Naxçıvan coğrafiyası — Naxçıvan Muxtar Respublikasının coğrafiyası.
Landşaft qurşaqları Azərbaycanın Naxçıvan MR ərazisində az bir sahədə mütləq yüksəkliyin kəskin dəyişməsi (600–4000 m) şaquli istiqamətdə landşaft qurşaqlarının yaranmasına səbəb olmuşdur. Naxçıvan MR-in landşaftı struktur cəhətdən istər şaquli, istərsə də üfiqi istiqamətdə dəyişir. Landşaftın mərkəz hisşədən cənub-şərq və şimal-qərb istiqamətdə dəyişməsi ilə əlaqədar olaraq onun şaquli zoanllığını struktur cəhətdən akademik B.Ə.Budaqovla S.Babayev üç sahəyə bölmüşdür: Şərur yüksəklik landşaft qurşağı Naxçıvan yüksəklik landşaft qurşağı Ordubad yüksəklik landşaft qurşağı
Şərur yüksəklik landşaft qurşağı Şərur yüksəklik landşaft qurşağı strukturunun şərq sərhəddi Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti üzrə keçir. Burada mütləq yüksəklik 2000 metrdən artıqdır. Şərur yüksəklik qurşağı strukturlarında orta illik temperatur 10–11 dərəcəyə, orta illik yağıntı isə 300–400 mm-ə çatır. Belə iqlim şəraiti ərazidə, əsasən yarımsəhra landşaftı yaradır. Yüksək dağ çəmənlikləri, dağ-çəmən-çimli torpaqlar yoxdur. Boz qonur şoranlaşmış torpaqlar bir zolaq şəklində alçaq dağlıq qurşağın yüksək hissəsi boyu uzanır. Bu torpaq az bir hissədə-şərqdə Naxçıvan strukturu ərazisində daxil olur. Yovşanlı-şoranlı yarımsəhra daha geniş sahə tutur və Şərqi Arpaçay boyunca şimal-şərqə doğru uzanır. Dağüstü kserofitlər dar bir zolaq şəklində orta dağlıq qurşağın yüksək hissəsini əhatə edir.
Naxçıvan yüksəklik landşaft qurşağı Naxçıvan yüksəklik şaquli strukturu Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti ilə Aza-Daşbaşı-Səfərdərə xətti arasında qalan sahəni əhatə edir. Burada dağlıq ərazinin eni (Araz çayı ilə Biçənək aşırımı arasında) 60–65 kilometrdir. Dağların ucalığı 800 metr ilə 4000 metr arasında tərəddüd edir. Nəticədə Şərur şaquli strukturundan fərqli olaraq burada xüsusi şaquli qurşaq yaranır. Yayı quraq keçən soyuq yarımsəhra və quru bozqır, yayı quraq keçən soyuq və dağ tundra iqlimi mövcuddur. İllik günəş radiasiyası 145–160 kkal/kv.sm-ə çatır ki, buna da Azərbaycan ərazisinin qalan hissələrində rast gəlinmir. Havanın illik orta temperaturu 2–14,5 dərəcə, illik yağıntı isə 200 mm-dən 900 mm-ə qədərdir. Düzənlik sahədə hava temperaturunun mütləq minimumu mənfi 30 dərəcə, maksimumu isə 43 dərəcədir. Göründüyü kimi, Naxçıvan landşaftı strukturu daxilində təbii qurşaqların sayı artır və mürəkkəbləşir. Nəticədə burada boz, dağ-şabalıdı, dağ-meşə qəhvəyi tipik və qələviləşmiş, dağ çəmən-çimli torpaq tiplərinə; yovşan-şoran, dağ kserofit, meşədən sonra bozqırlaşmış çəmən, yüksək dağlıq alp və subalp çəmənləri bitkilərinə rast gəlinir. Bu struktur daxilində landşaft qurşaqları bir qədər geniş sahəni əhatə edir.
Ordubad yüksəklik landşaft qurşağı Ordubad yüksəklik qurşaq strukturu Aza-Daşbaşı-Səfərdərə xəttindən şərqə Araz-Kilit xəttinə qədər uzanır. Bura, əsasən, yayı quraq keçən soyuq iqlimə malikdir. Havanın illik orta temperaturu 5–14 dərəcə, illik yağıntı isə 800–900mm-ə çatır. Düzənlikdə havanın illik mütləq minimum temperaturu mənfi 22–30 dərəcə arasında tərəddüd edir. Ordubad yüksəklik strukturunun düzənlik hissəsində allüvial-çəmən karbonatlı torpaqlar əsas yertutur. Dik qayalı yamaclarda dağ-şabalıdı, dağ-meşə qəhvəyi və dağ-çəmən torpaqları ensiz bir sahəni əhatə edir. Ordubad yüksəklik strukturunun Naxçıvan yüksəklik strukturundan fərqli olmasının əsas səbəblərindən biri də Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yamacların dik, uçurumlu, səth sularının az, torpaq qatının zəif, bitki örtüyünün çox seyrək, hidrogeoloji şəraitin əlverişsiz olmasıdır. Naxçıvan yüksəklik strukturunda yamaclar az meylli, torpağın nisbi nəmlənməsi artıq, bitki örtüyü zəngin, çay şəbəkəsi qismən sıx, hidrogeoloji şərait isə əlverişlidir. Naxçıvan MR yüksəklik strukturunun təhlilindən aydın olur ki, ərazidə landşaft ancaq şaquli istiqamətdə deyil, üfiqi istiqamətdə də dəyişir.
Düzləmə səthləri Naxçıvan Muxtar Respublikası müasir relyefinin səciyyəvi cəhətlərindən biri, ərazinin hər yerində relikt düzəlmə səthlərinin yayılmasıdır. Hazırda onlar müxtəlif yüksəkliklərdə yerləşirlər. Relyefdə onlar kiçik plato şəklində müşahidə olunurlar.
Naxçıvan MR ərazisinin düzəlmə səthləri Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamacları boyunca yayılıblar. Dərələyəz silsiləsində şərqdən qərbə və Zəngəzur silsiləsində şimal-qərbdən cənub-şərqə müxtəlif hipsometrik hündürlüklərdə bir-birinə yaxın yerləşən ayrı-ayrı relyefin düzəlmə səthləri inkişaf ediblər. Dərələyəz silsiləsinin cənub yamacı boyu düzəlmə səthləri Naxçıvançay hövzəsində dəqiq əks olunurlar. Onlardan biri, 2200 m yüksəkliyində Naxçıvançayın sağ qolları arasında yerləşir.
Almalıdağdan qərbə, Naxçıvançayın sağ – Küküçay və Sələsuzçay qolları arasında, 2000 m səviyyəsində düzəlmə səthi yerləşib. Onun relyefi bir qədər dalğalıdır, şimal-qərb hissəsi isə təpəlidir.
Dəhnədağ ərazisində 1800 m yüksəkliyində, üzəri valun və çaydaşı ilə təşkil olunan düzəlmə səthi yerləşir. Səthin ümumi meyilliyi cənuba, Naxçıvançayın dərəsinə doğrudur. Düzəlmə səthi qərb və cənubda ortadağlığın intensiv parçalanmış relyefinə sərt qırılır.
Dəhnədağdan şimal-qərbə, 1800 m yüksəkliyində, Cəhriçayın qolları arasında düzəlmə səthi yerləşir. Onun cənub qurtaracağı relyefdə sərt ifadə olunan pillə ilə məhdudlaşır, Cəhriçay dərəsinə doğru istiqamətlənmiş şimal-qərb yamacları isə intensiv parçalanıblar. Bu düzəlmə səthi arxa hissəsi ilə Dərələyəz silsiləsinin sərt parçalanmış cənub yamaclarına dirənirlər.
Naxçıvan MR kənar şimal-qərb hissəsində Bağırsağdərə çayının yüksəklikləri özündə 1800 m səviyyəli düzəlmə səthini təşkil edir hansı ki, dayaz-dalğavari relyef və deformasiyalarla səciyyələnir.
1100–1200 m səviyyəli düzəlmə səthlərinin fraqmentləri relyefdə Lizbirtçayın (Cəhriçayın sağ qolu) sağ sahili boyu, şimal-qərbdən cənub-şərq istiqamətində qalıq şəklində yaxşı ifadə olunurlar. Duzdağ platosu da həmən səviyyəli (1200 m) düzəlmə səthlərinə aiddir. Duzdağın cənub hissəsinin səthi daha intensiv və dərin parçalanma ilə fərqlənir.
Zəngəzur silsiləsinin qərb yamaclarında yerləşən düzəlmə səthləri 2000 m yüksəkliyində Naxçıvançayın sol qolları (Zərnətun və Gömür çayları) arasında müşahidə olunur. Naxçıvançayın sol sahili boyu, Qoturdağ ərazisində, 2000 m səviyyəsində, Naxçıvançayın dərəsinə meyilli düzəlmə səthi yaxşı seçilir.
Nursu kəndi ərazisində 1800 m səviyyəsində düzəlmə səthi yerləşir. Onun cənub-qərb hissəsi Nursuçayın dərəsinə doğru qırılır, şimal və şərq hissələri isə ortadağlığın hündür terraslaşdırılmış yamacları ilə sərhədlənir. Nursuçayın yüksəklikləri səthi iki hissəyə bölür.
1800 m yüksəkliyində, Nursuçay və Şahbuzçay arasındakı ərazidə hamar relyefə malik düzəlmə səthi yerləşir. Şahbuz çayının sol sahilinin böyük hissəsini 2000 m səviyyədəki düzəlmə səthi tutur. Onun şimal hissəsi Zəngəzur silsiləsinin yan qollarının ətəklərinə sıx yaxınlaşır.
2000 m səviyyədəki düzəlmə səthləri kiçik fraqmentlərlə Gilənçayın, Qaradərənin və qismən Əlincəçayın yüksəklikləri daxilində geniş yayılıblar.
Araz çayı depressiyası boyu yerləşən və allüvial-prolüvial çöküntüləri ilə örtülü olan, qədim öndağ maili düzənlikləri hal-hazırda kəskin parçalanıblar və dağların ümumi qalxma hərəkətinə qoşulublar. Onların səthi cənuba, Araz çayının dərəsinə doğru meyillidir. 800–1000 m yüksəkliyində yerləşirlər. Bu, Naxçıvan MR-nın ən cavan səthidir və parçalanmaya məruzdur.
Zəngəzur silsiləsinin qərb və Dərələyəz silsiləsinin şimal-şərq yamaclarında, 2400 m səviyyəsində, ərazinin ən yüksək düzəlmə səthləri qeyd olunur.
Naxçıvan MR-nın düzəlmə səthlərinin formalaşmasında eroziya və denudasiya iştirak ediblər. Düzəlmə səthlərinin morfoloji təhlilindən məlum olur ki, onların nisbi hündürlüyü suayrıcıya doğru tədricən artır və cənuba – Araz çayının dərəsinə doğru azalır, bu Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələrinin qalxmasını sübut edir.
Naxçıvançay hövzəsinin orta axınlarında yerləşən təhlil olunan düzəlmə səthləri, relyefdə sərt uçurum yamaclı qalıq plato kimi əks olunurlar.
Yüksək və ortadağlığ daxilində saxlanılan, çay və onun qolları ilə kəskin parçalanan düzəlmə səthlərinin uçurumlu yamaclarında intensiv yamac prosesləri yaxşı ifadə olunurlar. Bundan savayı, Naxçıvan daxilində müxtəlif hipsometrik yüksəkliklərdə düzəlmə səthlərinin geniş yayılması, burada fasiləli qalxma və uzun müddətli zəif qalxma hərəkətlərinin olmasını sübut edir. Onların intensiv parçalanması, düzəlmə səthlərinin yaranmasından sonra denudasiya proseslərinin böyük güclə cərəyan etməsi barədə deyir. Naxçıvanın dağlıq hissəsinin düzəlmə səthlərinin ümumi sahəsi 220 km2 təşkil edir.Абасов М.А. – Геоморфология Нахчыванской АССР. Баку: Элм, 1970, 149 с.,Антонов Б.А. – Общая характеристика рельефа // В сб.: Рельеф Азербайджана. Баку, 1993, с. 8–17,Будагов Б.А. – Общая характеристика рельефа Азербайджана // В сб.: Рельеф Азербайджана. Баку: Элм, 1993, с. 17–20.
Oroqrafiya Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşən və tipik dağlıq ərazi olan Naxçıvan MR-in oroqrafiyası başlıca olaraq düzənlik və dağlıq hissədən ibarətdir. Onun dəniz səviyyəsindən orta yüksəkliyi 1400 metrə bərabərdir. Muxtar Respublika ərazisinin mütləq yüksəkliyinin amplituda fərqi 600 metrlə (Kotam yaxınlığında Arazın vadisi) 3906 metr (Qapıcıq zirvəsi) arasında tərəddüd edir. Ərazinin üçdə bir hissəsini təşkil edən və respublikanın ən alçaq sahəsi hesab edilən Arazboyu düzənliyin orta yüksəkliyi 800 metrə yaxındır. Ərazinin üçdə iki hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşməklə, 20 faizinin mütləq yüksəkliyi 2000 metrdən artıqdır. N.İ.Şelepnevin hesablamasına əsasən Naxçıvan MR səthini yüksəkliyinə görə aşağıdakı qaydada bölmək mümkündür. Mütləq yüksəkliyi (m-lə)Sahə (kv. km-lə)Faizlə600–1000172032,91000–1500160030,51500–2000102819,52000–25005009,52500–30003206,13000 metrdən artıq801,5 Naxçıvan MR-in aşağı düzən zonasını təşkil edən Arazboyu qurşaq Muxtar respublikanın 600–1000 metr yüksəklikdə yerləşən geniş sahəsini əhatə edir. Bu sahə şimal-qərbdə Sədərək düzündən başlayıb Ordubad rayonu ərazisində, Kotam yaxınlığında dar zolaq şəklində yüksək dağlar tərəfindən Arazın sahilinə sıxışdırılır. Düzənlik hissə Araz çayı ilə alçaq dağlıq arasında yerləşməklə gah geniş, gah da dar sahəni əhatə edir.
Naxçıvan MR-nın dağlıq hissəsi, əsasən Zəngəzur və Dərələyəz sıra dağlarından və digər çoxsaylı yan qollardan ibarət olan böyük ərazini tutur və 1000–3900 m mütləq hündürlüklərdə yerləşir.
Dağlıq relyefin parçalanma dərəcəsi eyni olmayıb dərinliyi süxurların litoloji tərkibindən və ərazinin geoloji quruluşundan asılıdır. Öndağlıq üçün, Muxtar Respublikanın şərq yarısında yerləşən struktur-denudasion platoların inkişafı səciyyəvidir.
Naxçıvan MR-nın ərazisi, devondan antropogenə kimi, uzun geoloji inkişaf mərhələsi keçib.
Muxtar Respublikanın relyefində, aşağıda sadalanan, eyni zamanda buranın iri morfostruktur vahidləri olan, əsas oroqrafik elementlər ayrılır:
Arazboyu düzənlik Muxtar respublika ərazisinin 32 faizini təşkil edərək şimal-qərbdə Ermənistanın Ararat düzənliyilə birləşir. Bu qurşaq bütöv bir düzenlik halında ölmayıb, respublika daxilində bir neçə yerdə-Dərələyəz və Zəngəzur dağlarının meridian istiqamətində uzanan qolları və ya yüksəklikləri vasitəsilə bir sıra maili düzənliklərə (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Ordubad və s.) ayrılır.
Sədərək düzü
Muxtar respublikanın şimal-qərbində Ermənistanın Ararat çökəkliyi ilə sərhədlənən və Dəhnə-Vəlidağ yüksəkliyinədək uzanan Sədərək düzü cənubdan Arazla, şimal-qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə sərhədlənir.