Odina Əliyeva (bir müddət: Bayramova; ) — azərbaycanlı voleybolçu, Azərbaycan qadın milli voleybol komandasının kapitanı və Jakarta Elektrik PLN komandasının üzvü.

Voleybol üzrə Azərbaycan Superliqasının 2015–2016-cı illər mövsümünün "ən yaxşı top qəbul edən"i, mövsümün final mərhələsinin isə "ən dəyərli oyunçusu" seçilib.

2016-cı ildə qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunları çərçivəsində, üzvü olduğu "Il Bisonte Firenze" və "Yamamay" klubları arasında keçirilən qarşılaşmanın "ən dəyərli oyunçu"su seçilib. Türkiyənin "Seramiksan" voleybol komandasına transferi zamanı, İtaliyanın "iVolleyMagazine" idman jurnalı onu, "Marko Bracçinin (komandanın məşqçisi) Il Bisonte Firenzesinin ən böyük qəhramanlarından biri" adlandırıb.

Bütün zamanların, ən yaxşı 55733 nəfər qadın valeybolçuları arasında 812.85 xalla 1412-ci yerdə, 2023-cü ilin 18407 nəfər ən yaxşı qadın voleybolçuları arasında isə 40 xalla, 179-cu yerdədir.

Bioqrafiyası Odina Əliyeva 22 may 1990-cı ildə Özbəkistanın Buxara vilayətinin, Navoy şəhərində doğulub.

Klub karyerası

2010. Şahdağ-Şirvan QVK Odina Əliyeva peşəkar karyerasına 2010-cu ildə Şahdağ-Şirvan QVK ilə başlayıb. Həmin il, 2010–2011 mövsümündə Şahdağ-Şirvanla Voleybol üzrə Azərbaycan Superliqasında debüt edib.

2010. Bakı VK 2010-cu ildə karyerasına Bakı VK ilə davam edib.

2011–2012. Azərreyl QVK 2011-ci ildə CEV Qadınlar Çempionlar Liqasında 1/4 finala qədər yüksəldiyi Azərreyl QVK-a transfer olub. Həmin il yüksək peşakarlığına görə ilk dəfə Azərbaycan qadın milli voleybol komandasına dəvət alıb və milli komandanın tərkibində Qadınlar arasında voleybol üzrə Avropa çempionatına qatılıb.

2012–2014. Azəryol QVK 2012-ci ildə üç mövsüm şərəfini qoruduğu Azəryol VK komandası ilə müqavilə bağlayıb. Azəryol VK ilə Odina Əliyeva Voleybol üzrə Azərbaycan Superliqasında ikincilik, CEV Qadınlar Çempionlar Liqasında isə yarımfinal qazanıb.

2014–2016. Azərreyl QVK 2014-cü ildə yenidən Azərreyl QVK-a transfer olub. 2015–2016-cı illər mövsümünün "ən yaxşı top qəbul edən"i, mövsümün final mərhələsinin isə "ən dəyərli oyunçusu" seçilib.

2016. Halkbank və Idmanocağı 2016-cı ildə ilk dəfə Azərbaycan Superliqasından ayrılmağa qərar verib və Türkiyənin Xalqbank, qısa müddət sonra isə İdmanocağı Voleybol Komandası ilə razılığa gəlib. Lakin mövsüm başlamadan öncə müqavilədən imtina edib və İtaliyaya üz tutub.

2016–2017. Il Bisonte Firenze Türkiyənin "İdmanocağı" və "Halkbank" klubları ilə bir çox problemlərdən sonra Odina Əliyeva İtaliyaya köçüb. Çox keçmədən İtaliyanın idman saytları xəbər verib ki, Bayramova A1 seriyasının başlamasına bir neçə gün qalmış Il Bisonte Firenze ilə müqavilə imzalayıb.

2017–2018. Seramiksan 2017-ci ildə, bir illik müqavilə əsasında Türkiyənin "Seramiksan" voleybol komandasına transfer olub.

2022–. Jakarta Elektrik PLN 2022-ci ilin yanvarında İndoneziyanın Jakarta Elektrik PLN qadın voleybol komandası ilə bir illik müqavilə imzalayıb. 2023-cü ildə komanda rəhbərliyi Odina ilə yenidən müqavilə təklif edib və müqavilə baş tutub. Hal-hazırda həmin komandanın əsas hücumçusu hesab olunan Odina Əliyeva 15 nömrəli forma ilə çıxış edir.

Milli komanda karyerası

2018 Voleybol üzrə Qadınlararası Dünya Çempionatı 30 Sentyabrda Şimali Koreya millisi ilə keçirilən oyunda 27 zərbəsindən 13-ü, 19 dəfə yerinə yetirdiyi servisdən 2-si, 50 hücum cəhdindən 16-sı xalla nəticələnib. 2 Oktyabrda Rusiya millisi ilə keçirilən oyunda, 22 zərbədən 7-i, 33 hücum cəhdindən 8-i xalla nəticələnib. Oyun nəticəsinə görə Kseniya Parubets 13 xalla Rusiya yığmasının ikinci ən yaxşı oyunçusu, Odina Əliyeva isə 8 xalla Azərbaycan yığmasının ikinci ən yaxşı oyunçusu olub.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları Kateqoriya:Azəryol Bakı QVK voleybolçuları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar