Notr-Dam-de-Pari (), Madonna və Körpə () və ya Sütun üzərində Tanrı anası () — XIV əsrin əvvəllərinə aid edilən, hündürlüyü 1,80 metr olan daş heykəl. Gec qotik heykəltəraşlıq üslubunun nümunələrindən biri hesab olunan əsər, Paris Notr-Dam kafedralının transept keçidinin cənub-şərq sütunu yanında yerləşirdi və 2019-cu ilin aprelində baş vermiş yanğından sonra dağıntılar arasında salamat vəziyyətdə tapılmışdır. Əsər, bir müddət Sen-Jermen-l’Oserrua kilsəsində saxlanılmış, kafedralın bərpasından sonra yenidən əvvəlki yerinə qaytarılmışdır. Heykəlin surəti isə Notr-Dam meydanında yerləşir.

Tarixi XIV əsrə aid edilən heykəl, ilkin olaraq Notre-Dame Cloister Notr-Dam kluatrındakı Sen-Enyan kapellasında yerləşirdi.

Böyük Fransa inqilabı zamanı Paris Notr-Dam kafedralının qərb fasadındakı çoxsaylı heykəllər dağıdılmışdı; xüsusilə 1793-cü ildə Məryəm portalının dayaq sütununda yerləşən XIII əsrə aid Məryəm heykəli məhv edilmişdi.

Burbon restavrasiyası dövründə, 1818-ci ildə həmin heykəlin yerinə öz sütun başlığı ilə birlikdə Sen-Enyan kapellasından gətirilmiş Notr-Dam-de-Pari heykəli qoyulmuşdur.

Heykəl 1818-ci ildən 1855-ci ilə qədər həmin yerdə qalmış, daha sonra isə Ejen Violle-le-Dyuk tərəfindən həyata keçirilən restavrasiya zamanı kafedralın daxilinə, transept keçidinin cənub-şərq dayağı yanına köçürülmüşdür.

Yanğın

Əsər, 15–16 aprel 2019-cu il yanğınına qədər kafedral daxilindəki yerində qalırdı; həmin yanğın zamanı Paris Notr-Dam kafedralının dam örtüyünün taxta konstruksiyası və şpili məhv olmuşdu.

Heykəl transept keçidinin tağ örtüyündən tökülmüş dağıntıların yaxınlığında salamat vəziyyətdə tapılmışdı; o, yalnız kafedral daxilində alovla mübarizə aparmaq üçün istifadə edilən "Koloss" robotunun püskürtdüyü su ilə islanmışdı.

Təhlükəsiz yerə aparılması məqsədilə 25 aprel tarixində əsər kafedraldan çıxarılmışdır. 2019-cu ilin avqustunda Sen-Jermen-l’Oserrua kilsəsində heykəlin surəti quraşdırılmışdı. Daha sonra, 2019-cu ilin oktyabrında yanğın zamanı məruz qaldığı qurğuşun çirklənməsindən təmizləndikdən sonra orijinal heykəl surətin yerinə gətirilmişdir.

Surət isə 2020-ci ilin iyun ayında Paris Notr-Dam kafedralının ön meydanına, "Böyük Karl və onun paladinləri" heykəli qarşısına köçürülmüşdür.

Yerinə qaytarılması 7–8 dekabr 2024-cü ildə Paris Notr-Dam kafedralının yenidən açılışından əvvəlki aylarda heykəlin surəti Fransanın müxtəlif kafedrallarında nümayiş etdirilmişdir. Daha sonra, 7–15 noyabr tarixlərində "Notr-Dam-de-Pari öz kafedralına qayıdır" adlı doqquzgünlük ibadət mərasimi təşkil olunmuşdu; bu müddət ərzində surət Paris şəhərində yerləşən müxtəlif katolik ibadət və xəstəxana müəssisələrində nümayiş etdirilmiş, sonda isə 2020-ci ildən orijinal heykəlin saxlandığı Sen-Jermen-l’Oserrua kilsəsinə gətirilmişdir.

15 noyabr tarixində bu surət məşəl yürüşü ilə müşayiət edilmişdir; yürüş Sen-Jermen-l’Oserrua kilsəsindən başlayaraq Paris Notr-Dam kafedralına qədər davam etmiş, yolboyu xüsusilə Yeni Körpüdən və Kors sahilindən keçmişdir. Eyni zamanda orijinal heykəl Sen-Jermen-l’Oserrua kilsəsindən yük maşını ilə daşınaraq kafedraldakı ilkin yerinə qaytarılmışdır. Bundan sonra surət Fransanın digər kafedralları arasında səyahətini davam etdirmişdir.

Təsviri 200px|thumb|right|Heykəlin kafedral interyerində, kilsə rozeti önündə görünüşü İsanın anası Müqəddəs Məryəmin şərəfinə yaradılmış bu əsərin üslubu, oxşar mövzulu heykəllərdə ənənəvi hesab olunan kontrapost duruşundan fərqlənir. Heykəl bəzən katolik dünyasının ən dekorativ heykəllərindən biri hesab olunur.

Məryəm ayaqüstə dayanmış vəziyyətdə təsvir olunmuş və oğlu İsanı bədəninə sıxaraq əlində tutmuşdur. Müqəddəs ana və övlad cütlüyünün əvvəlki təsvirlərindən fərqli olaraq burada hər iki fiqur daha təbii poza və fərdi üz cizgiləri ilə təqdim edilmişdir. Həmin dövrün Məryəm və Körpə İsa təsvirlərinin əksəriyyətində İsa körpə kimi deyil, kiçildilmiş yetkin insan görnüşündə göstərilirdi. Burada isə sənətkar onu anasının örtüyü ilə oynayan uşaq davranışları ilə təsvir etməyə çalışmışdır. Beləliklə, bu əsər qotik heykəltəraşlıqda dini fiqurların insaniləşdirilməsi tendensiyasına daxildir; həmin meyl Şart şəhərində kafedralın tikintisi ilə başlamış və xüsusilə Almaniyada geniş inkişaf etmişdir.

Məryəm, kraliça kimi kral libası geyinmişdir və başında tac daşıyır. Omba nahiyəsinin yüngül əyilməsi aristokrat zərifliyini ifadə edir. Sağ əlində o dövrkü Fransanın "zanbaqlar krallığı"nı simvolizə edən zanbaq çiçəyi tutur; əslində bu çiçək süsəndir. İsa isə Dünya kürəsini əlində saxlayır. Bu kürə həm hökmdarlığa, həm də onların müqəddəsliyinə işarədir. Məsihin əlindəki kürə onun "Dünyanın Xilaskarı" obrazına istinaddır. Kürə, Yer kürəsini simvolizə edir və Məsih bütün dünyanın hökmdarı kimi təqdim olunur.

Bədii keyfiyyətləri Qotik heykəltəraşlığın əsas xüsusiyyətlərindən biri onun zərifliyidir. Bununla belə, heykəltəraşlıq arxa plan memarlığındakı dəyişikliklərin, işıq–kölgə qarşıdurmasının və "Praksitel üslubu" adlandırılan S formalı əyriliyin təsirinə məruz qalmışdır. Sadələşdirmə nəticəsində qotik üslub roman üslubundan uzaqlaşmışdır.

Ən böyük dəyişiklik isə heykəllərin memarlıqdan ayrılması idi. Divar və ya sütunlara yüksək relyef şəklində birləşdirilən fiqurlar yaratmaq əvəzinə, heykəllər artıq öz dayaqlarından ayrılmış müstəqil formalar kimi işlənirdi. İşıq və kölgə arasındakı qarşıdurma geyim parçalarının dərin qatlanmaları vasitəsilə xüsusilə vurğulanırdı.

Məryəmin heykəlini hazırlayan sənətkar onun bədənində qotik üslub üçün xarakterik olan S formalı əyriliyi şişirdilmiş şəkildə tətbiq etmişdir. Lakin bu duruş Avropadakı qotik dövrdən deyil, e.ə. IV əsrdən qaynaqlanırdı. Həmin dövrdə yunan heykəltəraşları bədənin hərəkətlərinə və əzələlərinə heyran qalaraq S formalı əyri vasitəsilə mükəmməl naturalizmi təsvir etməyə çalışırdılar. Qotik heykəltəraşlar üçün isə əsas məqsəd bədənin hərəkətini göstərmək deyil, zəriflik və fiqurun uzadılmış görünüşünü yaratmaq idi.

İstinadlar

Kateqoriya:Qotik heykəllər Kateqoriya:Paris Notr-Dam kilsəsi Kateqoriya:Parisdəki heykəllər Kateqoriya:Fransadakı qadın heykəlləri Kateqoriya:Fransadakı Bakirə Məryəm heykəlləri Kateqoriya:Paris Notr-Dam kilsəsində saxlanan sənət əsərləri Kateqoriya:Madonna və Körpə heykəlləri