Osmanlı Rəssamlar Cəmiyyəti — dövrün sənət və sənətkar problemlərinə həll yolları tapmaq məqsədilə Osmanlı dövlətində 1909–1919-cu illər arasında fəaliyyət göstərmiş müstəqil rəssamlar təşkilatı.
Bu qurum ölkədə Sənayeyi-Nəfisə Məktəbindən sonra yaradılmış ikinci sənət müəssisəsi, eyni zamanda Türkiyə rəssamları tərəfindən təsis edilmiş ilk təşkilat kimi qiymətləndirilmişdir. "Osmanlı dövlətində rəssamlığın inkişafı və Osmanlı rəssamlarının gələcəyinin təmin olunması naminə birləşməsi" prinsipinə əsaslanan cəmiyyət geniş xalq kütlələri arasında təsviri sənətə və sənətkara maraq oyatmaq məqsədi ilə fəaliyyət göstərmişdir.
Hüquqi mövcudluğu 1919-cu ildə başa çatan təşkilatın fəaliyyəti 1921-ci ildən etibarən Türkuyə Rəssamlar Cəmiyyəti, 1926-cı ildən Türkiyə Sənayeyi-Nəfisə Birliyi, 1929-cu ildən sonra isə Gözəl Sənətlər Birliyi adı altında davam etdirilmişdir. Bu ardıcıllıq nəticəsində qurum 1929-cu ildə Müstəqil Rəssamlar və Heykəltəraşlar Birliyinin yaradılmasına qədər ölkədə yeganə rəssam birliyi kimi fəaliyyət göstərmişdir.
Tarixi thumb|right|Cəmiyyət tərəfindən nəşr olunan qəzetin ilk sayının üz qabığı.
İkinci Məşrutiyyətin elan olunmasından sonra assosiasiya yaratmaq azadlığının tanınması ilə bağlı olaraq, rəssam Mehmed Ruhi Arel tərəfindən irəli sürülən təşəbbüs əsasında əsasən Sənayeyi-Nəfisə Məktəbinin məzunu olan gənc rəssamlardan ibarət bir qrup Osmanlı Rəssamlar Cəmiyyəti adı altında təşkilatlanmışdır. Cəmiyyətin yaradılması dövrün Üsküdar mütəsərrifinin razılığı ilə Üsküdarda həyata keçirilmişdir.
Cəmiyyətin ilk üzvləri sırasında Sami Yetik, Şövkət Dağ, Hikmət Onat, İbrahim Çallı, Agah bəy, Mehmed Ruhi Arel, Əhməd Ziya Ağbulud və heykəltəraş Məsrur İzzət Bəy yer almışdır. Sonrakı dövrdə Feyhaman Duran, Hüseyn Avni Lifij, Murtəza, Mithad Rəbi, Tomas Əfəndi, Müfidə Qədri və Rüfət kimi sənətkarların cəmiyyətə qoşulması ilə üzvlərin sayı artmışdır.
İlk sədri Sami bəy olmuş Osmanlı Rəssamlar Cəmiyyəti 1910–1914-cü illər arasında ölkənin ilk sənət jurnalı hesab edilən "Osmanlı Rəssamlar Cəmiyyəti Məcmuəsi"ni nəşr etmişdir. Cəmiyyət və onun nəşri özünün də rəssam olduğu Şahzadə Əbdülməcid Əfəndi tərəfindən dəstəklənmişdir.
Cəmiyyət 1916-cı ildə Qalatasaray Sərgisini təşkil etməklə Türkiyə rəssamlarının əsərlərinin tanıdılmasında mühüm rol oynamışdır. Qalatasaray Liseyində 48 sənətkarın iştirakı ilə keçirilmiş bu genişmiqyaslı sərgi Türkiyə rəssamları tərəfindən açılmış ilk kollektiv sərgi kimi tarixə düşmüşdür. Sərgidə iştirak edən rəssamlarla "proqram" adlandırılan müqavilələrin bağlanması ilə cəmiyyət Türkiyənin ilk sənət qalereyası funksiyasını yerinə yetirmiş və qalereyaçılıq qaydalarının ilkin nümunələrini formalaşdırmışdır.
1919-cu ildə cəmiyyətin adı Türkiyə Rəssamlar Cəmiyyəti olaraq dəyişdirilmiş və fəaliyyət istiqaməti yenidən müəyyənləşdirilmişdir. Türkiyə Rəssamlar Cəmiyyətinin yaradılması ilə Osmanlı Rəssamlar Cəmiyyətinin hüquqi mövcudluğu sona çatmışdır.
Məcmuəsi
Cəmiyyət Balkan müharibələri dövründə üzvlərinin düşüncə və sənət anlayışlarını ictimaiyyətə çatdırmaq məqsədilə "Osmanlı Rəssamlar Cəmiyyəti Məcmuəsi" adlı aylıq jurnal nəşr etmişdir. İlk sayı 1910-cu ilin mart ayında çap olunan jurnal dörd il ərzində ümumilikdə 18 sayda yayımlanmışdır. Nəşrdə Osman Həmdi Bəyə və Xoca Əli Rza bəyə həsr olunmuş iki xüsusi buraxılış yer almışdır. Jurnalın son nömrəsi 1914-cü ilin iyul ayına aid olmuşdur.
Məsul redaktoru Osman Asəf olan jurnalda Xoca Əli Rza, Sami Yetik, Ruhi Arel və Əhməd Ziya Aəbulud kimi sənətkarların məqalələri dərc edilmişdir. Nəşr Türkiyədə təsviri sənət mədəniyyətinin yayılmasında mühüm rol oynamışdır.
İstinadlar