Sahat Nepesoviç Muradov (; ) — Türkmənistan dövlət və siyasi xadimi, 1990–2001-ci illərdə Türkmənistan SSR Ali Sovetinin (1995-ci ildən Türkmənistan Məclisinin) sədri. O, "parlamentin təşəkkül tapmasındakı xidmətlərinə və uzunmüddətli dövlət fəaliyyətinə görə" minnətdarlıq elan edilməklə təqaüdə göndərilmişdir.
1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının (SİKP), 1991-ci ildən isə Türkmənistan Demokratik Partiyasının üzvü olmuşdur.
Həyatı Sahat Muradov İvanovo şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əslən axaltəkə tayfasındandır. 1956-cı ildə Türkmənistan Kənd Təsərrüfatı İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirmişdir.МУРАДОВ Сахат Непесович — ЦентрАзия
Əmək fəaliyyətinə 1952-ci ildə, təhsil aldığı M. İ. Kalinin adına Türkmənistan Kənd Təsərrüfatı İnstitutunun komsomol komitəsinin azad katibi kimi başlamışdır. Eyni zamanda, həmin institutun həmkarlar ittifaqı komitəsinin sədri olmuş, 1956–1957-ci illərdə isə kafedralardan birində baş laborant və assistent vəzifələrində çalışmışdır.
1957–1960-cı illərdə Antiseymik Tikinti İnstitutunun aspirantı olmuşdur. 1960–1964-cü illərdə Türkmənistan SSR Elmlər Akademiyasının Seysmik Tikinti İnstitutunda kiçik elmi işçi, Su Problemləri və Hidrotexnika Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri vəzifələrini tutmuşdur. 1964–1965-ci illərdə Türkmənistan SSR Elmlər Akademiyasının Elmi Fəaliyyətin Koordinasiyası Şurası sədrinin müavini, 1965-ci ildən isə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında elm və tədris müəssisələri şöbə müdirinin müavini və şöbə müdiri işləmişdir.
Sahat Muradov 1970–1979-cu illərdə Türkmənistan Dövlət Universitetinin rektoru, 1979–1985-ci illərdə Türkmənistan SSR ali və orta ixtisas təhsili naziri, 1985–1990-cı illərdə isə Türkmənistan Politexnik İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərmişdir.
1990-cı ilin may ayından Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin, 1991-ci ilin aprelindən isə Mərkəzi Komitənin Bürosunun üzvü olmuşdur. 1990-cı ilin yanvar ayında Türkmənistan SSR Ali Sovetinə keçirilən seçkilərdə seçicilərin 35 % səsini toplamışdır. 1990-cı ilin yanvar-noyabr aylarında Ali Sovet sədrinin birinci müavini, 1990-cı ilin noyabrından 2001-ci ilin may ayına qədər isə Türkmənistan SSR Ali Sovetinin (1995-ci ildən Məclisin) sədri vəzifəsini icra etmişdir.
2001-ci ildən fərdi təqaüdə çıxmışdır. Professor elmi adını daşıyan Sahat Muradov üç kitabın müəllifidir.
Təltifləri Sahat Muradov dövlət qarşısındakı xidmətlərinə görə iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, Türkmənistan SSR Ali Soveti Rəyasət Heyətinin medalları və Fəxri fərmanı, habelə müstəqil Türkmənistanın müxtəlif orden və medalları ilə təltif edilmişdir. O, "Türkmənistanın ali məktəb əməkdar işçisi" fəxri adına layiq görülmüşdür. 21 oktyabr 2016-cı il tarixində neytral dövlətin müstəqilliyinin 25 illik yubileyi münasibətilə Sahat Muradov ölümündən sonra "Vətənə olan sevgisi üçün" medalı ilə təltif olunmuşdur. Bu mükafat ona Türkmənistanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsindəki böyük uğurlarına, ölkənin iqtisadi potensialının və beynəlxalq nüfuzunun artırılmasındakı xidmətlərinə görə verilmişdir. Həmçinin, sənaye, neft-qaz, nəqliyyat-kommunikasiya, kənd və su təsərrüfatı sahələrinin inkişafı üzrə dövlət proqramlarının icrasındakı fəaliyyəti, elm, texnika, mədəniyyət, təhsil və səhiyyə sahələrinə verdiyi töhfələr, gənc nəslin vətənpərvərlik və dürüstlük ruhunda tərbiyə olunmasındakı nümunəvi dövlətçilik fəaliyyəti və çoxillik fədakar əməyi bu təltifdə xüsusi qeyd edilmişdir.
İstinadlar
Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Türkmənistan nazirləri Kateqoriya:Türkmənistan akademikləri Kateqoriya:Türkmənistan mühəndisləri