Has bələdiyyəsi ( və ya qısaca Has/Hasi) — Albaniyanın 61 bələdiyyəsindən biri.
Kukes vilayətində yerləşən bu bələdiyyənin ərazisi 399 kvadrat kilometrdir və keçmiş Has rayonunun ərazisinə uyğun gəlir.
2023-cü ilin siyahıyaalınmasına əsasən bələdiyyənin əhalisi 11.684 nəfərdir. Bələdiyyə adını Has dağlıq bölgəsindən (Malësia e Hasit) almışdır. Bələdiyyənin əsas mərkəzi Kruma şəhəridir. Coğrafiya və tarix Bələdiyyə Albaniyanın şimal-şərqində, Kosovo ilə sərhəddə, olduqca ucqar bir bölgədə yerləşir. 1913-cü ildə böyük dövlətlər Albaniyanın sərhədlərini müəyyənləşdirərkən, cənuba doğru axan Ağ Drin və qərbə doğru axan Birləşmiş Drin arasında yerləşən Has dağlıq bölgəsini böldülər. İkinci Dünya Müharibəsindən sonra kommunistlər sərhədi bağladıqdan sonra, Has dağlıq bölgəsinin şərq hissəsindəki sakinlərin Kosovo ilə olan ənənəvi iqtisadi, ailə və mədəni əlaqələri kəsildi. Prizren və Qyakovanın ən vacib bazarlarına artıq giriş mümkün deyildi.
Təcrid olunmuş Has dağlıq bölgəsi az məskunlaşmış və yoxsul bir ərazidir. Bölgə xüsusilə məhsuldar deyil, buna görə də bura "quru Has" (Has i thatë) da deyilir. Bələdiyyənin qərbdən ən şərq nöqtəsinə qədər olan cənub sərhədi, Drin çayının yaratdığı Fierzə su anbarı ilə əhatə olunub. Gölün o biri tayında Kukes yerləşir. Şimal-şərq sərhədi Has dağlarının suayrıcı xətti boyunca uzanır və bu xətt Paştrik dağında (Mali i Pashtrikut) 1988 metr hündürlüyə çatır. Şimal-qərbdə Tropoya bələdiyyəsi ilə sərhəd bölgəsində əvvəllər xrom hasil edilirdi. Əhali demək olar ki, tamamilə kənd təsərrüfatı ilə yaşayır. Has bələdiyyəsində heç bir milli azlıq yoxdur və sakinləri, demək olar ki, istisnasız olaraq sünni müsəlmanlardır.
Bölgənin zəif strukturu əhalinin böyük miqyasda köçməsinə səbəb olmuşdur. 2011-ci ildə bələdiyyənin ərazisində hələ 16.790 sakin yaşayırdı. Yalnız on iki il ərzində əhalinin 30%-i köçmüşdür, və bu tendensiya uzun müddətdir davam edir.
Bələdiyyə daxilində yollar çox pis vəziyyətdədir. Kukesdən Bayram Kurriyə qədər olan yol isə hal-hazırda tamamilə asfaltlanmışdır. Kosovo müharibəsi bitdikdən sonra, Krumanın şimalında, Qafa e Prushit aşırımında bölgəni Qyakova ilə birləşdirən yeni bir sərhəd keçid məntəqəsi açılmışdır. Müharibə zamanı bir çox kosovalı alban qaçqınlarının sığındığı Has bölgəsində, müharibədən sonra da sərhəd boyu bir çox yerdə minalar qalmaqda idi.
İnzibati bölgü 2015-ci ilin yayında dörd keçmiş bələdiyyə birləşdirilərək Has bələdiyyəsi yaradıldı. Həmin vaxtdan bəri bu dörd bölgə Has bələdiyyəsinin tərkibində inzibati vahidlər (Njësia administrative) kimi fəaliyyət göstərir.
Adı Əhali 2023 Əhali 2011 İnzibati növü Kruma 4.814 6.006 Şəhər (Bashkia) Fayza 2.261 3.491 Kənd (Komuna) Ginay 522 1.106 Kənd (Komuna) Qolay 4.087 6.187 Kənd (Komuna)
Tanınmış şəxsiyyətləri Resul Kastrati (d. 1994), futbolçu
Xarici keçidlər Bələdiyyənin rəsmi saytı (alban dilində) Kukes vilayətinin saytında Has bələdiyyəsi haqqında məlumat (alban dilində)
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri