My Dress-Up Darling, Yaponiyada tanınan adı ilə – Şiniçi Fukuda tərəfindən yazılan və çəkilən manqa seriyası. 2019-ci ilin mayından 2025-ci ilin martına qədər "Square Enix" nəşriyyatının "Young Gangan" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 15 tankobon cildi buraxılmışdır. Manqa seriyası hina kukları düzəltməyi sevən gənc usta Vakana Qoco və onun kospley etməyi sevən populyar sinif yoldaşı Marin Kitaqava arasında yaranan romantik münasibətlərdən bəhs edir. Qoco Kitaqavanın kospleyləri üçün kostyumların hazırlanmasında iştirak edir.

"CloverWorks" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2022-ci ildə, ikinci mövsümü 2025-ci ildə yayımlanmışdır. Seriya əsasında çəkilən dorama 2024-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. 2024-cü ildə "Bisque Doll de chu♥︎" adlı spin-off serializasiya olunmağa başlamışdır.

Məzmun Vakana Qoco hina kuklalarını çox sevən, boş vaxtlarında babasının emalatxanasında hina kuklaları hazırlayan lisey tələbəsidir. Bu hobbisinə görə uşaqlıqdan etibarən həmyaşıdları tərəfindən ələ salınan Vakananın heç bir dostu yoxdur və məktəbdə də populyar deyil. Onunla eyni sinifdə oxuyan Marin Kitaqava isə çox gözəl və çox populyar qızdır. İlk baxışdan fərqli dünyaların insanları kimi görünürlər. Bir gün Vakana məktəbin tikiş otağında gizlicə işləyərkən içəri daxil olan Marin Vakananın tikiş bacarıqları olduğunu öyrənir və ondan kömək istəyir: Marin böyük kospley fanatıdır, lakin kostyum hazırlamaqda heç yaxşı deyil. Vakana Marinin kospley bələdçisi olmaq təklifini qəbul edir. Marinin dəstəyi ilə Vakana sosiallaşmağa və özünəinam qazanmağa başlayır. Eyni zamanda onlar arasında romantik münasibətlər inkişaf edir.

Personajlar

Lisey şagirdi. Yetim olduğu üçün hina kuklaları düzəldən babası tərəfindən böyüdülüb. Babasının təsiri ilə hina kuklalarının başını hazırlayan usta olmağa qərar verib. Onun özünəgüvəni və özünəinamı azdır, çünki balaca olanda qız dostlarından biri onun hina kuklalarına olan sevgisini anormal olaraq qarşılaşmışdı. Bu isə onun həyatında travmaya səbəb olub. Marinlə tanış olana qədər heç bir dostu olmayıb. Marinin dəstəyi və cəsarətləndirməsi ilə özünəinamı artır. İşiqe personajı səsləndirərkən onun introvert aspektini əks etdirməyə və şəxsiyyətini qorumağa çalışdığını qeyd etmişdir. İkinci mövsümdə personajı səsləndirmək üçün manqanı yenidən oxumuş və birinci mövsümü yenidən izləmişdir. Nomura öz roluna hazırlaşmaq üçün hina kuklalarının hazırlandığı yerə getmiş, hazırlanma prosesini izləmiş, alətlər alaraq evində praktika etmişdir. O, tikiş maşını ilə işləmiş və Vakana kimi yapon üslubunda olan evdə yaşamışdır.

Vakana ilə eyni sinifdə oxuyan lisey şagirdi. Qyarudur, mehriban, dostpərvər, pozitiv və gülərüz qızdır. Marin onun maraqlarına tənqidi yanaşan insanlara qarşı sərtdir. Anime fanatıdır, otağını anime posterləri ilə bəzədib. Ən böyük istəyi kospleylə məşğul olmaqdır və bunun üçün Vakananın köməyini istəyir. Bir neçə uğurlu kospleydən sonra Marin Vakananı sevdiyini anlayır. Suquta bir müsahibəsində bildirmişdir ki, Marinin emosiyalarını və enerjisini çatdırmaq çox çətin idi. O, personajı səsləndirərkən bədən hərəkətlərindən istifadə etmiş, sevdiyi və həzz aldığı şeyləri ağlından keçirməyə çalışmışdır İkinci mövsümdə personajı səsləndirərkən özünü gərgin hiss etdiyini bildirmişdir, çünki birinci mövsümdən üç il keçmişdi. Bu səbəbdən birinci mövsümü yenidən izləmiş, performansında düzəlişlər etmişdir.

İstehsal

Manqa Manqanın müəllifi Şiniçi Fukuda müsahibəsində bildirmişdir ki, kospleyerləri çoxu bu hobbiyə görə sevgililəri ilə problem yaşayır. Belə ki, sevgililəri onların kospleydən əl çəkmələrini, əks halda onlardan ayrılacaqlarını bildirir. Bu səbəbdən Fukuda manqanı yazarkən Marin və Vakananı bir-birilərinin hobbilərini dəstəkləyən cütlük kimi yazmağa qərar vermişdir. O, Vakananı dostları olmayan yetim olaraq yazmışdır ki, problemlərini həll etmək üçün sadəcə Marindən dəstək alsın.

Fukuda manqanın serializasiyasından öncə ninqyo kuklalarının istehsalına görə tanınan və Saytama şəhərində yerləşən tarixi İvatsuki bölgəsinə səfər etmişdir. "Suzuki Kuklaları"nda işləyən, III nəsil kukla sənətkarı olan Keyşo Suzuki ona dəfələrlə müsahibə vermiş, evini və emalatxanasını göstərmiş, hina kuklalarının hazırlanması prosesi haqqında məlumatlanmışdır. Fukuda Qoco personajını yaradarkən Suzukini, Qoconun emalatxanasını yaradarkən Suzukinin işlədiyi yeri model kimi istifadə etmişdir.

Anime "Aniplex" prodüseri Nobuhiro Nakayama bir müsahibəsində bildirmişdir ki, anime adaptasiyası "Aniplex" iclaslarının birində təklif olunmuşdur. Belə ki, iclasda anime ideyaları ilə çıxış edən gənc heyət üzvlərindən biri "My Dress-Up Darling" manqasının anime adaptasiyasını çəkməyi təklif etmişdir. Nakayama həmin vaxt manqadan xəbərdar olsa da, manqanı hələ oxumamışdı. O, manqanı oxuyanda çox bəyənmiş, "CloverWorks" studiyasında Keysuke Şinoharanın komandası ilə növbəti layihəni müzakirə edəndə bu manqanının animesini çəkməyi tövsiyə etmiş, Şinoharaya animenin rejissoru olmağı təklif etmiş, beləliklə, anime layihəsi başlamışdır.

Şinohara bir müsahibəsində qeyd etmişdir ki, manqanı ilk dəfə oxuyanda əvvəlcə manqanı "ədəbsiz" hesab etmiş, lakin daha sonra personajların ciddi şəkildə kospleylə məşğul olmasından təsirlənmişdir. Şinohara anime üzərində işləməzdən öncə manqanı internetdə araşdırmış və xeyli bəyənildiyini görmüşdür, bu səbəbdən müəyyən təzyiq hiss etmişdir. Şinohara qeyd etmişdir ki, animedə öz interpretasiyalarını əks etdirməkdən çəkinmişdir. O, manqanın fanatlarının çoxu gənc olduğunu nəzərə almış, bu səbəbdən anime üzərisində işləyərkən aşiq bir gənc qızın hislərini təsəvvür etməyə və necə bir yeniyetmə olduğunu xatırlamağa çalışmışdır. Şinohara və komandası animedə təsvir olunan kospleyi realist göstərmək üçün kospley tədbirlərinə və mağazalarına baş çəkmişdir. Onlar kospley haqqında kifayət qədər məlumatlı olmadığı üçün "Cosplay Mode" məlumat jurnalının mütəxəssislərindən kömək istəmiş, kospley etiketi, makyaj və kospley hazırlamaq haqqında məlumatlar əldə etmişdirlər. Şinohara "Suzuki Kuklaları"na gedərək Keyşo Suzuki ilə görüşmüş, hina kuklaları və onların hazırlanması haqqında məlumatlar yığmış, bu prosesi videoya çəkmişdir. Ssenari görüşlərində birinci mövsümün final səhnəsi üçün hansı səhnənin seçilməsi müzakirə olunanda əvvəlcə atəşfəşanlıq festivalından bir səhnənin seçilməsi təklif olunmuş, lakin daha sonra "Səni sevirəm" səhnəsinin daha yaxşı olacağına qərar verilmişdir. Hekayədəki uydurma "Flower Princess Blaze!!" animesini retro üslubda göstərmək üçün həmin səhnələrdə 4:3 formatından istifadə olunmuşdur. Fukuda anime adaptasiyasının ilk 2 seriyasını izlədikdən sonra adaptasiyasını o qədər bəyənmişdir ki, sevincdən ağlamış və həmin seriyaları 13 saat boyunca təkrar-təkrar izləmişdir.

Marin hekayədə qyaru personaj olduğu üçün Nakayama onun replikalarının qyaru kimi səslənməsinə diqqət yetirmiş, hətta Fukuda personajın ssenaridəki replikaları nəzərdən keçirərək düzəlişlər aparmışdır. İstehsalçı heyət Marini səsləndirəcək aktrisanı axtaranda əvvəlcə necə bir səs axtardıqlarını bilmirdilər. Personajı səsləndirmək üçün Hina Suqutanın seçilməsi səs rejissoru Fucita Akiko tərəfindən təklif olunmuş, ilk dinləmədən sonra dərhal onun bu rola uyğun olduğu qərarına gəlinmişdir. Fucita dublaj prosesində yaxından iştirak etmiş, hər bir dialoqun səsləndirilməsi zamanı aktyorlara öz göstərişlərini vermişdir.

Media Manqa

Manqa seriyası Şiniçi Fukuda tərəfindən yazılmış və çəkilmişdir. 19 yanvar 2018-ci ildən 21 mart 2025-ci ilə qədər "Young Gangan" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 15 tankobon cildi buraxılmışdır. Birinci cild 24 noyabr 2018-ci ildə, sonuncu və 15-ci cild 25 iyun 2025-ci ildə buraxılmışdır.

Çoboraunyopomi tərəfindən yazılan və illüstrasiya olunan "Bisque Doll de chu♥︎" adlı spin-off manqası 20 dekabr 2024-cü ildə "Young Gangan" jurnalında serializasiya olunmağa başlamışdır. Birinci tankobon cildi 25 iyul 2025-ci ildə buraxılmışdır.

Anime

16 aprel 2021-ci ildə "Young Gangan" jurnalının 9-cu buraxılışında manqa seriyasının anime serialı adaptasiyası anons edilmişdir. "CloverWorks" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Keysuke Şinohara, ssenaristi Yoriko Tomita, personaj dizayneri və baş animasiya rejissoru Kazumasa İşihara, bəstəkarı Takeşi Nakatsuka və səs rejissoru Akiko Fucitadır. Birinci mövsüm 9 yanvardan 27 mart 2022-ci ilə qədər Tokyo MX və digər kanallar vasitəsilə yayımlanmışdır. Açılış mahnısı "Spira Spica" tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Akari Akase tərəfindən ifa olunan mahnısıdır. 24 sentyabr 2022-ci ildə anime serialının rəsmi fanat kitabı buraxılmışdır.

İkinci mövsüm 17 sentyabr 2022-ci ildə anons edilmişdir. İkinci mövsüm 6 iyuldan 21 sentyabr 2025-ci ilə qədər yayımlanmışdır. Açılış mahnısı "Spira Spica" qrupu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı "PiKi" qrupu tərəfindən ifa olunan "Kawaii Kaiwai" mahnısıdır.

Dorama 2024-cü ilin avqustunda dorama adaptasiyası anons edilmişdir. Doramada Marin Kitaqava rolunu Riko Naqase, Vakana Qoco rolunu Koto Nomura canlandırmışdır. "Kyodo Television" tərəfindən istehsal olunan doramanın rejissoru Koci Şintoku və ssenaristi Satoko Okazakidir. Serial 9 oktyabr 2024-cü ildə MBS kanalının Dramaism veriliş bloku vasitəsilə yayımlanmağa başlamışdır.

Qəbul 2023-cü ilin oktyabrında manqanın tirajı 10 milyon nüsxəni keçmişdir. Manqa 2020-ci ildə Rəqəmsal Komiks Mükafatının kişilər kateqoriyasının qalibi olmuşdur.

Anime adaptasiyasının ikinci mövsümü 2026-cı ildə "İlin həyat dilimi animesi" kateqoriyasında Anime Trend Mükafatının qalibi olmuşdur.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ilin manqaları Kateqoriya:2024-cü ilin manqaları Kateqoriya:2022-ci ilin anime serialları Kateqoriya:Kospley Kateqoriya:Qyaru Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:CloverWorks Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Tokyo Metropolitan Television verilişləri

Kateqoriya:Eççi anime və manqaları