Məhəmməd İltizam oğlu Əmənov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Məhəmməd Əmənov 1996-cı il, sentyabrın 18-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.

2014-cü ildə orta təhsilini başa vurub.

2015-ci ildə Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2015–2016-cı illərdə N saylı hərbi hissədə xidmət edib.

Ehtiyata buraxıldıqdan sonra, Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun müvafiq əmrinə əsasən "gizir" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 4 il ərzində tank bölüyünün tank taqımının tank komandiri vəzifəsində xidmət edib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı cəbhənin Tərtər-Ağdərə istiqamətlərində, həmçinin Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 20-də Tərtər rayonu ərazisində, Şıxarx istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Subay idi.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar