Cavid Mehtaş () — siyasətçi, ictimai xadim. Azərbaycan Milli Hökuməti dövründə Kənd Təsərrüfatı naziri, Azərbaycan Milli Məclisində Həştruddan seçilmiş nümayəndə və Təbriz şəhərinin fərmandarı.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs olunub. Sonrakı həyatı haqda məlumat yoxdur.

Haqqında Cavid Mehtaş 1914-cü ildə Təbrizdə anadan olub. Əslən Üskülüdür. 1933-cü ildə Tehran Universitetinə daxil olub. 1938-ci ildə universitetdən məzun olduqdan sonra Birinci ostanın Baytarlıq İdarəsinin rəisi olub. Daha sonra isə Üçüncü ostanın Əkinçilik və maldarlıq İdarəsinə rəis təyin olunub.

Əvvəlcə Tudə Partiyasına, daha sonra isə Azərbaycan Demokrat Partiyasına üzv olub. 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı. Cavid Mehtaş da Milli heyətə seçilən 39 nəfərdən biri olub. 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Keçirilən seçkilər nəticəsində Cavid Mehtaş səs toplayaraq Azərbaycan Milli Məclisinə Həştruddan nümayəndə seçilib.

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Cavid Mehtaş qurulmuş hökumətdə Kənd Təsərrüfatı naziri təyin olunub. 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb. Cavid Mehtaş da bu komissiyaya daxil olub. Nazir olduğu dövrdə Milli Məclis tərəfindən 1946-cı il fevralın 27-də dövlət torpaq sahələrinin kəndlilər arasında bölüşdürülməsi haqda dekret qəbul edildi. Bu qərara əsasən Rza şah dövründə irsən keçmiş və ya qəsb olunmuş torpaqlar, çaylar, meşələr əvəzsiz olaraq yoxsul kəndlilərə verildi. İslahat nəticəsində 1 milyona yaxın kəndli torpaqla təmin edildi. Bir çox vergilər ləğv olundu. 1946-cı ildə Təbrizdə əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, ipəkçilik üzrə təhsil verən texnikum açılıb. Bu texnikuma ilk ildə 250 tələbə qəbul olub.

1946-cı il iyunun 13-də İran və Azərbaycan Milli Hökumətinin arasında bağlanmış razılaşmaya əsasən Təbriz şəhərinin fərmandarı təyin olunub.

1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Cavid Mehtaş iki gün sonra şah qoşunları tərəfindən həbs olunub. Sonrakı həyatı haqda məlumat yoxdur.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Kənd təsərrüfatı elmləri doktorları Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Nazirlər Kateqoriya:Azərbaycan Milli Hökumətinin Milli Məclisinin deputatları Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Tudə partiyasının üzvləri Kateqoriya:İran azərbaycanlısı siyasətçilər