Aza Həsən qızı Rəhmanova (; ) — Azərbaycan əsilli sovet və Rusiya həkim-infeksionisti, HİV-infeksiya və yoluxucu hepatologiya sahəsində aparıcı mütəxəssis, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri (1986–2001), Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti (1984-cü ildən ömrünün sonunadək), tibb elmləri doktoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi (1998).

O, Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi.

"QİÇS. Seks. Sağlamlıq" () jurnalının təsisçisi və baş redaktoru, "HİV infeksiya və immunosupressiyalar" () jurnalının isə baş redaktorunun müavini olub.

11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqaləsinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir.

Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub. Onun tələbələri dünyanın müxtəlif ölkələrində çalışırlar.

Həyatı

Erkən həyatı

Aza Rəhmanova 17 sentyabr 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Həsən Paşa oğlu Rəhmanov Azərbaycan atıcı diviziyasının komissarı, sonralar Xəzər gəmiçiliyinin siyasi şöbəsinin rəisi, Azərbaycan SSR-nin mədəniyyət üzrə xalq komissarı, Azərbaycan Kommunist Partiyasının Naxçıvan vilayət komitəsinin birinci katibi kimi vəzifələrdə çalışmışdır. O, 1937-ci ildə həbs olunaraq repressiya olunmuş və 3 il sonra həbsxanada vəfat etmişdir. Aza Rəhmanovanın əmiləri — Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Hüseyn Rəhmanov və Lətif Rəhmanov da repressiyaya məruz qalıblar. Anası Həvva Rəhmanova (Hüseynbəyova) ixtisasca həkim olub. O, Qazaxıstan SSR-nin Semipalatinsk vilayətində baş terapevt, sonralar isə ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında dosent vəzifəsində çalışmışdır.

Aza Rəhmanova həyatının ilk illərini Bakı qalasında keçirib. Bir müddət sonra o, ailəsi ilə birlikdə Zevin küçəsində (indiki Əziz Əliyev küçəsi) yerləşən binaya köçüb və 1941-ci ilin oktyabrınadək burada yaşayıb. 1941-ci ildə anası və bacısı ilə birlikdə Altay diyarındakı Sintaş mədəninə, oradan isə Qazaxıstana sürgün olunub. Orta məktəbi Qazaxıstanda — Semipalatinsk şəhərində bitirib. Məktəbdə oxuyarkən Veniamin Kaverinin "Açıq kitab" və "Həkim Vlasenkova" kitablarından təsirlənərək həkim-mikrobioloq-infeksionist olmağı arzulayıb.

Təhsili və işi 250px|thumb|right|Aza Rəhmanova Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetini 1955-ci ildə fərqlənmə diplomu ilə bitirib (foto, 2015-ci il). Aza Rəhmanova 1949-cu ildə Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetininin müalicə fakültəsinə daxil olmuş, 1955-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə olarkən yoluxucu xəstəliklər kafedrasının tələbə elmi cəmiyyətinin rəhbəri olmuş, 1952-ci ildən isə S. P. Botkin adına kliniki infeksion xəstəxanada tədqiqatlar aparmışdır. 1955–1957-ci illərdə Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının kliniki ordinatoru olub, eyni vaxtda N. F. Filatov adına uşaq xəstəxanasının və S. P. Botkin adına kliniki infeksion xəstəxananın bazalarında işləyib. Kliniki ordinaturadan sonra Semipalatinsk vilayətinə qayıdıb və xəstəxanalarda və poliklinikada infeksionist işləyib.

1959-cu ildə uzunmüddətli sürgündən sonra Bakıya qayıdır. 1959–1961-ci illərdə Prokofi Caparidze adına 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasında və 11 saylı şəhər poliklinikasında həkim-infeksionist vəzifəsində çalışmışdır. 1961–1964-cü illərdə direktoru Əziz Əliyev olan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir.

1964-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Botkin xəstəliyinin sarılıqsız və silinmiş formaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Bakıda namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra 1965-ci ildə Leninqrada — Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinə qayıdaraq əmək fəaliyyətinə başlayıb. O, yoluxucu xəstəliklər kafedrasında ardıcıl olaraq baş laborant, assistent və dosent kimi çalışıb.

1972-ci ildə "Virus hepatiti zamanı qaraciyər koması" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bundan sonra yoluxucu xəstəliklər kafedrasının professoru vəzifəsinə seçilir. Çox keçmədən isə ona professor elmi adı verilir.

1984-cü ildə Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti vəzifəsinə təyin olunub. Aza Rəhmanova yeni elmi istiqamətə — daha çox yayılmış ləng infeksiyaların və ciddi epidemioloji xəstəliklərin inkişaf amillərinin öyrənilməsi, həmçinin onun tərəfindən yaradılmış yeni təşkilati strukturlar — çoxprofilli infeksion stasionarlar (cərrahiyyə və doğum şöbələri ilə), reanimasiyalar və poliklinikaların infeksion-parazit xəstəliklər və immunoprofilaktika şöbələri şəraitində onların müalicə üsullarının təkmilləşdirilməsi işlərinə rəhbərlik edirdi.

1986-cı ildə müsabiqə yolu ilə seçilərək, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri vəzifəsinə təyin olunub. Kafedra onun rəhbərliyi altında HİV infeksiyası və virus hepatitləri üzrə ölkənin aparıcı kafedrası olmuşdur. Rəhmanova 2001-ci ilə qədər — 15 il müddətində bu kafedranın müdiri olmuşdur.

Aza Rəhmanova sonralar Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti vəzifəsi ilə paralel olaraq, həm də, Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinin sosial əhəmiyyətli infeksiyalar kafedrasında professor, hamilə qadınlarda və uşaqlarda HİV-infeksiyanın profilaktikası və müailicəsi üzrə Federal Elmi-Metodik Mərkəzdə elmi rəhbər və QİÇS və yoluxucu xəstəliklərlə profilaktika və mübarizə üzrə mərkəzin baş həkiminin müalicə, elmi işlər və keyfiyyətə nəzarət üzrə müavini vəzifəsində çalışmışdır.

Təşkilatçı fəaliyyəti 250px|thumb|left|Aza Rəhmanova Dünya Azərbaycanlılarının I Qurultayı zamanı Heydər Əliyevlə görüşür. 1973-cü ildə Rəhmanovanın təşəbbüsü ilə SSRİ-də ilk dəfə olaraq S. P. Botkin adına kliniki infeksion xəstəxanada intensiv terapiya palataları təşkil olunmuşdur.

1976-cı ildə Rəhmanovanın təşəbbüsü ilə xroniki hepatit xəstələrinin mərhələli müalicəsi sistemi yaradılıb.

Rəhmanovanın təşəbbüsü ilə S. P. Botkin adına kliniki infeksion xəstəxanada 1987-ci ildə QİÇS kliniki mərkəzi, 1988-ci ildə infeksion-cərrahiyyə bölməsi, 1998-ci ildə isə tibbi-sosial xidmət təşkil olunmuşdur.

1988-ci ildə Rəhmanovanın təşəbbüsü ilə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının nəzdində QİÇS-in laboratoriya diaqnostikası kursu açılıb.

1991-ci ildə Rusiyanın Ust-İjora qəsəbəsində HİV-infeksiya və QİÇS üzrə Rusiya kliniki mərkəzinin yaradılmasında iştirak etmişdir.

1999-cu ildə HİV-infeksiyasından əziyyət çəkən hamilə qadınlar və uşaqlar üçün Elmi-Praktik Mərkəzin açılmasında iştirak etmişdir.

1999–2000-ci illərdə QİÇS üzrə Kanada-Rusiya layihəsində supervayzerlik etmişdir.

2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı zamanı nümayəndə qismində iştirak etmişdir.

Rəhmanova "QİÇS, Statistika, Sağlamlıq" Regional İctimai Təşkilatının direktoru qismində HİV/QİÇS və digər aktual infeksiyaların profilaktikası üzrə 20-dən çox beynəlxalq layihənin rəhbəri və iştirakçısı olmuşdur.

Elmi fəaliyyəti 200px|thumb|right|"QİÇS. Seks. Sağlamlıq" jurnalının yubiley — 100-cü buraxılışının üz qabığı. Aza Rəhmanova Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, Beynəlxalq İnsan Haqları Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi.

O, 1991-ci ildən nəşr olunmağa başlayan "QİÇS. Seks. Sağlamlıq" () elmi-populyar jurnalının təsisçisi və baş redaktoru, "HİV infeksiya və immunosupressiyalar" () jurnalının isə baş redaktorunun müavini olub.

Professor Aza Rəhmanova — 11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqalələrinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir.

Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub. Onun tələbələri dünyanın müxtəlif ölkələrində — Rusiya, ABŞ, Kanada, Almaniya, Norveç, Finlandiya, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Yəməndə çalışırlar. Onlara misal olaraq — professor, Skryabin adına Moskva Dövlət Veterinar Təbabət və Biotexnologiya Akademiyasının rektoru (1998–2008) Yevgeni Voronini, professor, "Azərbaycan Respublikasının əməkdar həkimi" Nisəxanım Mirişlini, Saxa Respublikasının baş infeksionisti Snejana Slepsovanı və başqalarını qeyd etmək olar.

Şəxsi həyatı Birinci həyat yoldaşı Nikolay Vinoqradov olub. Bu nikahdan qızı — tibbi elmlərin doktoru, professor, QİÇS və yoluxucu xəstəliklərlə profilaktika və mübarizə üzrə Sankt-Peterburq mərkəzinin yaradıcısı və rəhbəri Yelena (1955–2007) dünyaya gəlib. Aza Rəhmanova ailə qurduqdan sonra həyat yoldaşının soyadını qəbul etsə də, boşandıqdan sonra yenidən qızlıq soyadına qayıdıb.

İkinci həyat yoldaşı — əslən bakılı, SSRİ Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasında xidmət etmiş, birinci dərəcəli kapitan Yevgeni Borisov olub.

Vəfatı və xatirəsi 220px|thumb|left|ABŞ-nin Rusiyadakı səfirliyi Aza Rəhmanovanın vəfatı ilə əlaqədar başsağlığı verib. Ağır insultla xəstəxanaya yerləşdirilmiş Rəhmanova, 18 noyabr 2015-ci ildə dünyasını dəyişib. Onunla vida mərasimi S. P. Botkin adına kliniki infeksion xəstəxananın patoloji anatomiya şöbəsində keçirilib. Aza Rəhmanova Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda yerləşən Bolşeoxtinsk qəbiristanlığıda dəfn olunub.

20 noyabr 2015-ci ildə, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin ictimai sağlamlıq və kommunikasiyalar Departamentinin direktoru Oleq Salaqay, nazirlik adından QİÇS və yoluxucu xəstəliklərlə profilaktika və mübarizə üzrə Sankt-Peterburq mərkəzinə Aza Rəhmanovanın vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli həmkarlar! İcazə verin, görkəmli alim, istedadlı pedaqoq və gözəl insan — Aza Həsənovna Rəhmanovanın həyatdan getməsi ilə əlaqədar Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verim. Aza Həsənovna bizim ölkəmizdə HİV-lə mübarizənin təməlində dayananlardan olub. Onun HİV-ə yoluxmuş insanlara tibbi yardımının möhkəm bünövrəvi keyfiyyəti və əlçatanlılığı baxımından töhfəsi tərifə layiqdir. Aza Həsənovnanın rəhbərliyi altında HİV-infeksiya üzrə güclü mütəxəssislər məktəbi formalaşıb və bu gün biz inamla deyə bilərik ki, Aza Həsənovna tərəfindən başladılmış iş, onun şagirdləri tərəfindən müvəffəqiyyətlə davam etdiriləcək. Acınızı paylaşırıq və xahiş edirik bizim başsağlığımızı Aza Həsənovanın doğmalarına və yaxınlarına çatdırasınız."