Əbdül Xalıq Məşədi Cəfər oğlu Cəfərov () — Azərbaycan həkimi, dermatoloq, tibb elmləri doktoru, professor.
Həyatı Əbdül Xalıq Məşədi Cəfər oğlu Cəfərov 1894-cü ildə Bakıda anadan olmuşdur. İlkin təhsilini, ehtimal ki, Bakıda almış, 1912-ci ilin avqustundan 1915-ci ilin aprelinədək Petroqradda doktor N. P. Şepovalnikovun gimnaziyasında təhsil almış və tam səkkizillik kursu bitirmişdir. 1915-ci ildə Saratov Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. 1919-cu ilədək burada 4-cü kursda oxumuş, lakin həmin ilin mayında xəstəliyi səbəbindən təhsilini yarımçıq qoymağa məcbur olmuşdur.
Bakıya qayıtdıqdan sonra 1920–1921-ci illərdə Bakı Dövlət Universitetinin Tibb fakültəsində təhsilini davam etdirmiş və 4-cü kursun proqramını tamamlamışdır. 1923-cü ildə Saratov Universitetinin Tibb fakültəsinin 5-ci kursuna bərpa olunmaq üçün müraciət etsə də, boş yer olmadığı üçün müraciəti qəbul edilməmişdir. Bundan sonra ali tibb təhsilini Bakı Dövlət Universitetində tamamlamışdır.
Fəaliyyəti Əbdül Xalıq Cəfərov 1922-ci ildən Bakı şəhər 2-ci şəhər poliklinikasında çalışmağa başlamışdır. 1926-cı ildə yaradılmış cüzamlı xəstələr üçün müalicəxananın baş həkimi təyin edilmişdir. Sonrakı illərdə elmi və pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakıda dəri-zöhrəvi dispanserinin yaradıcılarından biri olmuşdur.
1935-ci ildə "İnsan dərisinin patoloji və fizioloji piqmentləşməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, bir neçə il sonra isə professor elmi adını almışdır.
Əbdül Xalıq Cəfərov Azərbaycan Tibb İnstitutunda dərs demiş və həkimlərin hazırlanmasında iştirak etmişdir. O həmçinin Bakıdakı Semaşko xəstəxanasında şöbə müdiri vəzifəsində çalışmışdır.
O, 70-dən çox elmi əsərin müəllifi olmuşdur. Tədqiqatları dəri və zöhrəvi xəstəliklər zamanı sinir sistemində gedən dəyişikliklərin öyrənilməsinə həsr edilmişdir.
Əbdülxalıq Cəfərov 1963-cü ildə Bakıda vəfat etmişdir.
Ailəsi Əbdül Xalıq Cəfərov Məşədi Cəfər Hacı Ramazan oğlunun ailəsində anadan olmuşdur. Anası Bədircahan Rzaqulu qızı idi.
O, üç dəfə ailə qurmuşdur. İlk həyat yoldaşı Saratov Universitetində oxuduğu dövrdə ailə qurduğu diş həkimi idi. İkinci həyat yoldaşı onun uzaq qohumlarından olmuş və erkən vəfat etmişdir. Üçüncü həyat yoldaşı tələbəsi Xavər xanım idi.
Əbdülxalıq Cəfərovun Faiq adlı oğlu və Alla adlı qızı olmuşdur.
Onun bacısı Rübabə xanım Bakının tanınmış inşaatçılarından olan Qasımovlar ailəsi ilə qohum olmuşdur. Rübabə xanım Hacı Qasımovun kiçik qardaşı İmran Qasımovun həyat yoldaşı idi. Bu səbəbdən Cəfərov Qasımovlar ailəsi ilə yaxın münasibətdə olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycan dermatoloqları Kateqoriya:Azərbaycan Tibb Universitetinin müəllimləri Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan professorları