Call of Duty 2 () — "Infinity Ward" tərəfindən hazırlanmış və dünyanın əksər regionunda "Activision" tərəfindən yayımlanmış 2005-ci il birinci şəxs atıcı videooyunu. Bu, "Call of Duty" videooyun seriyasındakı ikinci epizoddur. 7 aprel 2005-ci ildə "Activision" tərəfindən açıqlanan videooyun 25 oktyabr 2005-ci ildə "Microsoft Windows" və 22 noyabr 2005-ci ildə "Xbox 360" konsolunun buraxılış titulu kimi satışa çıxarılmışdır. Digər versiyalar sonradan "OS X", mobil telefonlar və "Pocket PC"-lər üçün buraxılmışdır.

Oyunun hadisələri İkinci Dünya müharibəsində cərəyan edir və kampaniya rejimi dörd əsgərin nöqteyi-nəzərindən təsvir edilir. Onlardan biri Qızıl Ordu, biri ABŞ Ordusu və ikisi Britaniya Ordusu sıralarında xidmət edir. Bu, cəmi 27 missiya üçün üç hekayəyə bölünmüş dörd ayrı kampaniyadan ibarətdir. Sağlamlığın bərpası və partlamaq üzrə olan ən yaxın əl qumbarasını göstərən ikona kimi bir çox funksiyalar orijinal "Call of Duty" videooyunundan edilmiş və dəyişdirilmişdir.

"Call of Duty 2" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun qrafikaları, səs rejimi və bərpa olunan sağlamlıq sistemini tərifləmişdir. Oyunun buraxılış titulu kimi yayımlanan "Xbox 360" versiyası ilk həftəsində 250 mindən, 2008-ci ilin yanvarına qədər isə 2 milyondan çox kopya satmışdır. 2013-cü ilin noyabrına aid olan məlumatlara görə, videooyun 6 milyondan çox kopya satmışdır.

Geympley "Call of Duty 2" birnəfərli hekayə rejimi və çoxnəfərli rejiminə malik birinci şəxs atıcıdır. Oyunçu İkinci Dünya müharibəsində cərəyan edən müəyyən missiyalarda Antihitler koalisiyasında vuruşan bir neçə protaqonisti idarə edir. "Call of Duty 2" İkinci Dünya müharibəsində vuruşan dörd əsgərin yaşadıqlarını əhatə edən, ümumi 27 missiyası olan üç ayrı kampaniyadan ibarətdir. Oyunun dörd çətinlik səviyyəsi var: Asan, adi, bərkimiş və veteran. Oyunçu personaj əyilə və meyilli uzana, həmçinin alçaq divarları və digər maneələri keçə bilər. Oyunçu personaj döyüş meydanında qalanlarla dəyişdirilə bilən iki dənə odlu silah, həmçinin əl qumbarası və duman bombası daşıya bilər. Daha dəqiq nişan almaq üçün nişangahlarından istifadə etmək olar. Oyun interfeysindəki kompas həm müttəfiqləri, həm də düşmənləri, həmçinin oyunçunun çatmalı olduğu yerləri, müdafiə olunmalı əraziləri və ya oyunçunun onları sıradan çıxarmaq üçün üzərinə partlayıcı yerləşdirməli olduğu düşmən toplarını və ya tanklarını göstərən tapşırıq markerləri göstərir. Düşmən qoşunlarını məhv etmək üçün bəzi yerlərdə pulemyotlar və hava hücumundan müdafiə silahları kimi quraşdırılmış silahlar mövcuddur. Bundan əlavə, bəzi missiyalarda oyunçu tank idarə edir.

Oyunçu personajda durbin dəsti var. Adətən piyadaya məhdudlaşmış geympley zamanı nəzərə alınmasa da, bu, "Crusader" tankları idarə edərkən baş tutan uzun məsafəli döyüş zamanı və oyunçunun şəhəri müdafiə etmək üçün artilleriya atəşini yönəltməli olduğu missiyalardan birində vacib rol oynayır. Bu, kəşfiyyat üçün də vacibdir, baxmayaraq ki, oyunun çox hissəsi şəxsi, yaxın döyüş vəziyyətlərində oynanılır ki, bu da belə bir taktikanın əhəmiyyətini azaldır.

Oyunçu personaj ağır zədə alırsa, ekran qırmızı rəngə dönür və personajın ürək döyüntüsünün səsi artır. Bu, oyunçu personajın sağlamlığının aşağı səviyyədə olduğunu göstərir. Oyunçu personaj yenidən döyüşə qoşulmazdan əvvəl sağalmaq üçün açılan atəşlərdən uzaq durmalıdır, əks halda o, ölür və sonuncu kontrol nöqtəsindən yenidən oyuna başlayır. Sağlamlıq səviyyəsi yalnız oyunçu personaj atəş altında olmadığı halda avtomatik bərpa olunur. Əl qumbarası və ya mərmi kimi bəzi hücumlar oyunçunu onlara çox yaxın olanda dərhal öldürür.

"Call of Duty 2" videooyununun çoxnəfərli rejimi bir neçə oyun növünə malikdir. Onlar: Ölüm maçı, Komanda ölüm maçı, Axtar və məhv et, Bayrağı tut və Qərargah. Buradakı xəritələrə Normandiya, Afrika və Rusiya daxildir. Hər komanda xəritədən asılı olaraq müxtəlif silahlar seçə bilər. Oyunçular Antihitler qüvvələrdən ABŞ əsgərləri, SSRİ əsgərləri və Britaniya əsgərləri arasında seçim edə bilər, Ox qüvvələri arasından yalnız Almaniya əsgərləri kimi oynamaq mümkündür.

Kompüterlərdə hər bir çoxnəfərli rejim serveri altmış dörd oyunçu saxlaya bilir; "Xbox"da bu məhdudiyyət səkkiz oyunçudan ibarətdir. Videooyunun "Xbox 360" versiyasında oyunçular "Xbox Live" xidmətində oynaya və yeni xəritə paketləri ala bilərlər. Ümumilikdə on üç rəsmi xəritə var, onlardan üçü orijinal "Call of Duty" videooyunundan remeyklərdir. Oyuna cəmi səkkiz xəritə əlav ədən "Bonus paketi", "Atışma paketi" və "İstila paketi" adlı üç əlavə xəritə paketi də mövcuddur.

Süjet

Sovet kampaniyası Oyunçu 13-cü Qvardiya Atıcı Diviziyasından əsgər Vasili Kozlovu idarə edir. Əvvəlcə o, irəliləyən alman qoşunlarına qarşı Moskvanın müdafiəsində iştirak edir. Növbəti missiyada Kozlov 1942-ci ilin sentyabrında Stalinqrad şəhərində nasist qalasının dağıdılmasında iştirak edir. Növbəti missiyanın tapşırıqlarına 1942-ci ilin dekabrında Stalinqradda qalalar uğrunda mübarizə, o cümlədən kəsilmiş telefon naqillərinin yenidən qoşulması və dəmiryol vağzalının yenidən ələ keçirilməsi daxildir. Sonuncu missiya 1943-cü ilin yanvarında Qızıl Ordunun Stalinqrad şəhərindəki son hücumunu əhatə edir. Burada Kuzlov şəhər bloklarının, eləcə də Stalinqrad meriyasının yenidən tutulması və müdafiəsində iştirak edir

Britaniya kampaniyası Oyunçu Kapitan Praysın başçılıq etdiyi, Şimali Afrikada yerləşdirilən 7-ci Zirehli Diviziyadan Britaniya əsgəri, serjant Con Devisi idarə edir. Birinci missiyada oyunçu personaj Alman Afrika korpusuna gizli hücumda iştirak edir və bu, Almaniyanın təchizat stansiyasının məhv edilməsi ilə başa çatır. Növbəti missiyada oyunçu personaj bir şəhəri şimaldan, qərbdən, cənubdan və şərqdən əks-hücumlar həyata keçirən böyük alman canlı qüvvəsindən müdafiə edir. Missiya oyunçu personajın Almaniya tank qüvvələrinin əksəriyyətini artilleriya vasitəsilə məhv etməsilə sonlanır. Bunun ardınca gələn missiyanın hadisələri İkinci Əl-Əlameyn döyüşündə cərəyan edir. Burada oyunçu personaj bir neçə xəndək, pulemyot yuvası və döyüş topundan keçərək Almaniyanın sahə qərargahını ələ keçirməlidir. Onlar tezliklə Əd-Dabaaya hücum edərək Misirdə qalan Almaniya qüvvələrinin qarşısını alır və bir neçə döyüş topunu məhv edirlər. Bununla da birinci Britaniya kampaniyası başa çatır. İkinci missiyaya əlavə olaraq, oyunçu Britaniya tank komandiri Devid Velşi idarə edir və Liviyada Almaniya qüvvələri ilə düyüşür. Üçüncü kampaniyanın birinci missiyasında oyunçu personaj Tunisin Tucan kəndində vuruşarkən dəstəsi ilə birlikdə dərhal atəşə tutulur, çıxıb ikinci dəstə ilə görüşənə qədər qaldıqları evi müdafiə edir. Onlar növbəti gün əlavə canlı qüvvə ilə Tucanı geri alır, sonra isə Matmataya hücum edir. Sonuncu Britaniya kampaniyasının hadisələri "Overlord" əməliyyatının bir hissəsi olaraq Kan uğrunda döyüşdə cərəyan edir.

ABŞ kampaniyası Oyunçu 2-ci Reyncer Batalyonundan kapral Bill Teyloru idarə edir. Oyunçu personaj bir Almaniya artilleriya batareyasını məhv etmək üçün "Neptun" əməliyyatı çərçivəsində Puent-dü-Oka hücum edir və növbəti missiyada onu kütləvi alman əks-hücumundan qoruyur. Tezliklə oyunçu yaxınlıqdakı şəhəri ələ keçirir və əlavə canlı qüvvə gələnə qədər minaatan ekipajlarına qarşı snayper olaraq vuruşur. İkinci tapşırıq 400-cü təpədə mərkəzləşmiş, burada oyunçu Berqşteyni tutur, 400-cü təpədəki bunkerlərə hücum edir və buranı almanların əks hücumundan müdafiə edir. Oyunçu personaj bir daha alman minaatan qruplarına qarşı snayper işi görür, düşmən zirehlərini məhv edir və təpəni kütləvi əks-hücumdan qoruyur, eyni zamanda artilleriya və çoxlu sayda alman əsgəri ilə məşğul olur. Sonuncu missiyada ABŞ qoşunları Reyn keçidində Almaniyaya doğru irəliləyir, burada çayın sahilinə çatana qədər alman qoşunları tərəfindən atəşə tutulur. Missiyanın sonuncu döyüşündə oyunçu personaj iki alman "Tiger I" tankını məhv edir.

Sonluq Son titrlarda Kapitan Praysın bir qrup ABŞ əsgəri tərəfindən almanlardan dramatik şəkildə xilas edilməsini təsvir edir. Titrlar bitdikdən sonra orijinal "Call of Duty"də olduğu kimi, "Bu oyunun hazırlanmasında heç bir inək zərər görməmişdir" sözləri görünür. Bu, Normandiya missiyalarında görülən ölü mal-qaraya istinaddır.

İstehsal 7 aprel 2005-ci ildə "Activision" şirkəti 2005-ci ilin payızında kompüterlər üçün satışa çıxarılması planlaşdırılan "Call of Duty 2" videooyunun "Infinity Ward" studiyası tərəfindən istehsal edildiyini açıqlamışdır. "Infinity Ward" studiyasının sikvelin istehsalına "Call of Duty: United Offensive" videooyununu istehsal edən "Gray Matter Interactive" ilə eyni vaxtda başladığı güman edilirdi. "Infinity Ward" prezidenti Qrant Kolyer demişdir:

Press-relizdə bildirilmişdir ki, oyunçular daha qeyri-xətti döyüş meydanında düşmənlərlə vuruşacaq, əsas döyüşlərdə xronoloji ardıcıllıqla iştirak edəcək və əvvəlki "Call of Duty" oyunlarında mövcud olmayan heyət taktikalarından istifadə edəcəklər. "Infinity Ward" həmçinin, komanda üzvlərinin mövcud vəziyyət haqqında məlumatlılığını artırmaq üçün "Medal of Honor: Pacific Assault" videooyunundakına oxşar olaraq "döyüş söhbəti sistemi"nin yaradılmasını təsdiqləmişdir.

Videooyunda istifadə olunan "IW engine 2.0" oyun mühərriki "Infinity Ward"a məxsusdur və birinci "Call of Duty" videooyununda istifadə edilmiş "id Tech 3" mühərrikinin modifikasiya edilmiş versiyasıdır. Yeni oyun mühərriki ilə "Infinity Ward" real döyüş təcrübəsi və təkmilləşdirilmiş vizuallar təmin etmək üçün döyüş çərçivəsini genişləndirmişdir. Mühərrik sayəsində istehsalçılar tüstü bombalarının tüstüsü ilə görmə sahəsini bağlaya, qum fırtınası və çovğun kimi hava effektləri yarada bilmişdir.

Videooyun oyunçulara bir çox kampaniyalarda keçilməz maneələri dəf edərkən dörd fərdi əsgər hekayəsini təcrübə etməyə imkan verməsi ilə tanınırdı. Oyunçuların qəti personaj əsaslı təcrübəsini yaşamaları üçün dörd hekayə xəttinin hər birini izləmək və ya sürətli müharibə döyüşləri üçün xronoloji ardıcıllıqla tarixi döyüşlərdə iştirak etmək azadlığı var idi. Dəstələrin artıq çoxlu cığırları olan geniş döyüş meydanlarında müxtəlif missiya tapşırıqlarını yerinə yetirmək və cinaha keçərək atəş açmaq və manevr imkanları kimi faktiki döyüş taktikalarından istifadə etmək azadlığına malik idi.

"Call of Duty 2" videooyunun orijinal "Call of Duty"dən daha təsirli olması planlaşdırılırdı. "Infinity Ward" studiyasının kreativ direktoru Vins Zampella demişdir ki, "biz "Call of Duty"ni bu qədər yaxşı edən hissələrin heç birini çıxarmaq istəmədik, lakin bizim daha yaxşı tətbiq edilə biləcəyini düşündüyümüz bir neçə şey var idi". Oyunun demosunda daha açıq geympley stili və oyunçunu aktiv şəkildə təqib edən düşmənlərin təkmilləşdirilmiş süni intellekti nümayiş olunmuşdur. Xəritədə açılan ilk atışdan sonra oyunçunun varlığına reaksiya verməyə başlayacaq müəyyən sayda düşmən təyin olunur. Daha uzaqda olan düşmən qrupları nə baş verdiyini görmək və döyüşə qoşulmaları üçün bölmələr göndərir, eyni zamanda birbaşa oyunçunun qarşısında dayanan düşmənlər də döyüşə qoşulacaq cəld bir şəkildə mövqe tutur.

"Infinity Ward" studiyasının istehsalçı komandası İkinci Dünya müharibəsinin gerçək döyüş meydanlarında çox vaxt keçirmiş, gerçək döyüş meydanlarının öz təsəvvürlərində olanlardan çox fərqli olduğunu dərk etmişdir. Bu, onların oyunun Fransada cərəyan edən hissələri üçün bütün səviyyələri ləğv etmələrinə səbəb olmuşdur.