Əbu Abdillah Bədrəddin Məhəmməd ibn Bahadır ibn Abdillah ət-Türki əl-Misri əl-Minhəci əz-Zərkəşi əş-Şafii (; ) — Şafii alimi.

Həyatı

Mənşəyi Hicri 745-ci (1344) ildə Qahirədə anadan olmuşdur. Ləqəbləri türk əsilli olduğu üçün "Türki", zərgər olduğu üçün "Zərkəşi" və "Minhəcüt-talibin" əsərini əzbər bildiyi üçün də "Minhəci"dir.

Təhsili və fəaliyyəti Təhsil almağa kiçik yaşlarından başlamış, başda "Minhəcüt-talibin" olmaqla bəzi əsərləri əzbərləmişdir. Cəmaləddin İsnəvi, Siracəddin əl-Bulqini, Moğultay ibn Qılıç, Şəhabəddin ibn əl-Hənbəli, İbn Hişam ən-Nəhvi, Əbül-Fida İbn Kəsir, Səlahəddin ibn Əbu Ömər (Məhəmməd ibn Əhməd əl-Məqdisi əs-Salehi) və İbn Ümeylə əl-Maraği və Şəhabəddin əl-Əzraiyə tələbəlik etmişdir.

Tələbələri arasında uşaqları, Şəmsəddin Məhəmməd ibn Əbdüddaim əl-Birməvi, Əbül-Həsən Nurəddin Əli ibn Məhəmməd ibn Musa əl-Məhəlli əl-Mədəni əş-Şafii, Şəmsəddin ibn əl-Maraği əl-Mədəni (Məhəmməd ibn Əbu Bəkr ibn Hüseyn), Kəmaləddin Məhəmməd ibn Həsən əş-Şümünni əl-İskəndəri əl-Maliki və Əbül-Fütuh Nəcməddin Ömər ibn Hicci əs-Sədi əl-Hüsbəni əd-Dəməşqi əş-Şafii kmi fərqli məzhəblərə mənsub alimlər vardır.

Tələbələrindən Birməvi, Zərkəşinin bütün vaxtını elmi fəaliyyətə həsr etdiyini, gündəlik xərclərinin isə qohumları tərəfindən ödənildiyini qeyd etmişdir. İbn Həcər əl-Əsqəlaninin bildirdiyinə görə, Zərkəşi vaxtının böyük hissəsini evində elmlə məşğul olaraq keçirər; bəzən kitabçılar bazarına gedər, kitab almadan əsərləri nəzər salıb qeydlər aparar, evə qayıtdıqda isə bu qeydləri öz əsərlərinin müvafiq yerlərinə qeyd edərdi. Zərkəşi dini elmlərin müxtəlif sahələrinə aid əsərlər qələmə almış və çoxunu şəxsən özünü qələmə almışdır. Fətva verməklə məşğul olmuş, Zahiriyyə mədrəsəsində Şafii məzhəbi müəllimliyi etmiş və Qarafətüs-Suğradaki Kəriməddin xanəgahında şeyxlik etmişdir.

Ölümü Zərkəşi, 3 Rəcəb hicri 794-cü (1392) ildə Qahirədə vəfat etmiş ve Qarafətüs-Suğrada Əmir Bəgtəmür əs-Səki türbəsinin yaxınlığında dəfn edilmişdir.

Əsərləri Əsərlərindən bəziləri bunlardır:

Əl-Burhan fi Ülumil-Quran. Təfsirlə bağlı qələmə alınmış əsər. İbn Həcər bu əsəri "heyranedici və ən mükəmməl əsərlərdən biri" adlandırmışdır.

Ən-Nükət alə Müqəddiməti-İbnis-Salah. İbn əs-Salahın "Ülum əl-hədis" adlı əsərinin şərhi. Ən-Nükət aləl-Ümdə fil-əhkam. Əbdülqəni əl-Məqdisinin "Ümdətül-əhkam" əsərindəki hədislərin nisbətlərinin doğruluğunun qeyd edildiyi və dil nöqtəyi-nəzərindən təhlillərinin aparıldığı əsər. Əl-İcabə li-iradi məstədrəkəthü Aişə aləs-səhabə. Özündə Aişənin digər səhabələrə hədis və şərh nöqtəyi-nəzərindən yönəltdiyi tənqidləri ehtiva edən əsər. Ət-Təzkirə fil-əhadisil-müştəhirə. Əsərdə xalq arasında hədis deyə bilinən rəvayətlər sənəd və mətn baxımından dəyərləndirilmişdir. Ət-Tənqih li-əlfəzil-Cəmiis-səhih. "Şərhül-Buxari" adlı tədqiqatının bir cildlik xülasəsi. Əl-Mötəbər fî təxrici-əhadisil-Minhəc vəl-Müxtəsər. Qazı Bəyzavinin əsərlərindəki hədislərin təxrici ilə bağlı olan əsər. Əz-Zəhəbül-ibriz fi təxrici əhadisi-Fəthil-əziz. Əbdülkərim ər-Rəfiinin əsərindəki hədislərin təxrici və təhlili ilə bağlı qələmə alınmış əsər.

Əl-Bəhrül-mühit fi üsulil-fiqh. Fiqh üsulu ilə bağlı əsər. Səlasilüz-zəhəb. Xilaf elmi metodları ilə qələmə alınmış fiqh üsulu ilə bağlı əsər. Təşnifül-məsəmi bi-Cəmil-cəvami. Tacəddin əs-Subkinin müxtəsər əsərinin şərhi. Əsər bir müqəddimə ilə yeddi hissədən ibarətdir. Əl-Mənsur fil-qəvaid (əl-Qəvaid). Əsərdə qaydalar əlifba sırası ilə cəmlənmişdir.

İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Sünnilik Kateqoriya:İslamşünaslar Kateqoriya:Məşhurlar Kateqoriya:Misir şəxsləri Kateqoriya:Şafii məzhəbi