300px|thumb|right|Vyanada qadınlar 1919-cu ilin fevral ayında Milli Məclisə keçirilən seçkilərdə səs verirlər. Avstriyada qadınların seçki hüququ — Avstriyada qadınların seçki hüququ 12 noyabr 1918-ci ildə Habsburq monarxiyasının süqutundan və Birinci Dünya müharibəsinin bitməsindən sonra Avstriya Respublikasının elan edilməsi ilə tətbiq edilib. Kişilər 1861-1907-ci illər arasında tədricən səs vermək hüququ qazansalar da, 1861-ci il Fevral patentindən sonra qadınlar siyasi iştirakdan açıq şəkildə kənarlaşdırılıblar. 1907-ci ilə qədər yalnız subay olan qadın torpaq sahiblərinə səs verməyə icazə verilirdi. Tarixi Almaniyada 1848-1849-cu illər inqilabından sonra fəaliyyət göstərən qadın təşkilatları əsas diqqəti təhsil və karyera imkanlarının yaxşılaşdırılmasına, həmçinin əmək hüquqlarına yönəltmişdilər. Yalnız XIX əsrin sonunda qadınlar seçki hüququ tələb etməyə başladılar.
Avstriyadakı seçki hüququ hərəkatı, müxtəlif qruplar arasındakı fərqli yanaşmalara görə başlanğıcda vahid şəkildə birləşə bilməmişdi. İki əsas qrup mövcud idi: Sosial-demokratlar və 1893-cü ildə Auquste Fikkert tərəfindən təsis edilmiş burjua-radikal meyilli Ümumi Avstriya Qadınlar Birliyi (Allgemeiner Österreichischer Frauenverein). Hər iki qrup öz müvafiq partiyaları ilə sıx ittifaqda idi.
Avstriya Sosial-Demokrat Partiyası həm kişilər, həm də qadınlar üçün ümumi seçki hüququ tələb edən ilk siyasi partiya idi. Buna baxmayaraq, kişilərin seçki hüququnun tətbiqi partiya üçün daha böyük əhəmiyyət kəsb edirdi və qadınların seçki hüququ məsələsi kompromis naminə tez-tez danışıqlardan kənarda qalırdı.
Adelhayd Popp sosial-demokrat qadın hərəkatının aparıcı fiquru idi və 1 oktyabr 1893-cü ildə Vyanada qadınların seçki hüququ uğrunda ilk etiraz aksiyasını təşkil etmişdi. 250px|thumb|left|Marianna Saxl-Deutç tərəfindən 1912-ci ildə Vyanada keçirilən Qadınlar Günü üçün çəkilmiş poster. 1902-ci ildə Marianna Hainisç, Avstriya qadın təşkilatları üçün bir çətir qurumu yaratmaq və beynəlxalq səviyyədə daha yaxşı əlaqələr qurmaq məqsədilə "Bund Österreichischer Frauenvereine"ni (Avstriya Qadın Birlikləri Federasiyası) təsis etdi. Tələblərində ehtiyatlı davranan və ya diqqəti digər mövzulara yönəldən Sosial Demokratlardan və "Ümumi Avstriya Qadınlar Birliyi"ndən fərqli olaraq, bu federasiya qadınların seçki hüququnun tələb edilməsində daha fəal və qətiyyətli idi.
1867-ci il "Cəmiyyətlər haqqında qanun" açıq şəkildə siyasi birliklərin yaradılmasını qadağan etsə də, 1905-ci ildə Ernestine Fürth federasiyanın struktur daxilində qadınların seçki hüququ üzrə bir komitənin yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu komitənin müstəqil bir birliyə çevrilməsi barədə müraciət 1907-ci ildə rədd edildi.
1910-cu illərdə qadınların seçki hüququ uğrunda fəallıq daha da artdı. "Bund Österreichischer Frauenvereine" daxilindəki qadın seçki hüququ komitəsi 1911-ci ildən etibarən bu mövzuda "Zeitschrift für Frauen-Stimmrecht" (Qadın Seçki Hüququ Jurnalı) adlı jurnalı nəşr etməyə başladı və Avstriyanın bir neçə şəhərində komitənin şöbələri yaradıldı.
Alman sosialisti Klara Setkinin Beynəlxalq Qadınlar Gününün təsis edilməsi haqqındakı çıxışından ilhamlanan Adelhayd Popp və digər sosial-demokratlar, 19 mart 1911-ci ildə Vyanada qadın seçki hüququ üçün aksiya təşkil etdilər. "Arbeiter-Zeitung" qəzetinin məlumatına görə, nümayişdə təxminən 20.000 qadın və həmçinin kişilər iştirak etmişdi. Aksiya zamanı "Qadın seçki hüququ təmin edilsin" (Heraus das Frauenwahlrecht) və ya "Yaşasın qadın seçki hüququ" (Hoch das Frauenwahlrecht) kimi şüarlar qaldırılmışdı.
Bu nümayişlər hər il, hətta Birinci Dünya müharibəsi illərində də keçirilməyə davam etdi.
Qadınların seçki hüququnun tətbiqi Birinci Dünya müharibəsi hələ davam edərkən, 30 may 1917-ci ildə keçirilən parlament assambleyasında sosial-demokrat Karl Zayts qadınlara bərabərhüquqlu vətəndaşlar kimi yanaşılmasını tələb etdi.
1918-ci ilin oktyabrında həm burjua, həm də sosial-demokrat qadın təşkilatları Milli Assambleyaya birgə petisiya ünvanladılar. 12 noyabr 1918-ci ildə — Respublikanın elan edildiyi gün dövlət və hökumət islahatları haqqında qanun təqdim edildi. İslahatın 9-cu maddəsində qeyd olunurdu ki, Avstriya Parlamentinə seçkilər zamanı seçki hüququ ümumi olmalı və cinslər arasında fərq qoyulmamalıdır. Qanun layihəsini hazırlayan sosial-demokrat Karl Renner sonralar xatırlayırdı ki, o, qadınların seçki hüququnu sanki təbii və aşkar bir məsələ kimi təqdim etməyə çalışmışdı ki, bu mövzuya həddindən artıq diqqət cəlb olunmasın. 1919-cu ilin fevralında keçirilən Müəssislər Məclisinə seçkilər Avstriyada qadınların milli seçkilərdə iştirak edə bildiyi ilk hadisə oldu. Seçkilər nəticəsində bu qadınlar parlamentə daxil olan ilk nümayəndələr oldular: Sosial-demokratlar - Anna Boşek, Emmi Froindlix, Adelhayd Popp, Leopoldine Qlökel, Qabriele Proft, Tereza Şlezinger, Amaliya Zaydel və Mariya Tuş, Xristian Sosial Partiyasından Hildeqard Burjan.
Bütün Sosial-demokratlar qanunun qəbul edilməsinin tərəfdarı idilər. Xristian Sosial Partiyası və Alman Milli Partiyası isə əvvəlcə buna qarşı çıxsalar da, nəticədə Xristian Sosial Partiyasını razı salmaq mümkün oldu. Onlar qadınların seçki hüququnun yalnız məcburi səsvermə şərti ilə tətbiq olunmasını istəyirdilər. Çünki öz qadın seçici kütlələrini seçkilərdə iştiraka razı salmağın, Sosial-demokratlara səs verən qadınlarla müqayisədə daha çətin olacağından qorxurdular. Yekunda məcburi səsvermə Avstriyanın federal ştatları tərəfindən tətbiq edilə bildi ki, bu da Tirol və Forarlberq ərazilərində baş tutdu.
1930-cu ilə qədər qadınlar və kişilər müxtəlif rəngli zərflərlə səs verirdilər. Bu, siyasi üstünlüklərin cinsiyyətə görə təhlil edilməsinə imkan yaradırdı. Mövcud siyasi partiyalar üçün bu çox vacib idi, çünki onlar qadınların seçki hüququnun siyasi mənzərəyə necə təsir edəcəyini əvvəlcədən bilmirdilər. Seks işçiləri "mənəvi" səbəblərə görə səsvermədən kənarlaşdırılmışdılar və bu qayda yalnız 1923-cü ildə dəyişdirildi.
İstinadlar
Kateqoriya:Qadın hüquqları