Zəhra Aylin (; ) — Mustafa Kamal Atatürkün ilk mənəvi qızı.
1924-cü ildə Atatürkün ilk mənəvi qızı olaraq Çankaya köşkünə gələn Zəhra Aylin, gənc yaşında qatardan düşərək vəfat etmişdir. Həyatı Zəhra Aylin 1912-ci ildə Amasyada dünyaya gəlib. Onun əsl adı Zührə olub, sonradan Zəhraya çevrilib. Mehmed bəylə, Həvva xanımın qızıdır. Bacısı Nuriyə 1913-cü ildə anadan olub. Türkiyə İstiqlaliyyət müharibəsində əfsanələşmiş yüzbaşı olan atası 1916-cı ildə, anası isə 1917-ci ildə vəfat etmişdir.
1916-cı ildə o, internat məktəbinə yerləşdirilib. "Amasya Yetim Qızlar Yurdu Qeydiyyat Dəftəri"nin araşdırıldığı "Kimsəsizlər sığınacağı: Amasya Yetim Qızlar Yurdu" başlıqlı tədqiqat işinində atasının "dükançı" olduğu, səfərbərlik zamanı müharibəyə getdiyi və yüzbaşı olması barədə məlumat vardır.
25 sentyabr 1924-cü ildə, Prezident Mustafa Kamal Paşanın həyat yoldaşı Lətifə xanımla birlikdə Amasyaya səfəri zamanı baş çəkdikləri "Darül-Eytam"da (yetimlər evi) onunla tanış olur. Mustafa Kamalın "ilk mənəvi qızı" olaraq Ankaraya aparılır. 1925-ci ildə Konyadan Ruqiyə, Bursadan Səbihə, İzmirdən Afət, 1927-ci ildə isə İstanbuldan Nəbilə ailəyə qatılaraq, ailənin yeni mənəvi övladları olurlar.
İbtidai təhsilini Ankarada, Çankaya köşkündəki iki sinifli özəl bir məktəbdə almışdır. Burada Zəhra Aylin mənəvi bacıları Səbihə və Ruqiyə ilə yanaşı, Qılınc Əli bəyin, Fuad Bulca və Saleh Bozokun övladları ilə birgə oxumuşdur.
Orta təhsilini mənəvi bacısı Səbihə ilə birlikdə İstanbul, Arnavutköy Amerikan Qız Kollecində (indiki adı: Robert Kolleci) alıb. Bir müddət Səbihə ilə birgə aviasiyaya maraq göstərsə də, bu marağı davamlı olmadı. Soyad Qanunu ilə "Aylin" soyadını qəbul etdi. Məzun olduqdan sonra ali təhsilini Londondakı Müqəddəs Hilda Kollecində davam etdirib. Lakin bir müddətdən sonra vətəninə qayıtdı. Təhsilini tamamladıqdan sonra, vətənə dönməsini istəyən mənəvi atası Atatürk, Zəhranın xəstəliyi səbəbindən 1935-ci ildə onun bir müddətlik Türkiyəyə gəlməsinə icazə verdi.
Londondan gəmi ilə Fransaya gəldikdən sonra, Paris ekspresinə minən Zəhra, Amyen yaxınlığında naməlum səbəbdən qatardan düşərək vəfat etdi. Amyendə keçirilən mərasimdən sonra cənazəsi İstanbula gətirilən Zəhra Aylinin nəşi 21 noyabr 1935-ci ildə Maçka qəbiristanlığında torpağa verildi.
Ölümündən sonra, intihar şayiələri yayıldı. Atatürkün digər mənəvi qızı Səbihə Gökçən özünün də bu şayiələrə inandığını bildirmişdi. İstinadlar