Səfəvi Gürcüstanı və ya Gürcüstan vilayəti — Səfəvi imperiyasının indiki Gürcüstan ərazisində yerləşən vilayətlərindən biri. Vilayət əsasən imperiyaya tabe etdirilmiş iki şərqi Gürcüstan krallıqlarından - Kartli və Kaxetidən, qismən də Mesxeti atabəyliyi torpaqlarından təşkil edilmişdi. Tiflis şəhəri bu vilayətin inzibati mərkəzi olmaqla birlikdə, həm Kartli çarlarının taxtının yerləşdiyi yer, həm də vilayətdəki Səfəvi hakimiyyətinin əsas dayaq məntəqəsi idi. Bura da həmçinin önəmli Səfəvi zərbxanalarından biri də yerləşməkdə idi.

Bölgədəki Səfəvi hakimiyyəti müxtəlif zamanlarda Baqrationi sülaləsindən olan kraliyyət ailəsi nümayəndələrinin taxt-taca təyin edilməsi və ya taxt-tacdan məhrum edilməsi yolu ilə tənzimlənirdi. Bəzi vaxtlarda bu hakimlər şiəliyə də keçirdi və onlar xan ya da vali kimi təyin edilirdilər. Şərqdəki gürcü krallıqları XVI əsrin əvvəllərində Səfəvi imperiyasına tabe etdirilmişdilər, bu zaman onların hökmdarları din dəyişdirməmişdi. Şah İsmayılın dövründə Tiflisdə qızılbaş ordusu saxlanılırdı, lakin iki tərəfli münasibətlər əsasən ənənəvi vassallıq prinsiplərinə əsaslanmaqda idi. XI Davud (David) 1562-ci ildə Kartli taxtına Səfəvi şahı I Təhmasib tərəfindən təyin olunmaqla birlikdə, Səfəvi şahları tərəfindən bu vəzifəyə təyin edilmiş ilk gürcü kralı oldu. Onun bu təyinatı təxminən iki əsirdən çox davam edəcək Səfəvi hakimiyyətinin simvolu hesab edilə bilər. Bu zaman ərzində Səfəvi mədəniyyətini də indiki Gürcüstanın şərqində dominant olmuşdur.

I Təhmasibin (1524-1576) hakimiyyəti dövründə etibarən bu vilayətin əhəmiyyəti daha da artdı. Bir çox Kartli və Kaxetiyadan olan etnik gürcü Səfəvi imperiyasının müxtəlif dövlət orqanlarında çalışma şansı əldə etdilər. Kişilərlə yanaşı bir çox qadın da şahların və digər rəhbər təbəqənin hərəmlərinə girməyi bacardı. Gürcüstan vilayəti imperiyanın ucqarında və sərhədində yerləşdiyi üçün digər vilayətlərlə müqayisədə daha çox muxtariyyətə sahib idi. Onunla muxtariyyət məsələsində yalnız imperiyanın cənub-qərbində yerləşən Ərəbistan (müasir Xuzistan) bölgəsi müqayisə edilə bilər. Gürcüstan vilayəti Səfəvi inzibati sistemində hakimlərinə davamlı olaraq vali titulunun verildiyi 4 vilayətdən biri idi.

Tarixi XVI əsr İlk Səfəvi hökmdarı Şah İsmayıl (1501-1524) Kartli və Kaxeti krallıqlarını 1510-cu illərin əvvəllərində özünün vassalı etdi. Lakin o, bu zaman hakimyyətini müasir İran bölgəsində möhkəmləndirməyə yönləndiyindən burada öz hakimiyyətini daha da gücləndirməklə məşğul olmadı. O, dəfələrlə Gürcüstana yürüşlər etdi, xüsusən 1518-ci ildə həyata keçirdiyi yürüş fərqlənirdi. Bu yürüş nəticəsində o, yenidən gürcü hakimlərini özünün vassalı etdi və 1522-ci ildə Tiflisdə qızılbaş ordusundan ibarət qarnizon yerləşdirildi. Lakin əsl Səfəvilər tərəfindən təyin edilən hakimlər sisteminin yaradılması onun oğlu və varisi I Təhmasibin dövründə reallaşdı.

I Təhmasib Gürcüstanı imperiyaya inteqrasiya etmək üçün mühüm addımlar atdı. Onun Kartli hakimi I Luarsaba qarşı həyata keçirdiyi 4 yürüş (1540–1541, 1546–1547, 1551 və 1553–1554) Kartlinin yenidən ələ keçirilməsi ilə nəticələndi. Həmçinin 1551-ci ildə Tiflisdə daimi olaraq qızılbaş ordusu yerləşdirildi. Bu yürüşlərin mərkəzi-şərqi Gürcüstan bölgəsində Səfəvi hakimiyyətini möhkəmləndirməkdən savayı nəticəsi, imperiyanın mərkəzinə çox sayıda gürcü müharibə əsirlərinin aparılması oldu. Bu əsirlər sonradan dövlət idarəetməsinə daxil olmağa başladılar və nəticədə türklərlə dövlət idarəetməsində rəqabət edəcək yeni bir qüvvə meydana çıxdı.

1551-ci ildə Səfəvi imperiyası Mesxeti atabəyliyinin şərq hissələrini də ələ keçirdi.. 1555-ci ildə, yəni I Təhmasibin hakimiyyəti dövründə qonşu Osmanlı imperiyası ilə Amasya sülh müqaviləsi imzalandı. Sülh müqaviləsinin şərtlərinə görə, şərqi Gürcüstan (Mesxetinin şərqi də daxil olmaqla) Səfəvi imperiyasının tərkibində qaldı, Gürcüstanın qərbi isə (Mesxetinin qərbi də daxil olmaqla) Osmanlı imperiyasının əlində qaldı. I Təhmasib bu bölgənin imperiyaya inteqrasiya etməsi üçün müxtəlif siyasətlər tətbiq etdi. Həmçinin onnu dövründə ilk kukla hökmdar Davud xan (1569-1578) Tiflis taxtına çıxarıldı. O, islamı qəbul etmiş və Davud xan adını almışdı, bundan əvvəlki adı isə David idi. Bu hadisələrlə birlikdə təxminən bölgədə qısa fasilələrlə 250 il davam edəcək qızılbaş hakimiyyətinin əsası qoyuldu.

1559-cu ildə Azərbaycan bəylərbəyliyinə ilk vilayət vəziri təyin edildi. O, Gürcüstan torpaqlarına, habelə Şirvana və Şəkiyə də nəzarət etməli idi. Bu, bəylərbəyilik vəzirləri və ya digər adları ilə şahlıq vəzirləri vəzir-e koll titulu daşıyırdılar və təlimatı yerli hakimlərdən yox, birbaşa şah sarayından alırdılar. Səfəvi imperiyasının bu dövrdəki əsas rəqibi Osmanlı imperiyası Qafqazın şərqini ələ keçirmək üçün 1578-ci ildə Gürcüstan mülklərini ələ keçirdi. Buna cavab olaraq, Səfəvi hakimiyyəti həbsdə saxladıqları üsyançı gürcü hakimi Şahnəvaz xanı (I Simon) həbsdən azad edərək, onun qızılbaşlara qatılaraq Osmanlıya qarşı döyüşməsini planladılar. O, Osmanlı ordusuna qarşı Kartli ərazisində uğurlar əldə edə bilsə də, sonda onların əlinə keçdi və İstanbulda əsirlikdə öldü. 1580-1581-ci ildə Səfəvi hakimiyyəti topçubaşı Murad xanın komandanlığı altında Gürcüstana top düzəldənlərlə, müəyyən materiallarla birlikdə dəstə göndərərək burada top hazırlanmasını təmin etməyə çalışdılar. 1582-ci ildən etibarən Səfəvi imperiyası Mesxetinin bir hissəsinə nəzarət edirdilərsə, Osmanlı ordusu Gürcüstanın şərqinin böyük hissəsinə nəzarət edirdilər. Osmanlı ordusuna müqaviməti sonuna qədər davam etdirməkdə uğursuz olan Mesxeti hakimi II Manuçar Səfəvi hakimiyyətini qəbul edərək, onların sarayına getdi və burada 1614-cü ilə, yəni ölümünə qədər yaşadı.. 1578-ci ildə başlayan və Səfəvi imperiyasının ağır məğlubiyyəti ilə nəticələnən müharibəni bitirən 1590-cı il İstanbul sülh müqaviləsinə görə Səfəvi imperiyası bütün Gürcüstanın itirilməsi faktı ilə barışmalı idi və oranı Osmanlı mülkü kimi tanıdı.

XVII əsr

I Şah Abbasın dövründə Səfəvi imperiyasında etnik gürcülərin mövqeyi əvvəlki ilə müqayisədə gücləndi. 1595-ci ildə Kartlidən etnik gürcü olan və əsil soyadı Undiladze olan Allahverdi xan Səfəvi imperiyasında güclü şəxslərdən birinə çevrildi. XVI əsrin sonlarına doğru getdikcə orduda nüfuzlu hərbi qruplaşma təşkil edən gürcülər Səfəvi ordusunun ənənəvi dayağı olan qızılbaşlar üçün böyük təhlükəyə çevrildilər. Eyni zamanda, Səfəvi sarayında gürcülər bir-birləri ilə yanaşı, çərkəz həmkarlarına qarşı da nüfuz uğrunda mübarizə aparırdılar. Gürcülərin qüvvə kimi ortaya çıxarılmasında və qızılbaşlata qarşı qoyulmasında Şah Abbasın qızılbaş tayfa başçılarına qarşı mərkəzləşdirmə siyasətinin xüsusi önəmi var idi. Bütövlükdə, I Abbasın əyalətlə bağlı siyasətini bu ərazinin Səfəvi imperiyasına tam inteqrasiyası üçün əvvəlki səylərin davamı kimi qiymətləndirmək olar.

XVII əsrin əvvəllərində Şah Abbas Osmanlı imperiyasını dəfələrlə məğlub etdi və Gürcüstanın şərqində Səfəvi hakimiyyətini yenidən bərqərar etdi. 1605-ci ildə Kaxetiyada müqavimət mövcud idi. Beləki, üsyançılar Səfəvipərəst hakim Konstantin xanı devirdilər, lakin I Abbas öz tələblərini Kaxetiyanın yeni hakimi Teymuraz xana qəbul etdirə bildi. Eyni zamanda, o, II Luarsabı (Lohrasp) Kartlinin valisi təyin etdi. Lakin II Luarsab I Abbasın islamı qəbul etmə tələbini rədd etdikdən, Səfəvi əleyhinə fəaliyyətə başladıqdan sonra Səfəvi şahı tərəfindən Astrabada çağırıldı və bir qədər sonra Şirazda edam edildi.

1607-ci ildə I Abbas III Manuçarı şərqi Mesxetinin hakimi təyin etdi. 1613-1614-cü illərdə şərqi Mesxetidəki Səfəvi hakimiyyəti yenidən bərpa edildi. 1614-1617-ci illərdə I Abbas öz vassalları Lohraspın və I Teymurazın itaət etməmələrinin şahidi olduqdan sonra Gürcüstanın bu bölgələrinə böyük cəzalandırma yürüşləri həyata keçirdi. Bu yürüşlər nəticəsində Tiflis yağmalandı, ətraf bölgələr dağıdıldı və on minlərlə insan qırğına məruz qaldı, eyni zamanda yüz minlərlə etnik gürcü imperiyanın iç bölgələrinə sürgün edildi. Bu deportasiyalar imperiyanın iç bölgələrində etnik gürcü mühacirlərin sayının artmasına səbəb oldu. Bu zaman I Abbas Baqrat xanı Kartlinin, Bektaş xan Türkmanı da Kaxetiyanın hakimi təyin etdi. 1619-cu ildə I Abbas Baqratın oğlu olan, İsfahanda doğulmuş və Səfəvi şahlarına sadiq olduğu qəbul edilən Səmayunu xan rütbəsi verərək Kartli hakimi və yenə Baqrationi sülaləsindən olmayan qızılbaş Səfəvi sərkərdəsini Kaxetiya hakimi təyin etdi. Bu təyinat üsulu ilə, yəni bir yerli sülalədən, bir də dövlətin dayağı hesab edilən qızılbaş sərkərdələrindən təyinat edilməklə bölgənin imperiyaya sadiqliyini təmin etmək planlanırdı. Bundan başqa, bir qədər əvvəl olan böyük üsyanların birdə təkrarlanmaması və bölgədə mərkəzi hakimiyyətin gücünü möhkəmləndirmək üçün bölgəyə xeyli sayda qızılbaş-türk tayfaları köçürüldü. 1610-cu illərin ortalarından etibarən Kaxetiya tez-tez qızılbaş sərkərdələrinin birbaşa hakimiyyəti altında oldu.

1620-ci il ərəfələrində Abbas 8 min yəhudini və 40 min ermənini Gürcüstan vilayətindən yeni saldırdığı Fərəhabad şəhərinə köçürtdü. Bu illərdə o, ümumilikdə 15 min ailəni Qafqazdan Mazandaran vilayətinə yerləşdirmişdi. 1624-1625-ci illərdə bundan əvvəl I Abbas tərəfindən sadiq olacağı güman edildiyinə görə Mesxeti hakimi təyin edilən III Manuçar Kartliyə gedərək Murav bəyin (Georgi Saakadze) Səfəvi hakimiyyətinə qarşı yönəlmiş üsyanına qatıldı. Bir müddət sonra Mesxetidən uzaqda olarkən Osmanlı hakimiyyətini qəbul etmək qərarına gəldi. Lakin 1625-ci ildə Mesxetiyə dönüb bölgənin qərb torpaqları üçün (Osmanlı hakimiyyətində idi) danışıqlar aparmaq istəyərkən öz əmisi tərəfindən öldürüldü. Nəticədə Osmanlı imperiyası Mesxetinin qərbini paşalıq elan edərək öz torpaqlarına birləşdirdilər. Səfəvilər isə şərq bölgələrinə nəzarət etməkdə davam edirdilər. Bu 1629-cu ildə I Abbasın ölümündən sonra da davam etdi. Vali Xoxrov Mirzənin hakimiyyəti dövründə bölgədə sülh və sabitlik hökm sürdü. Öz sadiqliyinin qarşılığında I Abbasın varisi I Səfi ona Rüstəm xan adı verdi və Kartlinin hakimi təyin etdi. O, bu vəzifəni 20 ildən çox müddətdə icra etdi. Kaxeti isə birbaşa Səfəvi hakimiyyətində qaldı.

Rüstəm xan övladı olmayan bir dul idi və buna görə də, bir arvada, uşağa ehtiyyacı var idi. Səfəvi şahı I Səfi ilə məsləhətləşdikdən sonra ona Meqreliya (Gürcüstanın qərbindəki krallıq) hakimi II Levan Dadianinin bacısı Mariamla evlənməsinə icazə verildi. Bu evlilik Rüstəm xanın və Səfəvi dövlətinin siyasi istəkləri ilə çox uyğun idi. Çünki bu evlilik I Teymuraza və İmereti hökmdarı III Georgiyə qarşı Rüstəm xanı Meqreliya ilə müttəfiq etməkdən başqa, gələcəkdə Səfəvilərin Meqreliyanı işğal etmələrinə də yardım edə bilərdi. Bu o zamanlar İmereti üzərində müharibə vəziyyətində olduqları Osmanlılara qarşı bir kampaniya lazım olsa, mükəmməl şərait yaradacaqdı. I Səfi evlilik hədiyyələri ilə birlikdə, Meqreliya hakiminətəxminən 50.000 marçil (təxminən yarım ton gümüş) göndərdi. Həmçinin ona min tümən (bir tümən 3 qram gümüş idi) maaş da verməyə başladı. Bununla da, meqreliyalılarla ittifaqın əsası beləcə qoyuldu. Bu evlilik hazıllıqları imeretiyalıların təlaşlanmalarına səbəb oldu. Bəy tərəfinin ordusu 30 min gücündə döyüşçüdən ibarət idi və Levanın dəstəsi ilə görüşmək üçün hərəkət edirdi. İmeretili III Georgi Kartli ilə olan sərhədi blokladı və Rüstəm xanın toy karvanını ətrafdan dolaşmaqla Axaltsıx tərəfdən getməsinə səbəb oldu.. Həmçinin o, Levan Dadianinin də yolunu kəsdi, lakin Bağdadinin yaxınlığındakı Kaka körpüsü yaxınlığında baş vermiş döyüşdə məğlub edildi.

1639-cu ildə Zuhab müqaviləsi ilə Səfəvi-Osmanlı arasındakı 1623-1629-cu illər müharibəsi sonlandı. Bu müqavilə əsasənda Qafqaz yenidən Səfəvi və Osmanlı imperiyaları arasında bölündü. Bu bölünmənin şərtləri təxminən Amasya sülh müqaviləsinin şərtləri ilə üst-üstə düşürdü. Kartli və Kaxetiya yenidən Səfəvi hakimiyyəti altındakı torpaqlar kimi qəbul edildi, lakin Samtsxe-Mesxetinin həm şərqi, həm də qərbi Osmanlı hakimiyyəti altına keçdi və bu sona qədər belə də davam etdi.