Nafi Atuf Qansu (; ) — türk siyasətçi və maarifçisi.
O, Türkiyə Respublikasının ilk Milli Təhsil Nazirliyi müstəşarı olub. Türkiyədə respublikanın ilk illərində milli təhsil sisteminin qurulması və inkişaf etdirilməsindəki xidmətləri ilə tanınır. TBMM-də III, IV və V dövr Ərzurum, VI dövrdə Girəsun, VII və VIII dövrlərdə isə Kırklareli millət vəkili olaraq fasiləsiz 22 il məclisdə fəaliyyət göstərib. 1944-1947-ci illər arasında CHP-nin baş katibi olub. Həyatı Ailəsi və təhsili 1890-cı ildə Məkkədə anadan olan Nafi Atuf həkim Əziz Emin Paşa və Əminə Florya xanımın övladıdır. O, Məkkə Əmirliyinin həkimi olan Əziz Emin Paşa ilə Çərkəzistanda doğulub İstanbula saraya gətirilən, oradan isə "üsyan qaldırdığı" bəhanəsi ilə Məkkəyə sürgün edilən Əminə Florya xanımın ilk övladı olub. Nafi Atufdan sonra Müşfiqə, Saibə və Şövkət adlı qardaş-bacıları da dünyaya gəlib.
Nafi Atuf ibtidai və orta təhsilini Ədirnədə tamamlayıb. 1906-cı ildə Ədirnə Mülki İdadisindən məzun olduqdan sonra İstanbuldakı Məktəb-i Mülküyəyə daxil olur. Mülkiyədə təhsil aldığı dövrdə qərb mütəfəkkirləri və xaricdəki siyasi cərəyanları yaxından izləyib. "Təşəbbüsçülük" təhsil cərəyanı ilə maraqlanan Nafi Atuf İngiltərə təhsil sistemini də müdafiə edib. Edmond Demolins, Lev Tolstoy, Mehmed Səbahəddin bəy və Mustafa Satı bəydən çox təsirlənib. O, 1910-cu ildə Mülkiyəni fərqlənmə dərəcəsi ilə bitirib.
Ədirnə illəri Təhsilini tamamladıqdan sonra, o, Ədirnədəki Nemət-i Hürriyət Məktəbinə (İttihad Tərəqqi məktəbi) müdir təyin edildi. Bu vəzifəni icra edərkən, 14 noyabr 1910-cu il tarixindən etibarən Ədirnə Vilayət Maiyyət Məmurluğuna məmur təyin olundu. Balkan müharibəsi zamanı Ədirnənin bolqarlar tərəfindən işğalına qədər bu vəzifəsində qaldı. Eyni zamanda həm türk dili, həm də ictimai elmlərdən dərs verib.
Təhsil sahəsində inkişaf və yeniliyi müdafiə edən Nafi bəy, bu görüşlərinin əks olunduğu jurnallar nəşr etdirmişdir. O, 1911-ci ildən etibarən dostu Mehmed Vəhbi bəy ilə birlikdə "Say və Tətəbbü" adlı jurnalı çap etməyə başladı. 15 gündən bir işıq üzü görən bu jurnalın cəmi 39 sayı nəşr olundu. Nafi bəyin "Məktəb dərsləri" başlığı altında ibtidai məktəblər üçün hazırladığı coğrafiya dərsliyi bu jurnalın səkkiz sayında dərc edilib. Nafi bəy, həmçinin müəllimlərin peşə hazırlıqlarını artıra biləcəkləri "Mahfəl-i Muallimin" adlı dərnəyin qurulmasında şəxsən iştirak edib. Dərnəyin nizamnaməsi "Say ve Tətəbbü" jurnalının 1911-ci il fevral ayında çıxan birinci sayında yayımlanmışdır.
1912-ci ildə məktəb direktoru işlədiyi vaxtda Edmond Demolinsin otuz iki səhifəlik "Yeni məktəbdə" adlı əsərini tərcümə edərək nəşr etdirib. Bu dövrdə "Türk yurdu" jurnalında da məqalələri dərc olunub.
Balkan müharibəsi zamanı ailəsini İstanbula göndərən Nafi bəy, Qalaiçindəki Ədirnə məktəbi binasında açılan Hərbi hospitalın müdiri, dostu Vəhbi bəyin müavini vəzifəsində çalışıb. Nafi Atuf bəy, Vəhbi bəyin bacısı, fransız dili müəlliməsi Ayşə Müfdalə xanım ilə evlənir, bu evlilikdən onların Toğrul və Ceyhun adlı iki övladları dünyaya gəlir. Müfdalə xanımın 1921-ci ildə vəfatından sonra, o, 1922-ci ildə ikinci həyat yoldaşı Nadirə xanım ilə evlənir. Nafi Atufun bu evlilikdən isə Arman adında bir övladı dünyaya gəlir.
Balkan müharibəsi davam edərkən Ədirnənin bolqarlar tərəfindən işğalından sonra, İstanbula gedərək Dolayoba kəndində ailəsi ilə məskunlaşan Nafi bəy bir müddət fermerliklə məşğul olduqdan sonra, yenidən Ədirnəyə qayıtdı. Ədirnə bolqar işğalından azad edildikdən sonra isə 1914-cü ilin yanvarında Ədirnə Darülmüəllimin müdiri təyin olundu. Müharibə zamanı xəstəxana kimi istifadə edilən məktəb binası təmir edilərək, istifadəyə verildi.
1912–1913-cü illərdə İsveçrə və bəzi Balkan ölkələrinə gedən Nafi Atsu oradakı ali təhsil müəssisələrini araşdırıb. Xüsusilə ingilis generalı Baden-Pauellin 1907-ci ildəki ilk skaut qrupunu yaratması ilə başlamış olan skautluq fəaliyyətlərindən təsirlənmiş, geri döndükdən sonra bu istiqamətdə işlər aparmışdı.
Darüşşafaka Dövrünün tanınmış pedaqoqlarından olan Satı bəy 5 oktyabr 1913-cü ildə Darüşşafakaya müdir təyin edildikdən sonra, 8 fevral 1914-cü ildə Nafi Atufu müdir müavini vəzifəsinə təyin etdi. 21 fevral 1914-cü ildən Nafi Atuf Darüşşafakada tarix müəllimi kimi fəaliyyət göstərməyə başladı. O, Satı bəyin baş redaktoru olduğu və 15 gündən bir işıq üzü görən "Tərbiyə" jurnalında əxlaq, ailə və uşaq tərbiyəsi ilə bağlı məqalələr dərc etdirirdi. 1914-cü ildə onun "Vətənimin coğrafiyası" və "Frobel" adlı iki kitabı çap olundu. Satı bəyin Darüşşafakadakı vəzifəsindən istefası ilə əlaqədar olaraq, 8 iyun 1914-cü ildə Nafi Atuf da oradan ayrıldı. Bursa Darülmüəllimliyi Nafi Atuf 1914-cü ildə Darüşşafakadan ayrıldıqdan sonra Bursa Darülmüəllimliyinə (Bursa Müəllimlər Seminariyası) müdir təyin edilib. 1912-ci ildə Ədirnədə başladığı skautluq fəaliyyətinə Bursa, Uludağ düşərgələrinə rəhbərlik edərək davam edib.
Bursadakı fəaliyyəti zamanı xüsusilə orta təbəqəli ailələrin uşaqları ilə maraqlanıb, onların inkişaf proseslərini izləyib. 7-25 yaş arasındakı 125 bursalı qız və 156 oğlan üzərində yaş qrupu və çəki ölçümləri apardıqdan sonra, nəticələrini Fransadakı araşdırmalarla müqayisə edib, hesabat şəklində dərc etdirib. 1917-ci ildə gerçəkləşdirilən onun bu işi Türkiyədəki ilk inkişaf araşdırması hesab edilir. İstanbul Darülmüəllimatı 1916-cı ilin əvvəlində Təhsil Nazirliyi tərəfindən İstanbul Darülmüəllimata müdir müavini təyin edilən Nafi bəyin bu vəzifəsi çox qısa sürdü. 27 yanvar 1916-cı ildən etibarən o, İstanbul Darülmüəllimatına psixologiya və fiziki tərbiyə müəllimli təyin edildi. Bu fəaliyyəti dövründə Hüseyn Raqib bəy və Emin bəy ilə birlikdə "Müəllim" adlı aylıq jurnal nəşr etdirdi. Cəmi 25 sayı işıq üzü görən bu jurnalla yanaşı, onun "Fənn-i Tərbiyə tarixi" adlı kitabı da işıq üzü gördü. 1918-ci ildə çap olunan bu kitab, 1925-ci ilə qədər müəllim hazırlayan məktəblərdə dərslik kimi istifadə edilib. Nafi bəy İstanbul Qız Darülmüəllimatındakı müəllimlik fəaliyyəti ilə yanaşı, həm də Vəqf məktəblərinin müfəttişi vəzifəsini də icra edib.
Bursa Darüleytamı Qız Sənaye Məktəbi 1916-cı ildə yenidən Bursaya dönən Nafi Atuf Bursa Darülmüəllimin və Darülmüəllimat tələbələrinə mülki biliklər və psixologiyadan dərs verib. Balkan müharibələri və I Dünya müharibəsinin ölüm və dağıntıları nəticəsində çox sayda yetim və himayəyə möhtac uşaqlar üçün Darüleytam quruldu və Nafi bəy bura müdir təyin edildi. O, bir il sonra yenidən İstanbula döndü.
Kadıköy Darüleytamı 1917-ci ildə İstanbulda Ali Ticarət Məktəbinin direktor müavini təyin edildiyi üçün İstanbula geri dönən Nafi Atuf, 1918-ci ildən İstanbulun işğalına qədər İstanbul Kadıköy Kişi Darüleytamında (Yetimlər Evi) müdir oldu. O, darüleytamlardakı təcrübələrini həmin dövrün "Müəllim", "Tərbiyə", "Türk yurdu" kimi jurnallarında yazıya çevirdi. Qısa bir müddət darüleytamların baş idarəsində şöbə müdiri kimi çalışdıqdan sonra, Darülfünun (İstanbul Universiteti) Fənni Tərbiyə Muzeyində direktor müavini vəzifəsini icra etdi. O, bu vəzifəsində 1921-ci ilə qədər qaldı.
1919-cu ildə İstanbulda yaradılmış "Türkiyə İşçi və Kəndli Sosialist Firqəsi"nin üzvü olan Nafi Atuf, partiyanın digər təsisçiləri kimi 1921-ci ilin ilk günlərində ingilislər tərəfindən işğal edilmiş İstanbulu tərk edərək, Milli Mübarizəyə qoşulmaq üçün Ankaraya getdi. Həyat yoldaşı Müfdalə xanımı bu vaxt itirdi.
Qurtuluş Savaşı illəri Ankarada qısa müddət Mətbuat və İstihbarat Ümumi Müdirliyində fransız dili üzrə tərcüməçi işlədikdən sonra "Hakimiyət-i Milliyə" qəzetinin məsul redaktoru kimi fəaliyyət göstərib. 19 iyul 1921-ci ildə Ankara Atatürk Liseyinin direktoru təyin edildikdən qısa müddət sonra hökumət mərkəzi Kayseriyə köçürüldü. 1922-ci ildə Ankaraya qayıtdıqdan sonra nazirlikdəki fəaliyyətini davam etdirib. Frakiya, Milli Hökumətin idarəçiliyinə keçdikdə Ədirnə Təhsil Müdiri təyin olundu, lakin hələ Ədirnəyə getmədən Orta Təhsil Ümumi Müdirliyi vəzifəsinə təyin edildi. 1924–1927-ci illərdə Nafi Atuf Milli Təhsil Nazirliyinin müstəşarı olub. O, Cümhuriyyət tarixinin ilk təhsil müstəşarı olub.
Siyasi fəaliyyəti O, siyasətə 1927-ci il seçkiləri zamanı qoşulub. Ardıcıl 22 il Türkiyə Böyük Millət Məclisinin üzvü olub. 1927–1939-cu illər ərzində 3, 4 və 5-ci çağırışlarda Ərzurumdan, 6-cı çağırışda Girəsundan, 7 və 8-ci çağırışlarda isə Kırklarelidən millət vəkili seçilib.
TBMM, Nafi Atuf Qansunu 1927-ci ildə "Milli Mübarizədəki qəhrəmanlıq və fədakarlıqlarına görə" İstiqlal medalı təltif edib. 1934-cü ildə "Soyad" Qanunu qəbul edildikdə, o və ailəsi soyad olaraq Şərqi Asiyadakı Qansu əyalətinin adından ilhamlanaraq "Qansu" soyadını götürüb. Onlar bu soyadı şəxsən Atatürkün 3 fevral 1934-cü il tarixli əlyazması və imzasını daşıyan sənədlə alıblar.
1938–1947-ci illərdə CHP İdarə Heyətinin üzvü olan Qansu, 1944–1947-ci illər ərzində CHP Baş katibinin müavini və Baş katib vəzifələrində çalışıb. Sağlamlıq problemləri səbəbi ilə partiyanın baş katibi vəzifəsini Hilmi Urana təhvil verib.
Türk Maarif Cəmiyyəti və Xalq evləri 1928-ci ildə o, Türk Maarif Cəmiyyətinin qurulmasında yaxından iştirak edib. 1928–1935-ci illərdə iki dövr ərzində bu dərnəyin sədri vəzifəsini icra edib.
1932-ci ildəki açılışından etibarən Xalq evlərində rəhbər vəzifələrdə çalışıb. Ankara Xalq evinin sədri olub. Xalq evlərinin mətbu orqanı olan "Ülkü" jurnalının baş redaktoru olub.
Ölümü Nafi Atuf Qansu keçirdiyi ürək tutması nəticəsində 28 oktyabr 1949-cu ildə, 59 yaşında Ankarada vəfat edib. Cənazəsi 30 oktyabr 1949-cu ildə keçirilən rəsmi mərasimlə Cəbəci Əsri qəbiristanlığında torpağa tapşırılıb. 22 il millət vəkili olduğu TBMM-də, 7 noyabr 1949-cu ildə sükut dəqiqəsi ilə yad edilib. Adına verilən mükafatlar 2014-cü ildən etibarən, Nafi Atuf Qansunun vəfatının 65-ci ildönümü ilə bağlı, onun xatirəsinə ailəsi tərəfindən Nafi Atuf Qansu Təhsil Elmləri Araşdırma mükafatı təqdim edilir. Mükafat tezis, kitab və məqalə nominasiyaları üzrə verilir; mükafatlandırma mərasimi hər il 28 oktyabrda keçirilir.
Əsərləri Yeni məktəbdə - Edmond Demolins tərəfindən(1912) Vətənimin coğrafiyası (1914) Frobel (1914) Fənn-i Tərbiyə tarixi (1916) Tolstoy-İbtidai müəllim (1919) Pedaqoji tarix (1929) Türkiyədə Təhsil tarixi haqqında esse - 2 cild (1931-32) Türklərin tərbiyəyə xidmətləri (1932) İlk mədəniyyət izləri ve Nəqliyyat vasitələri(1933)
İstinadlar
Xarici keçidlər Nafi Atuf Kansu (1890-1949) - Yaşamı ve Yazıları Resmî sitesi