Letterboxd — 2011-ci ildə Yeni Zelandiyanın Oklend şəhərində Metyu Bukenen və Karl fon Randou tərəfindən yaradılmış film kəşfi və sosial şəbəkə platforması. Platformanın istifadəçiləri baxdıqları filmləri qeyd edir, onları qiymətləndirir, rəy yazır, film gündəliyi aparır, baxmaq istədikləri filmlərin siyahısını tutur, mövzu üzrə siyahılar yaradır və digər üzvlərin fəaliyyətini izləyirlər. Letterboxd veb-saytı, İOS və Android mobil proqramları, eləcə də Apple TV tətbiqi vasitəsilə işləyir. Onu tez-tez kitabsevərlər üçün yaradılmış Goodreads platformasına bənzədirlər.

2023-cü ildən platformanın səhm paketinin çox hissəsi Kanadanın Tiny investisiya şirkətinə məxsusdur, təsisçilər isə şirkətə baş icraçı direktor və texniki direktor kimi rəhbərlik etməyə davam edirlər. 2026-cı ilin iyul ayına platformanın 30 milyondan çox üzvü var idi.

Tarixi Yaranması Metyu Bukenen və Karl fon Randou 1990-cı illərdən birlikdə işləyiblər, 2001-ci ildə isə Cactuslab adlı veb və tətbiq dizaynı studiyasını təsis ediblər. Bukenen platformanın ideyasını 2000-ci illərin sonunda sosial media sahəsində gördüyü boşluqla izah edib: musiqi, foto və mətn paylaşmaq üçün platformalar olduğu halda, filmlər üçün oxşar xidmət yox idi. Beləliklə, kino həvəskarlarının şəxsi qaydada apardığı film gündəliyini paylaşıla bilən formata çevirmək qərarına gəliblər.

Saytın adı ekranın kənarlarına qara zolaqlar əlavə edərək filmin orijinal kadr nisbətini qoruyan "letterboxing" texnikasından götürülüb. Platformanın qapalı versiyası 2011-ci ilin oktyabrında Nyu-Yorkda keçirilən Brooklyn Beta veb konfransında təqdim olunub. Dəvət əsasında işləyən beta versiyası 2012-ci ilin aprelində istifadəyə verilib, sayt isə 2013-cü ilin fevralında hamı üçün açılıb. 2020-ci ilin martına qədər şirkətin tam ştatlı əməkdaşı olmayıb.

Tiny tərəfindən alınması 2023-cü ilin sentyabrında Kanadanın Tiny investisiya şirkətinin idarə etdiyi fond Letterboxd-un 60%-lik səhm paketini alıb. Əqd şirkəti təxminən 50–60 milyon ABŞ dolları dəyərində qiymətləndirib. Təsisçilərin hər biri 20%-lik paylarını saxlayıb və şirkətə rəhbərliyi davam etdirib. Elə həmin vaxt şirkət platformaya televiziya seriallarını da əlavə etmək planını açıqlayıb. Bu qərar istifadəçilər arasında müzakirələrə səbəb olsa da, Bukenen yeniliyin mövcud istifadəçi təcrübəsini dəyişməyəcəyini bildirib.

Satış danışıqları 2026-cı ilin aprelində Tiny-nin Letterboxd-dakı payı üçün alıcı axtardığı barədə xəbərlər yayılıb. May ayında bu payı ictimai fayda şirkəti vasitəsilə istifadəçilərin özlərinin alması üçün kampaniya başladılıb. İyul ayında isə Netflix, Sony Pictures, Paramount Skydance, Versant, sahibkar Aleksis Ohanian, TPG və RedBird investisiya şirkətlərinin platformanı almaq üçün ilkin danışıqlar apardığı bildirilib.

İstifadəçiləri Platformanın üzvlərinin sayı COVID-19 pandemiyası dövründə sürətlə artıb və sonrakı illərdə də artmaqda davam edib. 2020-ci ildə 1,8 milyon olan üzv sayı 2021-ci ilin yanvarında 3 milyona, 2023-cü ilin sentyabrında 10 milyona, 2024-cü ilin sonunda isə 17 milyona çatıb. 2025-ci ilin yanvarından 2026-cı ilin yanvarına qədər platformaya 10 milyon yeni üzv qoşulub.

İstifadəçilər 2017-ci ilin mayında birlikdə 100 milyonuncu, 2022-ci il iyulun 19-da isə bir milyardıncı filmi qeyd ediblər. 2025-ci ildə platformada 898,5 milyon film baxışı qeydə alınıb, 143,6 milyon rəy yazılıb və 12,9 milyon siyahı yaradılıb. 2025-ci ilin fevralında "Barbi" (2023) platformada beş milyon dəfə qeyd edilən ilk film olub.

Letterboxd-da ən yüksək reytinqli bədii film adını indiyədək altı film daşıyıb: "Xaç atası" (1972), "Parazit" (2019), "Hər şey hər yerdə eyni anda" (2022), "Gəl və gör" (1985), "Hörümçək-adam: Hörümçək kainatları arasında" (2023) və "Harakiri" (1962).

2024-cü ilin martında şirkət bir əməkdaşın hesabı ələ keçirildikdən sonra məlumat sızması baş verdiyini açıqlayıb. Açıqlamaya əsasən, sızma hesabların 1%-dən xeyli azına təsir edib.

İmkanları Platformanın məzmununa qeydiyyatsız da baxmaq mümkündür. Qeydiyyatdan keçmiş üzvlər filmləri qeyd edə, qiymətləndirə, rəy yaza, açar sözlərlə işarələyə, baxış siyahısına və tematik siyahılara əlavə edə bilirlər. Üzvlər profillərinin yuxarısında dörd sevimli filmini göstərə, digər istifadəçiləri izləyə və siyahılarını açıq, məxfi və ya yalnız seçilmiş istifadəçilər üçün əlçatan edə bilirlər.

2013-cü ildən platforma pulsuz və ödənişli üzvlük təklif edir. Ödənişli Pro və Patron üzvlükləri reklamsız istifadə, şəxsi statistika (filmlərə sərf olunan vaxt, sevimli rejissorlar və s.), filmin istifadəçinin abunə olduğu striminq xidmətlərində olub-olmadığını göstərən alət kimi əlavə imkanlar verir. 2020-ci ilin sentyabrında kinoteatrlar, studiyalar, kinofestivallar və podkastlar kimi kino təşkilatları üçün "HQ" üzvlüyü yaradılıb.

Saytdakı filmlər haqqında məlumatlar açıq mənbəli The Movie Database (TMDb) bazasından götürülür. 2019-cu ildə platforma JustWatch ilə əməkdaşlığa başlayaraq filmlərə onlayn harada baxmağın mümkün olduğunu göstərməyə başlayıb. 2023-cü ilin dekabrında isə ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Yeni Zelandiya və Avstraliyadakı kinoteatrların seans cədvəllərini göstərən funksiya əlavə edilib.

Letterboxd Video Store 2025-ci ilin mayında Kann kinofestivalında şirkət Letterboxd Video Store adlı onlayn film icarəsi xidmətini elan edib. Xidmət 2025-ci il dekabrın 10-da 23 ölkədə istifadəyə verilib. Abunə tələb etməyən bu platformada filmləri ayrı-ayrılıqda icarəyə götürmək mümkündür. Filmlər istifadəçilərin baxış siyahıları, qiymətləri və rəyləri əsasında seçilən tematik "rəflərdə" təqdim olunur. İlk rəflər festivallarda göstərilsə də geniş yayıma çıxmamış filmlərdən ibarət "Unreleased Gems" və az tanınan, bərpa edilmiş filmlərdən ibarət "Lost & Found" olub. 2026-cı ilin yanvarında Riçard Linkleyter xidmət üçün fransız "yeni dalğası" filmlərindən ibarət seçmə hazırlayıb.

"Unreleased Gems" rəfində yer alan bəzi filmlər sonradan distribütorların diqqətini çəkib. "It Ends" trilleri platformada göstərildikdən səkkiz gün sonra Neon şirkəti tərəfindən alınıb, 2026-cı ilin avqustuna qədər isə bu rəfdəki beş film geniş yayım hüququ əldə edib.

Qəbulu və təsiri Letterboxd ən nüfuzlu onlayn kino icmalarından biri hesab olunur. "The New York Times Magazine", "Variety", "The Guardian" və "Deadline Hollywood" kimi nəşrlər platformanın kino tənqidinə, müstəqil filmlərin kəşfinə və gənc tamaşaçıların kinoteatrlara marağına təsirini qeyd ediblər. "The New York Times Magazine" platformanı müxtəlif zövqləri bir araya gətirən sinefil mühit kimi səciyyələndirərək onu zövqləri eyniləşdirən Rotten Tomatoes ilə qarşılaşdırıb. Platformanı film izləməni oyuna çevirdiyinə və dərin təhlillər əvəzinə qısa, istehzalı rəyləri ön plana çıxardığına görə tənqid edənlər də var.

2026-cı ildə Letterboxd "Time" jurnalının ən nüfuzlu 100 şirkət siyahısına "Pioner" kateqoriyasında daxil edilib, Fast Company-nin ən innovativ şirkətlər reytinqində isə sosial media kateqoriyasında ilk üçlükdə yer alıb.

"Letterboxd nəsli" 2025-ci ildən kino sənayesində platformanın gənc istifadəçilərini "Letterboxd nəsli" adlandırmağa başlayıblar. Bu ifadəni 2025-ci ilin mayında Kann kinofestivalında Riçard Linkleyter işlədib və onları kinoteatra gedən, filmləri müzakirə edən böyük onlayn icma kimi təsvir edib. 2025-ci ilin sentyabrında Toronto Beynəlxalq Kinofestivalında NBCUniversal-ın sədri Donna Lenqli, 2026-cı ilin aprelində isə CinemaCon tədbirində Warner Bros. kinostudiyasının rəhbəri Maykl De Luka da bu nəsli kino sənayesi üçün həlledici auditoriya kimi dəyərləndiriblər.

"Dörd sevimli film" Üzvlərə profillərində dörd sevimli filmini göstərməyə imkan verən "Four Favorites" funksiyası film təbliğatının mühüm vasitəsinə çevrilib. Letterboxd-un redaksiya komandası qırmızı xalça tədbirlərində və mətbuat günlərində rejissor və aktyorlardan dörd sevimli filmini soruşur. Bu format 2023-cü ildən geniş yayılıb. Müsahibələrdə iştirak edənlər arasında Nikolas Keyc, Adam Sendler, Cennifer Lourens, Kianu Rivz, Tom Hanks, Rayan Qoslinq və Emili Blant var. Bu müsahibələrdə ən çox adı çəkilən film "Xaç atası"dır.

Tanınmış istifadəçilər Rejissor Martin Skorseze 2023-cü ilin oktyabrında Letterboxd-da hesab açıb və qısa müddətdə platformanın ən çox izlənən istifadəçisinə çevrilib. Aktrisa Ayo Edebiri 2018-ci ildən apardığı hesabdakı yumoristik rəyləri ilə diqqət çəkib, lakin 2025-ci ildə hesabını silib. Platformada fəal olan tanınmış şəxslər sırasında müğənni Charli XCX və aktyor Kayl Maklaklen var, Ed Şiran isə 2025-ci ilin aprelində hesabını yalnız özü üçün apardığını deyib.

Rejissorlar Frensis Ford Koppola, Maykl Mann, Mayk Flanaqan, Şon Beyker və Edqar Rayt platformada tövsiyə etdikləri filmlərin siyahılarını paylaşmaq üçün profil açıblar. 2023-cü ildə Kino Sənəti və Elmləri Akademiyası Oskar mükafatı ilə bağlı məzmun hazırlamaq üçün platforma ilə rəsmi əməkdaşlığa başlayıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2011-ci ildə yarananlar Kateqoriya:Film saytları Kateqoriya:Sosial şəbəkələr Kateqoriya:Android proqramları Kateqoriya:Film tənqidi Kateqoriya:Onlayn verilənlər bazaları Kateqoriya:Sosial şəbəkə veb-saytları Kateqoriya:Yeni Zelandiya kütləvi informasiya vasitələri