Çispişlilər — Dəmir dövründə, təxminən e.ə. VII əsrin ortalarından e.ə. 522-ci ilə qədər Əhəmənilər sülaləsinin ilkin dövrlərdə cənubi Zaqrosda, qədim Anşan bölgəsində hakimiyyətdə olmuş qolu. Sülalənin mülkləri sonradan Cənub-Qərbi Asiyada geniş əraziləri fəth edən II Kirin dövründə genişləndirilmiş və I Daranın hakimiyyəti altında Əhəmənilər İmperiyası kimi tanınacaq dövlətin təməli qoyulmuşdur. Çispişlilərin titulları Kir silindrində qeyd edilmişdir. Burada II Kir Elam ənənəsinə uyğun olaraq özünü və əcdadlarını "Anşan padşahı" titulu ilə təqdim etmişdir. Sülalənin adını daşıyan əcdadı və banisi Çispiş olmaqla, bu nəslə həmçinin I Kir, I Kambiz, II Kir, II Kambiz və Bərdiyə daxil olmuşdur.
E.ə. ikinci minillikdə Anşan Elam padşahlığının tərkib hissəsi hesab edilmişdir. Yeni Elam dövründə Elam padşahlığının zəifləməsi nəticəsində Anşanın bu dövlətdən asılılığı azalmışdır. Yeni Elam padşahları Anşan üzərində öz hakimiyyətlərini təmin edə bilməmiş və bölgəyə çox sayda iranlı tayfalar köç etmişdir. E.ə. 646-cı ildə Elamın paytaxtı Suza şəhəri Yeni Assuriya imperiyası tərəfindən qarət edilmiş və Elam padşahlığı süquta uğramışdır. E.ə. VII əsrin müəyyən bir dövründə Anşan Çispişin rəhbərliyi altında müstəqil padşahlığa çevrilmişdir. Pyer Brian Anşan padşahlığının yaranmasını məhz bu tarixi kontekstlə əlaqələndirir və Çispişin hakimiyyətə gəlməsini təxminən e.ə. 635-ci ilə aid edir.
Babil mənbəsi olan Kir silindri Anşan padşahları haqqında ən qədim şəcərə məlumatlarını özündə əks edir. Bu sənəddə Böyük Kirə qədər olan hökmdarların ardıcıllığı Çispiş–I Kir–I Kambiz–II Kir kimi müəyyən edilmiş və Böyük Kirə qədər bütün mülklərinin indiki Fars ostanında, Mərvdəşt yaxınlığındakı düzənliklə eyniləşdirilən Anşan olduğu bildirilmişdir, lakin burada Əhəmənin adı çəkilmir. Buna baxmayaraq, Böyük Daranın Behistun yazısında təqdim etdiyi daha sonrakı şəcərəyə görə, Əhəmən Çispişin atası və Anşanın ilk kralı olmuşdur.
Çispişli xətti sülalənin sonuncu üzvlərini qətlə yetirərək taxtı ələ keçirən I Daranın hakimiyyəti ilə Əhəmənilər tərəfindən əvəz olunmuşdur. Mariya Brosius və Brüs Linkolnun fikrinə görə, Dara öz taxt iddiasını qanuniləşdirmək üçün Çispişli kralları ilə ortaq bir əcdad vasitəsilə nəsil bağı qurmağa çalışmışdır. O, bu məqsədlə yazılı kitabələr vasitəsilə onların Əhəməni olduqları təəssüratını yaratmışdır. Pasarqad kitabələrində (CMa) II Kir Əhəməni sülaləsinin üzvü kimi təqdim edilmişdir. Təxminən e.ə. 510-cu ilə aid olan bu kitabələrin hər birində "Mən Şah Kirəm, Əhəməniyəm" ifadəsi təkrarlanır. Behistun yazısında Dara, Çispiş adlı ortaq bir əcdad və ehtimal olunan sülalə banisi Əhəmən vasitəsilə ikiqat hökmdar xətti obrazını formalaşdırmışdır.
Mənbə İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Visual representation of the divine and the numinous in early Achaemenid Iran: old problems, new directions; Mark A. Garrison, Trinity University, San Antonio, TX; last revision: 3 March 2009, see page: 9
Kateqoriya:Əhəmənilər dövləti şəxsləri