Ağahəsən Mustafayev () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi.

Bakı birinci kişi gimnaziyasında orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Berlin Politexnik İnstitutunda ali təhsil alıb.

1929-cu ildə SSRİ-yə qayıdıb. Bakıda Xəzər dəniz gəmiçiliyində gəmiqayırma mühəndisi işləyib. Sonrakı həyatı haqda məlumat yoxdur.

Haqqında Ağahəsən Manaf oğlu Mustafayev 1900-cü ildə Bakıda anadan olub. 1910–1918-ci illərdə Bakı birinci kişi gimnaziyasında orta təhsil alıb.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib. 1919-cu il noyabrın 4-də Ağahəsən Mustafayev maarif nazirinə yazdığı məktubda Berlin şəhərində Gəmiqayırma İnstitutunda oxumaq istədiyini bildirib. 1919-cu il dekabrın 29-da təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti hökumətinin göstərdiyi yerdə 4 il işləyəcəyi haqqında və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dilkağızları verib. 1920-ci il yanvarın 13-də Ağahəsən Mustafayevə Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında 525 saylı vəsiqə verilib.

Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Ağahəsən Mustafayev Berlində Ali Texniki Məktəbdə təhsil alıb. Azərbaycanda sovet işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün olan hesabatında Hüseyn bəyin təhsilinin bitməsinə 2 il qaldığı göstərilib.

1929-cu ildə SSRİ-yə qayıdıb. Uzun müddət Bakıda Xəzər dəniz gəmiçiliyində gəmiqayırma mühəndisi işləyib. Sonrakı həyatı haqda məlumat yoxdur.

Ailəsi Ağahəsən Mustafayev Manaf Hacı Hüseynqulu oğlu və Seyidxanım Axund Hacı qızının ailəsində anadan olub.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Berlin Texniki Universitetinin məzunları