– yaponiyalı raket mühəndisi. O, "Yaponiya raketçiliyinin atası" hesab olunur. Yaponiyada kosmik proqramın inkişafı və tədqiqi üçün gördüyü işlərə görə "Doktor Raket" ləqəbini qazanmışdır.
Həyatı Hideo İtokava 1912-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Məktəbdə oxuyanda Çarlz Lindberqdən təsirlənmiş və təyyarə sənayesinə maraq göstərməyə başlamışdır. 1935-ci ildə Tokio Universitetini bitirmişdir. İkinci dünya müharibəsi zamanı "Nakajima Aircraft" şirkətində işləyərək Hayabusa kimi müxtəlif döyüş təyyarələrinin dizaynında iştirak etmişdir. Buna baxmayaraq, o, kamikaze proqramına qarşı çıxmış, pilotsuz uçan aparatlardan istifadəni dəstəkləmişdir.
İkinci dünya müharibəsindən sonra Yaponiyanın təyyarə sənayesi çökmüş və İtokava bir neçə il tibbi aparatların dizaynı, eləcə də, akustik mühəndisliklə məşğul olmuşdur. O, Yaponiyada elektroensefaloqraf və düralüminiumdən süni ürək hazırlayan ilk şəxs olmuşdur. 1953-cü ilin yanvarında ABŞ-yə səyahət edərək tibb sahəsindəki nailiyyətlərini yayımlamışdır. 1951-ci ildə Tokio Universitetinin Sənaye Elmi İnstitutunda raketləri tədqiq etməyə başlamışdır. 1955-ci ildə Yaponiyanın bərk yanacaqla işləyən ilk raketi olan "Pencil" raketini hazırlamışdır. Daha sonra "Kappa" və "Lambda" modellərinin dizaynında iştirak etmişdir.
1964-cü ildə İtokavanın iştirakı ilə Tokio Universitetinin Kosmos və Aeronavtika Elmi İnstitutu yaradılmışdır. 1970-ci ildə onun başçılığı altında Yaponiyanın ilk kosmik peyki olan "Osumi" hazırlanmışdır. 21 fevral 1999-cu ildə Naqanoda ölmüşdür.
Hobbiləri İtokava incəsənət, xüsusilə də, baletə böyük maraq göstərmişdir. 1973-cü ildə balet dərsləri almağa başlamışdır. 1978-ci ildə Tokio İmperiya Teatrında baş tutmuş Sergey Prokofyevin "Romeo və Cülyetta" baletində Romeonun atasını oynamışdır. O, peşəkar violonçel performansları sərgiləməklə yanaşı, skripka da çalmış, hətta özü üçün xüsusi skripka növü ixtira etmişdir.
Xatirəsi 1998-ci ildə kəşf edilmiş 1998 SF36 asteroidi 2003-cü ilin avqustunda onun şərəfinə 25143 İtokava adlandırılmışdır. JAXA asteroidi tədqiq etmək üçün 2003-cü ildə Hayabusa missiyasını başlatmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Təyyarə dizaynerləri Kateqoriya:Raket alimləri Kateqoriya:Yaponiyanın təyyarə mühəndisləri