özünəməxsus mürəkkəbliyi və gərginliyi ilə fərqlənirdi. 1918–1920-ci illərdə Avrasiyanın ən mühüm geosiyasi vəziyyətini dəyişdirən amillərdən birinə çevrilmiş Xəzər bölgəsinin qlobal hərbi-siyasi hadisələrini və dünya ölkələrinin hərbi-strateji inkişafına əsaslı təsir göstərmişdir.

Xəzər dənizi AXC 1917-ci il Fevral inqilabı Rusiya imperiyasını kökündən silkələyən ən böyük sosial-siyasi kataklizm olmuşdur. Oktyabr bolşevik çevrilişindən sonra keçmiş nəhəng imperiyanın ərazisində vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin – Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta Şərqdə Xəzər bölgəsində öz nəzarətini yaratmaq uğrunda geosiyasi mübarizə daha da güclənmiş və yeni vüsət almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar rolu oynayırdı, müharibə ərəfəsində Bakı Rusiya imperiyası neftinin dörddə üç, dünya neftinin 15 faizini verirdi. Xəzər dənizinin ən böyük limanı sayılan Bakını tutmaq Xəzər dənizinin bütün akvatoriyasını tam nəzarət altına almaq üçün geniş imkanlar açırdı. Həm də Bakıda onlarla Neftayırma zavodu və digər böyük sənaye müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların – dəmir yolunun, şose və torpaq yollarının Azərbaycan ərazisindən keçməsi Xəzər Hərbi Donanmasının Bakıda yerləşdirilməsi üçün mühüm hərbi-strateji amil hesab edilirdi. Bu bölgənin işğal olunması nəinki Qafqazın, hətta Rusiyanın cənubunun bütün təsərrüfatı, iqtisadi həyatı üçün çox ciddi təhlükə yaradırdı.

Bakı elə bir gözəldir ki, hər bir xarici sərgüzəşt axtaran onu öz doğma evimizdən oğurlamaq istəyir — həmin dövrdə keçmiş RSFSR-in xarici işlər üzrə xalq komissarı Q.V. Çiçerin belə bir ifadə ilə neft şəhərinin beynəlxalq əhəmiyyətini obrazlı xarakterizə etmişdir. Onun siyasi əleyhdarı general A.İ. Denikin xüsusilə qeyd etmişdir ki, Bakı nefti daha çox Avropa və Asiya siyasətçilərinin ağıl və diqqətlərini möhkəm cəlb etmişdir. Yazdan etibarən (1918-ci il – müəllif) çox kəskin yarışlar başlamış və müharibə sahəsində qovhaqov düşmüş və son məqsəd naminə Bakını tutmaq üçün ingilislər Ənzəlidən, Nuru paşa Azərbaycandan və almanlar isə Gürcüstandan yürüş etmişlər. 1918-ci ilin yazında yaranmış hərbi-siyasi şərait imkan vermişdir. Bu fonda Cənubi Qafqazda Rusiyanın mövqeyi əsaslı şəkildə zəifləmişdir. Nəticədə Rusiya özünün keçmiş ordu hissələrini Qafqaz cəbhəsindən çıxarmış, 3 mart 1918-ci ildə Brest-Litovskda alman-sovet müqaviləsi bağlandıqdan sonra bölgədə milli azadlıq hərəkatı daha da güclənmişdir. Bir tərəfdə Almaniya və Türkiyə, digər tərəfdə isə İngiltərə və başqaları bir-birinə qarşı mübarizə aparırdılar. Onlardan hər biri Bakıda və Xəzər hövzəsində möhkəmlənmək uğrunda qızğın mübarizə aparır və uzaq geosiyasi məqsədlərini güdürdülər. Belə bir faktı qeyd etmək lazımdır ki, hətta bir hərbi bloka daxil olan Almaniya və Türkiyənin mənafeləri bu bölgədə eyni deyildi və onların qarşılıqlı əlaqələrində açıq rəqabət elementləri müşahidə olunurdu. Türkiyənin Hərbi Komandanlığı tərəfindən Xəzər dənizi sahillərinə çıxmaq üçün Vladiqafqazı və Bakını tutmaq planlaşdırılırdı ki, bu da Qafqazın bütün müsəlman xalqlarını və Türküstanı birləşdirməyə geniş imkan verirdi. Bu dövrdə şəraitin özünəməxsus müxtəlifliyi ondan ibarət idi ki, müttəfiqlərdən Almaniya öz növbəsində Türkiyənin Xəzər dənizinə çıxmaq və onun qərb sahillərini, Bakını tutmaq planına çox qısqanclıqla yanaşırdı. Bakını tutmaq Almaniya ordusu komandanlığının strateji planlarına daxil edilmiş və baş qərargah rəisi E. Lüdendorfun şahidliyinə görə bu məqsədlə 1918-ci ilin yayında Bakıya hücum hazırlığı üçün süvari briqadası və bir neçə tabor göndərilmişdi. Almanların bu bölgədə planı bununla məhdudlaşmırdı, çünki onlar Bakını tutduqdan sonra öz qüvvələrini İranın şimalında ingilislər tərəfindən nəzarət edilən Ənzəli limanına göndərməyi, sonra İraqa və Bəsrə rayonuna soxulmaqla İran körfəzinə çıxarmağı nəzərdə tuturdular. Bu da Orta Şərqdə İngiltərənin mövqelərinə güclü zərbə endirmək demək idi. 1918-ci il may ayının sonlarında Gürcüstanda möhkəmlənmək almanlara müyəssər olmuşdu, lakin qüvvələrin çatışmazlığı ucbatından Qafqazda və Qərb cəbhələrində vəziyyətin kəskinləşməsi almanlara öz planlarını həyata keçirmək imkanı verməmişdi. Belə ki, onlar bu dövrdə öz qüvvələrini Güney Qafqaza gətirməyə (iki diviziya və bir neçə alay) və Bakıya hücum əməliyyatında iştirak etməyə çatdıra bilmədilər. Biz ordunun gətirilməsini başa çatdırana qədər Nuru Bakını tutdu, – deyə Lüdendorf təəssüflənirdi, – Bolqarıstanda davam edən sonrakı hadisələr bu hərbi hissələri Rumıniyaya göndərməyə məcbur etdi. Sözügedən mərhələdə Almaniya və Türkiyənin əsas rəqibi kimi bölgədə İngiltərə çıxış edirdi. Qara dənizdən Xəzər dənizinədək olan Batum-Bakı dəmiryol xətti üzərində türk-alman hökmranlığının yaranması, beləiklə də Xəzər dənizi sahillərində həddindən artıq qiymətli Bakı neft mədənlərinin, Qafqaz sıra dağlarının təbii sərvətlərinin, külli miqdarda taxıl ehtiyatının və pambığın müttəfiqlərin əlinə keçirilməsi imkanları haqqında fikirlər Britaniya hökumətini qorxuya salmışdı. Qeyd etmək lazımdır ki, Birinci Dünya müharibəsi illərində Bakı neft sənayesinə qoyulmuş kapital yığımının 60 faizi İngiltərənin payına düşürdü.

İngiltərə XVIII əsrdə Xəzər dənizi hövzəsində möhkəmlənməyə cəhd etmişdi. Bu barədə Londonun Tayms qəzeti xatırlatmışdır: Xəzər elə bir qovuşuqdur ki, bütün ən mühüm ticarət yollan buradan keçir. Əgər biz bu mühüm dənizə indi birbaşa diqqət yetirməyə başlamışıqsa, bu о demək deyil ki, onun ticarət və siyasi əhəmiyyəti haqqında əvvəllər biz heç nə bilmirdik. Bu barədə biz çoxdan bilirdik. Xəzər ən qədimdən etibarən Britaniyanın maraq dairəsində olmuşdur. İngiltərənin əvvəlki planlarının Xəzər bölgəsində həyata keçirilməsi üçün Rusiyada baş verən hadisələr, vətəndaş müharibəsinin törədilməsi və Qafqazda milli hərəkatın geniş vüsət alması real imkanlar yaratmışdı. 23 dekabr 1917-ci ildə Parisdə İngiltərə və Fransa arasında bağlanmış müqavilənin gizli şərtlərinə görə Rusiya hərəkət zona larına bölünmüşdür. İngiltərənin payına Don, Qafqaz, Türküstan düşmüşdür. İngiltərə kabineti Bakıya və Xəzər bölgəsinə böyük hərbi, siyasi və iqtisadi əhəmiyyətə malik olduğuna görə xüsusi diqqət yetirirdi.1917-ci ilin dekabrında İngiltərə kabineti Bakıya və Güney Qafqaza müdaxiləçi ordu göndərmək barədə qərar qəbul etmişdi.

Öz növbəsində Britaniyanın Hindistandakı və Orta Asiyadakı ordusunun ali komandanlığı Bakının hərbi-strateji, siyasi və iqtisadi cəhətdən əhəmiyyətini xüsusi qeyd edərək onu Mərkəzi Asiyaya və Yaxın Şərqə açılan qapıların açarı kimi qiymətləndirmişdir. Habelə hər vəchlə səy göstərmişdir ki, Almaniya və Türkiyə orduları Bakı neftinə və ümumiyyətlə, Xəzərin qərb sahillərinə yaxın buraxılmasın. Şimali İranda yerləşən Britaniya ordusunun keçmiş komandanı general-mayor Layonel Denstervil öz xatirələrində yazmışdır:Bizim planımız Xəzər dənizi üzərində üstünlüyə nail olmaq idi, ancaq biz bu məqsədə yalnız Bakını işğal etməklə çata bilərdik, deməli, şəhəri başqalarının işğalından müdafiə etmək vacib sayılırdı (Türkiyə ordusu nəzərdə tutulurdu – müəllif). Bakının əhəmiyyəti çox böyükdür və onu ələ keçirmək üçün göstərilən hər bir cəhd özünü doğruldar. 1918-ci ilin əvvəllərində ingilislər tərəfindən Bağdadda sözügedən planın həyata keçirilməsi üçün xüsusi məxfi şəraitdə çox da böyük olmayan, ancaq seçmə dəstələr, 41 ədəd Ford markalı minik və yarımyük avtomobilinə mindirilmiş hərbi ekspedisiya hazırlanmışdı. Bu dəstə əvvəllər Hindistanda birinci piyada briqadasının komandiri vəzifəsində xidmət etmiş rəhbərin adı ilə Denstervil Forsez adlandırılmışdı. İngilislər 1918-ci ilin yayında Şimali İranın Ənzəli limanını tutaraq güclü şəkildə hazırlaşırdılar. Əgər Bakıda bolşeviklərin əleyhdarı olan sağ eser-menşevik-daşnak bloku çevriliş edə bilsəydi, (Denstervil onlarla daim əlaqə saxlayırdı), onda öz qoşunlarını buraya çıxarmalı idilər. Sonralar ingilis generalı yazırdı: Bakı ilə mənim əlaqəm, demək olar ki, hər gün kuryer vasitəsilə qaydaya salınmışdı. Bizim dostumuz olan sosialist-inqilabçılar, mənə elə gəlir ki, yaxın vaxt ərzində dövlət çevrilişi etmək, yəni bolşevik hakimiyyətini devirmək, Bakıda yeni idarə forması yaratmaq və ingilisləri köməyə çağırmaq imkanına malikdirlər. İngilis generalı ilə eyni zamanda ermənimilli şurasının nümayəndələri də əlaqə yaratmışdılar. Onlar 1918-ci ilin yayında həm Bakıya hücum edən türk-azərbaycanlı Qafqaz İslam Ordusu, həm də alman ordusunun komandanlığı ilə danışıqlar aparmaq üçün vəziyyəti yoxlayırdılar. 1918-ci ilin yaz və yayında Bakıda fəaliyyət sahəsini daha da genişləndirmiş Britaniya kəşfiyyatçıları –konsul A. Mak-Donell, R. Tiq-Cons, Stoks, Klaterbak, Roulinqson və başqaları Bakı Soveti Xalq Komissarlığında müxalif siyasi qüvvələrlə əlaqə saxlayırdılar. 1918-ci il iyun ayının ortalarında Bakıda Xəzər hərbi donanmasının iştirakı ilə çevriliş etmək cəhdini ingilis konsulu Mak-Donell gizli müdafiə etmişdi. Lakin dənizçilər sui-qəsdçilərə kömək etməmiş və çevriliş cəhdi müvəffəqiyyətsizliyə uğramışdı. 1918-ci ilin yayında ingilislər Xəzər dənizi üzərində öz nəzarətini yaratmaq üçün fəaliyyətlərini gücləndirirdilər ki, bu da Xəzər bölgəsində onların hərbi-strateji planlarında xüsusi yer tuturdu.Britaniyanın hərbi naziri A. Milner 1918-ci ilin iyununda Mesopotamiyadakı ingilis ordusunun komandanlığına məlumat vermişdi ki, Əlahəzrətin hökuməti Xəzər üzərində daimi nəzarətin saxlanmasına mühüm əhəmiyyət verir. Həm də ingilislər belə hesab edirdi ki, dəniz üzərində nəzarət kimə məxsusdursa, о da Bakıya sahib olmalıdır. L. Denstervil və U. Mallesonun hərbi ekspedisiyasının qarşısında qoyulan əsas tapşırıq da bununla əlaqədardır. Odur ki, onlar Xəzər dənizinin ən böyük limanlarını – Ənzəli, Bakı və Krasnovodsku (indiki Türkmənbaşını) işğal etməli və bütövlükdə Xəzər donanmasını ələ keçirməli idilər. Birincisi, bu imkan verərdi ki, onların barışmaz rəqibi olan Almaniya və Türkiyənin Yaxın və Orta Şərqdə mövqeyi əsaslı şəkildə zəifləsin, türk-alman ordusunun İranın qərbindən keçməsinin və Xəzər vilayətləri vasitəsilə Xorasana və Hindistana yürüşlər etməsinin qarşısı alınsın. İkincisi, Şərqdəki müstəmləkələrinə Sovet Rusiyasından gözlənilən real inqilabi bolşevik təhlükəsinin qarşısı alınardı. Və nəhayət, üçüncüsü, Xəzər dənizi üzərində nəzarətin yaradılması ingilislərə imkan verərdi ki, öz qoşunlarının cinahlarını Güney Qafqazda və Türküstanda təmin etsin və beləliklə də Şimali Qafqazda ağqvardiyaçı general Denikinin və Uralda admiral Kolçakın ordusu ilə əlaqə yaratsın, onların Volqa çayının mənsəbində birləşməsini təmin etsin və bu yolla Rusiyanın bütün cənub tərəfinin mərkəzi rayonlarla əlaqəsini kəssin.

Sovet Rusiyası Bakıya və bütövlükdə Xəzər dənizi bölgəsinə çox mühüm əhəmiyyət verirdi. Sovet hökumətinin başçısı V. İ. Lenin 1918-ci il mart ayının ikinci yarısında Kremldə Amerikanın Qırmızı Xaç Cəmiyyətinin Rusiyadakı hərbi missiya rəhbəri polkovnik R. Robinski ilə söhbətində qeyd etmişdir: Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir ? Bu, neft, işıq və enerjidir.