Əhməd Məzhər Müfit Qansu (; ) — Türkiyə dövlət xadimi, valisi, millət vəkili və idarəçisi.

Mülkiyyə Məktəbini bitirmişdir. Gelibolu İdadisində müəllimlik, Ədirnə İdadisində tarix müəllimliyi və direktor müavinliyi, Ədirnə vilayətində maiyyət məmurluğu, Havsa, Türkiyə, Uzunkörpü və İskəçə kaymakamlıqları, Komotini sancağı, Lazistan (Rizə), Mersin, İzmit və Karesi (Balıkesir) mutəsərrıflıqları, Bitlis və Mamürətül-Əziz (Elazığ) valilikləri vəzifələrində çalışmışdır. Erzurum konqresində Bitlis nümayəndəsi, Sivas konqresində Hakkari təmsilçisi olmuş, Heyəti-Təmssiliyyə üzvü kimi fəaliyyət göstərmişdir. "Ziraat Bank"ın İdarə Heyətinin üzvü, Osmanlı Məclisi-Məbusanının IV dövründə Hakkari məbusu, Türkiyə Böyük Millət Məclisinin I dövründə Hakkari, II, III, IV və V dövrlərdə Dənizli, VI və VII dövrlərdə isə Çoruh (Artvin) millət vəkili olmuşdur. TBMM-də I dövrdə Daxiliyyə, Nafiyyə, Tədqiqi-Həsabat və Divanı-Mühasibat əncümənlərinin sədri, Yozqat İstiqlal Məhkəməsinin üzvü, II dövrdə 1-ci şöbənin sədri, Diyarbəkir İstiqlal Məhkəməsinin sədri, Tədqiqi-Həsabat və Divanı-Mühasibat komissiyalarının sədri, VI dövrdə Məclis Hesablarını Tədqiq Komissiyasının sədri, IV dövrdə Parlamentlər Türk Qrupunun qurucu üzvü və xəzinədarı olmuşdur.

Erkən həyatı

1872-ci ildə Dənizlidə anadan olmuşdur. Atası Ədirnə vilayətinin Dəftəri-Həqani müdiri Süleyman Müfid bəy, anası isə Fatma xanım idi. Təhsilinə İstanbulda Fateh Rüşdiyyəsində başlamış, atasının Ədirnəyə təyinatı ilə əlaqədar olaraq təhsilini Ədirnə Rüştiyə Məktəbində və Ədirnə Mülkiyyə İdadisində davam etdirmişdir. 1889-cu ildə idadini bitirdikdən sonra İstanbulda Məktəbi-Mülkiyyəyə daxil olmuş və 1891-ci ildə bu məktəbi bitirmişdir.

Karyerası Məzuniyyətdən sonra Geliboluda, 1892-ci ildən etibarən isə Ədirnə İdadisində direktor müavini olmaqla yanaşı, türk dili, tarix və riyaziyyat müəllimliyi etmişdir. 1899-cu ilə qədər müəllimlik fəaliyyətini davam etdirdikdən sonra kaymakamlığa yüksəldilmişdir. İlk inzibati vəzifəsi Havsa olmuş, 1903-cü ildə Çorluya, 1904–1910-cu illərdə isə altı il müddətində Cisri-Ərgənə (Uzunkörpü) kaymakamlığına təyin edilmişdir.

1910–1912-ci illərdə Komotini, 1913-cü ildə Lazistan və Mersin, 1913–1917-ci illərdə isə İzmit və daha sonra Karesi (Balıkesir) mütəsərrıflıqlarında çalışmışdır.

Siyasi fəaliyyətə İttihad və Tərəqqi Firqəsinə üzv olmaqla başlayan Qansu Ərzurum konqresində kamalçı hərəkatına qoşulmuş, Sivas konqresində fəal rol oynamış və Anadolu–Rumeli Müdafiəyi-Hüquq Cəmiyyətinin üzvləri sırasında yer almışdır.

1918-ci ildə Bitlis valisi təyin edilmiş, lakin 25 may 1919-cu ildə Bitlis valisi olduğu vaxt İstanbul hökuməti tərəfindən vəzifəsindən azad edilmişdir. 13 iyun 1919-cu ildə Bitlisdən İstanbula qayıtmaq əvəzinə Ərzuruma getməyə qərar vermiş, Ərzurum konqresində Mustafa Kamal ilə birlikdə çalışmışdır. Ardınca Heyəti-Təmssiliyyə üzvü kimi 2 sentyabr 1919-cu ildə Sivas şəhərinə keçmiş, Sivas konqresində iştirak etmişdir. Burada qurulan Anadolu–Rumeli Müdafiəyo-Hüquq Cəmiyyətində fəaliyyət göstərmiş, 2 oktyabr 1919-cu ildə istefa verən Kürəkən Fərid Paşa kabinetinin yerinə kamalçıları dəstəkləyən dəstəkləyən Əli Rza Paşa kabinetinə qatılmaq məqsədilə Ankara üzərindən İstanbula getmişdir.

12 yanvar 1920-ci ildə İstanbulda toplanan son Osmanlı Məbusan Məclisinə Hakkaridən məbus kimi qatılmışdır. Antanta dövlətlərinin təzyiqi nəticəsində fəaliyyətsiz qalan və 11 aprel 1920-ci ildə sultanın əmri ilə bağlanan bu məclisin digər Heyəti-Təmssiliyyə üzvləri kimi çətin bir səfərdən sonra Ankaraya keçmişdir.

Türkiyə Respublikasında 23 aprel 1920-ci ildə açılan Türkiyə Böyük Millət Məclisinin I çağırış dövründə yenidən Hakkari millət vəkili seçilmişdir. Məclisdə əsasən Maliyyə Komissiyasında olmaqla bir çox komissiyalarda üzvlük və sədrlik etmişdir. Millət vəkili vəzifəsini saxlaması şərti ilə 1920-ci ilin may ayında Elazığ valisi təyin olunmuşdur. Sakarya döyüşü dövründə Ankaranın təhlükəsizliyi ilə bağlı hər hansı risk yaranacağı təqdirdə Məclis işlərinin müvəqqəti olaraq Kayseridə aparılması üçün TBMM tərəfindən Kayseriyə göndərilmişdir.

Kayseri, Yozqat, Kırşehir, Diyarbəkir və Niğdə İstiqlal İstiqlal məhkəmələrində üzv və sədr kimi fəaliyyət göstərmişdir. Bunlardan Diyarbəkir İstiqlal Məhkəməsi öz fəaliyyətinin ilkin mərhələsində əsasən İstanbulda yaşayan kürd elitasını, xüsusilə Kürdüstanın Yüksəlişi Cəmiyyətinin keçmiş üzvlərini hədəf almış və onların bir qismini ölüm cəzasına məhkum etmişdir. Cəmiyyətin keçmiş rəhbərləri Seyyid Əbdülqədir və onun oğlu Seyyid Mehmed, Fuad Berxo və jurnalist Hizanizadə Kamal Fövzi 27 may 1925-ci ildə Diyarbəkir Ulu məscidinin qarşısında edam edilmişdir. Məhkəmənin çıxardığı hökmlər qəti xarakter daşıyır və apellyasiya qaydasında şikayət edilə bilmirdi.

Cümhuriyyətin elanından sonra da V dövrə qədər Dənizli, VI (1939) və VII (1943) dövrlərdə isə Çoruh (Artvin) millət vəkili olmuş, 1946-cı il seçkilərindən sonra siyasi fəaliyyətdən çəkilmişdir.

Mustafa Kamal ilə birlikdə olduğu dövrlərdə hadisələrlə bağlı xüsusi qeydlər aparan Qansunun "Erzurum'dan Ölümüne Kadar Atatürk'le Beraber"" adlı xatirələri 4 mart 1948-ci ildə "Son Telgraf" qəzetində dərc edilmiş, 1966-cı ildə isə Türk Tarix Qurumu tərəfindən iki cild halında nəşr olunmuşdur.

Əhməd Məzhər Qansu 12 noyabr 1948-ci ildə İstanbulda vəfat etmişdir. Evli idi və üç övladı var idi.

İstinadlar

Kateqoriya:TBMM I çağırış deputatları Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM IV çağırış deputatları Kateqoriya:TBMM X çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı siyasətçiləri