Yelica Beloviç-Bernadzikovska (; ) — xorvat etnoqraf, jurnalist, yazıçı və feministi. O, uşaqlar üçün ədəbi əsərlər və təhsil mövzusunda hekayələr yazıb. Jurnalist kimi teatr və musiqi tənqidləri yazıb, həmçinin əl işləri və xalq geyimləri haqqında əsərlər nəşr etdirib. O, ilk serb qadın jurnalının redaktoru olub və burada müxtəlif yazılarla çıxış edib. Yazılarını Ljuba T. Daničić, Hele, Jelica, Jele, Jasna, Yelica xala və gənc xanım Ana kimi bir çox təxəllüslə yazıb.
Həyatı Yelica Beloviç 25 fevral 1870-ci ildə Avstriya-Macarıstanın Osiyek şəhərində serb ata İosif Beloviç və alman ana Katerina Fraqnerin ailəsində anadan olub. Uşaqlıqdan hər ikisi müəllim olan valideynlərindən serb, fransız, alman və italyan dillərini öyrənən Yelicanın atası vəfat edəndə beş yaşı var idi və anası ailəni dolandırmaq üçün repetitorluqla məşğul olub. Beloviç ilk təhsilini Osiyekdə ibtidai məktəbdə alıb, sonra Dyakovo şəhərində orta məktəbdə təhsilini davam etdirib. O, həmçinin İosif Yuray Ştrosmayer İnstitutunda da təhsil alıb, ardınca isə Mərhəmət monastır məktəbinə daxil olub və burada əl işlərini öyrənməyə və toplamağa başlayıb. Beloviç təhsilini Zaqrebdəki Mərhəmət Müəllim Hazırlığı Kollecində, habelə Vyana və Parisdəki Təhsil kolleclərində tamamlayıb. 1891-ci ildə ali təhsilini bitirdikdən sonra Zaqrebdə müəllimlik fəaliyyəti ilə məşğul olub.
Karyerası Beloviç iki il ərzində Ruma və Osiyekdə müəllimlik edib, eyni zamanda esselər yazıb. Onun yazıları regional təhsil katibi Lyuboye Olustuşun diqqətini çəkmiş və o, 1893-cü ildə Beloviçə Bosniya və Herseqovinada müəllimlik etməyi təklif edib. Həmin ərazi texniki baxımdan Osmanlı imperiyasının bir hissəsi olsa da, 1878-ci ildə imzalanmış Berlin müqaviləsi ilə Avstriya-Macarıstan imperiyasının işğal etdiyi əraziyə çevrilmişdi. Beloviç Mostardakı qızlar məktəbində dərs deməyə başlamış və orada polşalı dövlət məmuru Yanko Bernadzikovski ilə tanış olmuşdur. Onlar 1896-cı ilin fevralında ailə həyatı quran cütlüyün bu nikahdan iki övladları — Vladimir və Yasna dünyaya gəlib. Sarayevoda vəzifəyə təyin edilən Bernadzikovski, ailəsi ilə oraya köçüb. Sarayevodakı qızlar məktəbində dərs deyən Beloviç-Bernadzikovska sonra, 1898-ci ildə Banya Lukadakı qızlar gimnaziyasında dərs deyib. Kiril əlifbasını öyrənən Yelica Beloviç serb jurnallarında məqalələr dərc etdirib. 1900-cü ildə Beloviç-Bernadzikovska müəllimlik vəzifəsindən azad edilib.
Xalq nağılları və sənətkarlıq nümunələrini toplamaq üçün Yelica Beloviç tez-tez səyahətlər edirdi. Bu dövrdə onun serb dilində "Пољско цвеће" (Çöl çiçəkləri Sarayevo 1899), "Разговор цвијећа" (Çiçəklərin söhbəti, 1901) və "Хрватски народни везови" (Xorvat milli naxışları, 1906) kimi əsərləri nəşr olunub. Qadınların mədəni və sosial vəziyyətinin yaxşılaşdırılması ilə yaxından maraqlanırdı. Qadınların dəyişən reallıqları haqqında çoxsaylı məqalələr yazmış, 1899-cu ildə "Zora" (Dan ulduzu) jurnalında "Žena Budućnosti" (Gələcəyin qadını) və "Moderne Žene" (Müasir qadınlar) kimi yazılarını dərc etdirib. 1904–1913-cü illərdə o, Fridrix Salomon Krauss ilə birlikdə çalışmış, onun cənub slavyan kəndlilərinin sosial və cinsi həyatına dair məlumatların toplandığı məşhur "Antropofiteja" illiklərində Ljuba T. Daničić təxəllüsü ilə yazısı dərc edilmişdi. Kifayət qədər açıqsözlü olan Beloviç, yazılarını müxtəlif təxəllüslə çap etdirirdi. Onun təxəllüsləri sırasında Hele, Jelica, Jele, Jasna, Yelica xala, gənc xanım Ana, Ljuba T. Daničić və Jasna Belović də var idi. Doqquz dildə danışan müəllifin əsərlərinin əksəriyyəti serb dilində işıq üzü görsə də, alman dilində də nəşrləri mövcuddur.
1907-ci ildə o, Zaqreb əyalət hökuməti tərəfindən Milli İncəsənət və Ticarət Muzeyinin etnoqrafik kolleksiyalarının hazırlanmasına kömək etmək üçün dəvət edilib. Beloviç-Bernadzikovska, Zaqrebdəki Dekorativ Sənət Muzeyi üçün tekstil kataloqu, "Sbírka" Ticarət və Sənətkarlıq Muzeyi üçün isə etnoqrafik kataloq da hazırlayıb O, Avropanın bir çox jurnallarında, o cümlədən "Anthropophytea", "Journal of the Gipsy Lore Society", "Revue des Deux Mondes" və digər elmi nəşrlərdə tekstil və sənətkarlıq haqqında məqalələr dərc etdirib. O, həmçinin digər ekspertlərlə əməkdaşlıq edərək Berlin, Drezden, Münxen, Paris və Vyana kimi şəhərlərdə tikmə və xalq geyimlərini nümayiş etdirib. 1910-cu ildə Beloviç-Bernadzikovska Praqada keçirilən Serb qadınları sərgisində Bosniya və Herseqovina tekstil nümunələri ilə iştirak edib. Bu görüşdə, qadın jurnalı yaratmaq fikrindən ilhamlanmışdır. Sarayevoda nəşr olunan "Srpkinja" (Serb qadını) jurnalı serb qadınları tərəfindən serb qadınları üçün yazılmış ilk almanax olub. 1913-cü ildə təsis edilmiş bu nəşrin redaktoru Beloviç-Bernadzikovska olmuş və o, jurnal üçün silsilə məqalələr yazmışdır.
1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda, Sarayevonu tərk edərək Osiyekə qayıdan Beloviç-Bernadzikovska 1917-ci ilə qədər orada qalır. Təxminən eyni vaxtda xəyanət və sifilis səbəbindən evliliyi dağılır, bu da onun feminist fəaliyyətini artırmasına rəvac verir. 1918-ci ildə Sarayevoya qayıdan Beloviç "Народна снага" (Xalqın gücü) qəzetinin redaktoru olur. Həmin ilin sonuna doğru Novi Saddakı məktəbdə dərs deməyə başlayır; həmin il Novi Sad həmçinin serblər, xorvatlar və slovenlər Yuqoslaviya krallığının tərkibinə daxil olur. O, 1936-cı ildə təqaüdə çıxana qədər Novi Sadda müəllimlik edir. Nəşriyyat sahəsindəki fəallığı azalsa da, sağlığında Beloviç-Bernadzikovskanın 40-dan çox əlyazması və kitabı işıq üzü görüb. Yelica Beloviç-Bernadzikovska, 30 iyun 1946-cı ildə Serbiyanın Novi Sad şəhərində vəfat edib.
Əsərləri
İstinadlar
Mənbə
Xarici keçidlər WorldCat publications Jelica Belović-Bernadzikowska WorldCat publications as Ljuba T. Daničić
Kateqoriya:Avstriya-Macarıstan yazıçıları