Krım estonları (; ) — Krım ərazisində məskunlaşmış etnik estonlar.
Krım müharibəsindən sonra Krım tatarlarının kütləvi şəkildə Osmanlı imperiyasına köçməsi nəticəsində yarımadada yerləşən bir çox kənd boşalmışdır. Estoniyalı kəndlilərin əksəriyyətinin ağır iqtisadi vəziyyətdə olması onların bir qisminin Krıma köçmək qərarına gəlməsinə səbəb olmuşdur. Eston mühacirlər ilkin dövrlərdə lüteranlıqdan ayrılmış bir cərəyan olan maltsvetianlığa mənsub olmuşdular, lakin maddi rifahın yüksəlməsi və digər Krım sakinləri arasında qazanılan nüfuz onları yenidən ortodoks lüteranlığına qaytarmışdır.
XIX əsrin sonunda Krım estonlarının böyük bir hissəsi kəndlərdə kompakt şəkildə yaşamışdır. Əsasən varlı kəndlilərdən ibarət olan Krım estonları 1926-cı ildə seçki hüququndan məhrum edilmişdilər. 1936-cı ildə qəbul edilmiş "Stalin konstitusiyası" ilə onlara səsvermə hüququ geri qaytarılmışdır, lakin 1937–1938-ci illəri əhatə edən növbəti repressiya dalğası yarımadada yaşayan etnik estonların sayının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmışdır.
2014-cü il siyahıyaalınma məlumatlarına əsasən, Krımda 350 eston yaşamış və 2014-cü ilin əvvəlinə olan məlumata görə, bölgədə üç eston mədəniyyət təşkilatı fəaliyyət göstərmişdir.
Tarixi Krım müharibəsindən (1853–1856-cı illər) sonra mühacirət prosesi çərçivəsində Krım tatarlarının Osmanlı imperiyasına kütləvi köçü nəticəsində Krımın bir çox kəndləri boşalmışdır.Erik J. ZURCHER. Turkey: A Modern History. — 3. — IBTauris, 2004. — 424 p. — ISBN 9781860649585 . Bəzi tədqiqatçılar hesab etmişlər ki, Rusiya imperiyası hökuməti də müxtəlif təzyiqlər vasitəsilə bu köçü təşviq etmiş və ən azı qismən Krım tatarlarının çıxarılması proqramını həyata keçirmişdir. Estoniyadan əhalinin köçürülməsi bir sıra səbəblərlə izah olunmuşdur. Bunlar arasında kəndlilərin ağır iqtisadi vəziyyəti və Ostzey zadəganlığının eston kəndlilərinə münasibəti xüsusi yer tutmuşdur.Сальман Л. Я. Эстонское поселение Береговое. — М. : Фонд "Историческая память", 2017. — 224 с. ISBN 978-5-9990-0042-2 Yazıçı Eduard Vilde 1904-cü ildə Krımda topladığı materiallar əsasında yazdığı "Prohvet Maltsvet" () romanında köçün səbəblərini kəndlilərin doğma torpaqlarını tərk etməyə məcbur qalması ilə əlaqələndirmiş, bu prosesi aldadıcı vədlərlə yox, onların üzərində hökm sürən və müxtəlif formalarda davam edən təhkimçilik zülmü ilə izah etmişdir.Вильде, Эдуард Юрьевич. Пророк Малтсвет: роман / Эдуард Вильде; [перевод с эстонского: Б. Лийвак и Т. Маркович; под редакцией М. Кулишовой; послесловие: Ю. Кяосаар; иллюстратор: Э. Окас]. — Таллин: Эстонское государственное издательство, 1952. — 702 с.
thumb|Paydedə yerləşən Reopalu qəbiristanlığında Yuhan Leynberqin məzarı.
Tavrida quberniyasının hakimiyyət orqanları köçkünlərə bir sıra güzəştlər təqdim etmişdir. Belə ki, hər bir kişiyə 12–15 desyatin torpaq ayrılmış, hər ailəyə dövlət tərəfindən geri qaytarılmayan 100 rubl məbləğində vəsait, eləcə də bir il üçün taxıl və toxum verilmişdir. Əgər üç il ardıcıl məhsulsuzluq baş verərdisə, dövlət tərəfindən yenidən pulsuz taxıl və toxum təmin olunmuşdur. Bundan əlavə, Krımda məskunlaşmanın ilk səkkiz ili ərzində estonlar hərbi mükəlləfiyyətdən, can vergisindən və məhkəmə rüsumlarından azad edilmişdir.
thumb|Batmış gəmilərə abidə. A. Q. Adamson. 1905-ci il. Sevastopol thumb|Misxor su pərisi, A. Q. Adamson. 1907-ci il. (1984-cü ildə bərpa olunmuşdur). Misxor thumb|Arzinin qızı və Əli Baba, A. Q. Adamson, Misxor
1860-cı ildə Estoniyadan Krıma bir neçə ailə gəlmişdir. 1861-ci ildə Tavriya quberniyasına 23 ailədən, yaxud təxminən 120 nəfərdən ibarət böyük bir köçkün qrupu daxil olmuşdur. Bu insanlar lüteranlığın bir qolu olan maltsvetianlığın mərkəzləri sayılan Rannamııza və Tiskre kəndlərindən idilər. Maltsvetianlıq cərəyanının əsası "peğəmbər Maltsvet" ləqəbli eston Yuhan Leynberq tərəfindən qoyulmuşdur. Yoxsul estonların Krıma köçürülməsi ideyası çox vaxt Leynberqin adı ilə bağlanmışdır, lakin bu təşəbbüs əslində Qustav Malts tərəfindən irəli sürülmüşdür. İncili yaxşı bilən, lakin təhsilsiz olan Leynberqdən fərqli olaraq, Malts Kauzman-Şultsun coğrafiya dərsliyi (1854) və ona əlavə edilmiş, üzərində Krımın da təsvir olunduğu "Avropa və Fələstin" xəritəsi ilə tanış idi. Malts maltsvetianların etibarlı nümayəndəsi seçilmiş və artıq eston hakimiyyət orqanları tərəfindən axtarışda olan Leynberq ilə birlikdə 1861-ci ildə Krıma altı aylıq tanışlıq səfəri etmişdir. Simferopol Dövlət Torpaq İdarəsi estonlar üçün Qara dəniz sahilində (hazırda Bağçasaray rayonunun Berezovoye kəndi) ərazi ayırmışdır. 1861-ci ilin avqust ayında Estoniyanın şimalındakı Kolqa yaşayış məntəqəsindən Aabram Nortenin başçılığı ilə təxminən 10 ailədən ibarət növbəti qrup Tavriya quberniyasına gəlmişdir.
Estonlar Simferopoldan şimalda, Salgir çayının sahilində yerləşən Aktaçi-Kiyat (onlar buranı Abramovka adlandırmışdılar) kəndində məskunlaşmışlar. Digər bir köçkün qrupu K. Myarmyanın rəhbərliyi altında mülkədar Belovodskayaya məxsus Burlyuk kəndi ərazisində yerləşdirilmişdir. Daha sonra Krım yarımadasına 50 ailəlik köç pasportu ilə Ants Valkman gəlmişdir. Onların məskunlaşması üçün mülkədar Mariya Dalayeva Kara-Kiyat kəndində torpaq ayırmışdır. Ümumilikdə, Simferopol qəzasında mülkədar Qalayevin torpaqlarında 118, mülkədar Belovodovanın torpaqlarında isə 113 eston ailəsi məskunlaşmışdır. 1862-ci il ərzində Liflyandiya və Estlyandiya quberniyalarından Krıma 577 eston köç etmişdir. 1869-cu ildə bir neçə on ailədən ibarət üçüncü köç dalğası Krıma daxil olmuşdur.
1926-cı il Ümumittifaq siyahıyaalınma məlumatlarına görə, Krımda estonlar tərəfindən əsası qoyulan və ya XIX əsrin ikinci yarısında onlar tərəfindən bərpa edilən bir neçə yaşayış məntəqəsi mövcud olmuşdur: Berezovoye (Bağçasaray rayonu), Pervomayskoye (Pervomaysk rayonu), Krasnodarka, Novoestoniya, Upornoye, Qvardeyskoye (Pervomaysk rayonu), Kolodeznoye (Simferopol rayonu), Boz-Qoz, Kurulu-Kipçak və başqaları.
1882-ci ildə eston rəssamı Yohan Köler digər eston köçkünləri ilə birlikdə Krımda böyük Kuntaqani malikanəsini satın almış, lakin tezliklə maliyyə çətinlikləri ilə qarşılaşmışdır. Bir neçə ildən sonra malikanə borclara görə hərracda satılmışdır.
XIX əsrin sonunda eston yaşayış məntəqələrinin görkəmi dəyişmişdir. Evlər daşdan tikilməyə, damları isə kirəmitlə örtülməyə başlanmışdır. Həyətlərdə anbarlar və tövlələr tikilmiş, evlərin ətrafında meyvə bağları salınmış, yerli sənətkarlar, həkimlər və müəllimlər fəaliyyətə başlamışdır. İbadət evləri, rəqs meydançaları, xor və rəqs klubları inşa edilmişdir. Uşaqlara eston dili və rus dili öyrədilmişdir. 1915-ci ilin statistik məlumatlarına görə, Krım estonları ana dilini bilmə səviyyəsinə görə quberniyada birinci (kişilərin 73,81%-i, qadınların 71,77%-i), rus dilini bilmə səviyyəsinə görə isə kişilər arasında üçüncü (45,57%), qadınlar arasında isə birinci (39,01%) yerdə olmuşdular. Savadlılıq dərəcəsinin bu qədər yüksək olması eston köçkünlərinin məskunlaşdıqdan dərhal sonra məktəblər açması ilə izah olunur.
Eston köçkünləri ilkin olaraq lüteranlıqdan ayrılmış maltsvetianlıq cərəyanına mənsub olmuşdular, lakin maddi rifahın yaxşılaşması və digər sakinlərin hörmətini qazanmaları onları yenidən ortodoks lüteranlığa qaytarmışdır.
Estoniya heykəltəraşı Amandus Heynrix Adamsonun yaradıcılığına məxsus məşhur "Batırılmış gəmilərin abidəsi" Sevastopolda, "Arzı qız və Əli-Baba" ilə "Su pərisi" heykəlləri isə Misxorda ucaldılmışdır.
Ruslaşdırma XIX əsrin sonunda Krım estonlarının böyük bir hissəsi kəndlərdə kompakt şəkildə yaşamışdır. Belə ki, 1897-ci il siyahıyaalınma məlumatlarına görə, Tavriya quberniyasında yaşayan 2210 estondilli şəxsdən yalnız 470-i (21%-i) şəhər sakini olmuşdur. Sonradan onlar iş tapmaq məqsədilə şəhərlərə üz tutmağa və Simferopol, Sevastopol, Feodosiya və Yalta kimi mərkəzlərdə məskunlaşmağa başlamışdılar. Şəhər mühitində onlar digər etnik qrupların arasında assimilyasiyaya məruz qalmışdılar.
XX əsrin əvvəllərində Krım estonları milli geyim elementlərini hələ də qoruyub saxlayırdılar. Məsələn, kişilər dizə qədər qısa şalvar və çarıq bağı ilə çarpaz şəkildə bağlanmış corablar geyinirdilər. Onların üzərindən yaxadan kəmərə qədər sıx düzülmüş qalay düyməli, qara rəngli büzməli kaftanlar geyinilirdi. Kobud kətandan hazırlanmış köynəklərin uzunluğu dizə qədər çatırdı.
1914-cü ildə Krımda Rusiya imperiyasının müxtəlif bölgələrindən gələn estonların iştirakı ilə böyük bir mahnı bayramı keçirilmiş, 1917-ci ildə isə Tavriya Quberniya Estonlar Cəmiyyəti qeydiyyata alınmışdır.
thumb|right|160x160px|Tavriya Quberniya Estoniyalılar Cəmiyyətinin sədri Yaan Timze.
1917-ci ilin noyabrndan 1918-ci ilin yanvar aylarına qədər Müvəqqəti Hökumətin devrilməsindən sonra estonlar Xalq Nümayəndələri Şurasında öz deputatları ilə təmsil olunmuşdular. Bu şəxs baytar Yaan Timze olmuşdur.Быкова Т Б. Создание Крымской АССР (1917–1921 гг.) — К., 2011. — С. 58 O, daha sonra yarımadada "ağ" hökumətlər dövründə eston konsulu kimi fəaliyyət göstərmişdir. Timze estonların yeni yaradılmış vətənlərinə repatriasiyasını təşkil etməyə çalışmışdır. 1921-ci ildə o, Ümumi Rusiya Fövqəladə Komissiyası tərəfindən casusluq şübhəsi ilə həbs edilmiş və həbsxanada vəfat etmişdir.
1926-cı ildə əsasən varlı kəndlilərdən ibarət olan Krım estonları seçkilərdə iştirak hüququndan məhrum edilmişdilər. Sonradan, 1936-cı ildə qəbul edilmiş "Stalin konstitusiyası" ilə onlara səsvermə hüququ geri qaytarılmışdır, lakin 1937–1938-ci illərin repressiya dalğası yarımadada yaşayan etnik estonların sayının kəskin azalmasına səbəb olmuşdur.
1930-cu ildə Krımda estonların kompakt yaşadığı ərazilərdə milli kənd sovetləri yaradılmışdır. Simferopol rayonunda 2, Cankoy rayonunda isə 1 belə sovet fəaliyyət göstərmişdir. 1924/25-ci tədris ilində Krımda 131 şagirdin təhsil aldığı 5 birinci dərəcəli (ibtidai) eston məktəbi mövcud olmuşdur. Bu məktəblərdə dərslər eston dilində keçirilmişdir.
Eyni zamanda, çar və daha sonra sovet hökuməti Krımda intensiv ruslaşdırma siyasəti yürütmüşdür. Bunun nəticəsində estonlar da daxil olmaqla, milli azlıqlar gündəlik ünsiyyətdə, demək olar ki, tamamilə rus dilinə keçmişdilər.
+Əhali siyahıyaalma məlumatlarına görə Krım (Sevastopol da daxil olmaqla) əhalisindəki etnik estonlar İl 1897 1926 1939 1959 1970 1979 1989 2001 2014 Nəfər 2176 2084 1900 1228 1291 1047 985 674 350 Krım əhalisində % 0,39 0,29 0,17 0,10 0,07 0,05 0,04 0,03 0,02 Şəhərlərdə 470 578 862 180
Məlumdur ki, 1926-cı il siyahıyaalınmasına əsasən, Krımda yaşayan 2084 etnik estondan 1872 nəfəri (90%-i) eston dilini bildiyi halda, 1989-cu il siyahıyaalınma məlumatlarına görə, 985 estondan təxminən üçdə biri, yəni üç dəfə az hissəsi ana dilini bilmişdir. 2001-ci il siyahıyaalınmasına görə, Krımda 674 eston (Ukraynada yaşayan bütün estonların 23,5%-i) yaşamışdır. Onlardan da yalnız 91 nəfəri (13,5%-i) eston dilini, 579 nəfəri (85,9%-i) rus dilini, 2 nəfəri (0,3%-i) isə ukrayna dilini ana dili kimi göstərmişdir. 2004-cü ilin vəziyyətinə görə, 60 yaşdan yuxarı Krım estonları hələ də eston dilində ardıcıl danışa bildikləri halda, 40–50 yaşlı nəsil eston dilini qismən başa düşmüş, lakin bəzi eston ifadələrindən istifadə etməklə rus dilində danışmışdır. Bununla yanaşı, eston dilində bir kəlmə belə bilməyən, lakin soyadlarına və valideynlərinin xatirələrinə əsasən özlərini eston hesab edənlər də mövcud olmuşdur.
Estoniya Xarici İşlər Nazirliyinin məlumatına görə, 2011-ci ildə Krımda təxminən 600 etnik eston yaşamışdır.