Renat Maarif oğlu Mirzəliyev (, ; ) — Ukrayna, Rusiya və Azərbaycanı təmsil etmiş cüdoçu. Avropa çempionu (2001). Ukraynanın beynəlxalq dərəcəli idman ustası.

Həyatı 24 mart 1982-ci ildə Ukrayna SSR-in Dnepropetrovsk şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Atası əslən Gədəbəydəndir.

Renat, 8 yaşından cüdo ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Aleksandr Filipovski olub. 14 yaşında idman ustası, 18 yaşında isə beynəlxalq dərəcəli idman ustası dərəcəsini alıb.

1997-ci ildə Lissabonda təşkil olunmuş Avropa Gənclər Olimpiya Festivalının qalibi olub.

2000-ci ildə Nabul şəhərində keçirilmiş gənclər arasında dünya çempionatında qızıl medal qazanıb.

2001-ci ildə Paris şəhərində baş tutmuş Avropa çempionatında 66 kq çəki dərəcəsində yarışan Mirzəliyev, bütün rəqiblərini üstələyərək, qitə birinciliyinin qalibi olub.

Avropa çempionluğundan bir müddət sonra Rusiyanın Çelyabinsk şəhərinə köçüb və vətəndaşlığını dəyişərək Rusiya bayrağı altında çıxış etməyə başlayıb. Lakin Ukrayna tərəfi bu keçid üçün lazımi icazələri vermədiyindən, 3 il müddətində yalnız daxili turnirlərdə iştirak edə bilib. 2002-ci ildə Rusiya çempionatında bürünc medal qazanıb.

2007-ci ildə Dnepropetrovska dönüb və yenidən Ukraynanı təmsil etməyə başlayıb. 3 il zədələrdən əziyyət çəkən Mirzəliyev, 2010-cu ildə yenidən tatamiyə qayıdıb. Eyni ilin may ayında Ukrayna Kubokunda gümüş, iyun ayında isə Avropa Kubokunda qızıl medal qazanıb. Bu uğurlardan sonra İspaniyada təlim-məşq toplanışı zamanı Azərbaycan millisinin nümayəndələrinin diqqətini özünə cəlb edib. Tarixi vətənini təmsil etməyə razılıq verən Mirzəliyev, il yarım müddət ərzində ciddi heç nə ilə yadda qalmayıb və yenidən Ukraynaya qayıdıb.

Şəxsi həyatı Renatın adı futbol həvəskarı olan atası tərəfindən futbolçu Rinat Dasayevin şərəfinə qoyulub.

Böyük qardaşı Ruslan da peşəkar cüdoçudur.

Ailəlidir, bir qızı var.

İstinadlar

Xarici keçidlər Renat Mirzəliyev — 2001-ci il Avropa çempionatının qalibi

Kateqoriya:Ukrayna cüdoçuları Kateqoriya:Rusiya cüdoçuları Kateqoriya:Azərbaycan cüdoçuları Kateqoriya:Cüdo üzrə Avropa çempionları Kateqoriya:Azərbaycan əsilli ukraynalılar Kateqoriya:Ukrayna azərbaycanlıları Kateqoriya:Rusiya azərbaycanlıları