1954-cü il Konsorsium sazişi () — təsdiqləndikdən sonra Qərb neft şirkətlərinə İranın neft hasilatının 50%-nə sahiblik hüququ vermiş saziş. Sazişin müddəti 1979-cu ildə İran İslam inqilabı ilə başa çatmışdır. Konsorsium sazişinə əsasən, İranın neft paylarının 40%-i 5 ABŞ şirkətinə, digər 40%-i İngiltərə–İran neft şirkətlərinə (BP), 14%-i bir Niderland şirkətinə ("Shell"), qalan 6%-i isə bir Fransa şirkətinə məxsus olmuşdur. Çoxsaylı danışıqlara və təkliflərə baxmayaraq, Məhəmməd Rza Pəhləvi, əslində konsorsiumun müddəti 15 il (hər biri 5 il olmaqla 3 dəfə) uzatmaq hüququnu nəzərdə tutan sazişin vaxtını uzatmaqdan imtina etmişdir.
Tarixi 1953-cü ildə baş vermiş dövlət çevrilişi nəticəsində baş nazir Məhəmməd Müsəddiqin ABŞ və Birləşmiş Krallıq tərəfindən devrilməsindən bir il sonra, Britaniya və ABŞ hökumətləri yenidən hakimiyyətə gətirilən İran şahına İngiltərə–Persiya Neft Şirkətinin mülkiyyəti ilə bağlı Britaniya ilə danışıqlara başlaması üçün təzyiq göstərməyə başlamışdır. Britaniya kabineti İrana qarşı əsas malların ixracını qadağan edən bir sıra iqtisadi sanksiyalar tətbiq etmişdir.Kinzer, All the Shah's Men (2003), p. 110, Britaniyanın boykotu sarsıdıcı dərəcədə təsirli olmuş, iranlıların günü-gündən yoxsullaşmasına və rifah halının pisləşməsinə səbəb olmuşdur.Kinzer, All the Shah's Men (2003), p. 135–136.
Şərtləri Mübahisə 50%-lik xarici pay bölgüsünü aşağıdakı qaydada müəyyən edən 25 illik beynəlxalq 1954-cü il konsorsium sazişi ilə yekunlaşmışdır. 40% pay beş böyük ABŞ şirkəti ("Exxon", "Mobil", "Standard Oil of California", "Texaco" və "Gulf Oil") arasında bərabər (hər biri 8%) bölünmüş; 40% "British Petroleum"a; 14% "Royal Dutch/Shell"ə və 6% Fransanın "Compagnie française des pétroles" (CFP) şirkətinə verilmişdir. Bir il sonra, 1955-ci ildə ABŞ hökuməti həmin 5 ABŞ şirkətinə özlərinin 8%-lik paylarından 1%-ni bir neçə daha kiçik şirkətə dövr etməyi tapşırmışdır, çünki bu şirkətlər kənarda qaldıqları barədə şikayət etmişdilər.
Sazişdə həmçinin nəzərdə tutulmuşdur ki, konsorsium İran neftinin, demək olar ki, bütün hasilatı, emalı, nəqli və beynəlxalq marketinqi ilə məşğul olacaqdı. Bu məqsədlər üçün Niderlandda qeydiyyatdan keçmiş iki hüquqi şəxs — İran Neft Emalı Şirkəti və İran Neft Kəşfiyyatı və Hasilatı Şirkəti yaradılmalı idi.
Bu şirkətlərin mərkəzinin Britaniyada yerləşməsi və BP-nin başlanğıcda 50%-lik pay istəyi iranlılar üçün həddindən artıq təhqiredici hesab edilmişdir. Bundan əlavə, BP-nin 6%-lik paya sahib olan CFP ilə güclü əlaqələri var idi; BP-nin 40%-lik payı ilə birlikdə bu iki şirkət xarici payın yarısından azına sahib olmuşdular.
Nəticəsi ABŞ Prezidenti Duayt Eyzenhauerin ciddi təzyiqi ilə imzalanmış bu saziş ABŞ neft şirkətlərinə İranın hasil etdiyi neftin həcmi və satış qiymətləri üzərində mühüm təsir imkanları qazandırmışdır. 1973-cü ildən başlayaraq, şah konsorsium sazişinin müddəti bitdikdən sonra onu yeniləməyəcəyini və 1979-cu ildə İran neftini milliləşdirməyi planlaşdırdığını bəyan etdikdən sonra Qərb dövlətləri ilə münasibətlərdə gərginlik artmışdır. Şah 5 000 kəndli və fəhlə qarşısında çıxış etmiş, neft şirkətlərini 1954-cü il sazişi çərçivəsində fəaliyyətlərini düzgün idarə etməməkdə ittiham etmişdir. O, Milli İran Neft Şirkətinə konsorsiumun vəzifələrini "ya dərhal, ya da 1979-cu ildən etibarən" təhvil ala bilməsi üçün iranlılarla birlikdə çalışacaq xarici ekspertlərin işə götürülməsinə başlamaq barədə göstəriş verdiyini bildirmişdir.
Bir çox iranlı 1979-cu il İran inqilabı ilə bağlı konspirasiya nəzəriyyələrində Qərb dövlətlərini, şahın 1979-cu ildə konsorsium sazişini yeniləməkdən imtina etməsi səbəbilə onun devrilməsini dəstəkləməkdə ittiham edirlər. "The New York Times" qəzetinin məlumatına görə, neft şirkətləri öz nümayəndələri vasitəsilə iddia edirdilər ki, konsorsiumun müqaviləni 15 il müddətinə uzatmaq hüququ olduğu üçün şahın 1979-cu ildə müqaviləyə xitam verməyə hüquqi səlahiyyəti çatmamışdır.
1973-cü il müqaviləsi
1970-ci illərin əvvəllərində şah bəyan etmişdir ki, əgər konsorsium 1954-cü il sazişinin şərtlərinə yenidən baxmaqdan imtina edərsə, iyirmi beş illik müddət başa çatdıqdan sonra, yəni 1979-cu ildə müqavilə uzadılmayacaqdır. Konsorsiuma daxil olan şirkətlərin nümayəndələri 1972-ci ilin qışında Sent-Moritsdə şah ilə danışıqlara başlamış və "Sent-Morits sənədi" kimi tanınan müqavilə layihəsini təqdim etmişdilər. 1973-cü ilin əvvəllərində İran Milli Neft Şirkəti ilə konsorsium nümayəndələri arasında danışıqlar davam etdirilmiş və nəhayət, 31 iyun 1973-cü ildə "Alqı-satqı müqaviləsi" adlanan yeni sənəd imzalanmışdır. Bu müqavilə 31 iyul 1973-cü ildə İranın qanunverici orqanları tərəfindən təsdiqləndikdən sonra qanun qüvvəsinə minmişdir.
21 mart 1973-cü il tarixindən etibarən qüvvəyə minən və iyirmi il müddətinə nəzərdə tutulan bu sazişə əsasən, Milli İran Neft Şirkəti neft obyektlərinin və ehtiyatlarının mülkiyyət hüququnu qoruyub saxlamış, həmçinin neft sənayesindəki əməliyyatlar üzərində tam nəzarəti ələ keçirmişdir. Bura xam neftin, qazın və neft məhsullarının kəşfiyyatı, işlənilməsi, investisiya qoyuluşu, hasilatı, emalı və nəqli daxil edilmişdir. Konsorsium isə bu razılaşma ilə yalnız neft alıcısı və Milli İran Neft Şirkətinin imtiyazlı müştərisi statusuna keçmişdir.
İstinadlar
Kateqoriya:İranın müqavilələri