Yustina Budzinska-Tilitska (; ) — polyak həkim və qadın hüquqları müdafiəçisi. Tibb dərəcəni qazandıqdan və yeddi il Parisdə təcrübə keçdikdən sonra o, Polşaya qayıdaraq, Varşavada həkimlik fəaliyyətini davam etdirib. Qadın hərəkatında və qadın hüquqlarının genişləndirilməsi uğrunda mübarizədə fəal iştirak edən Budzinska-Tilitska, sonradan Varşava Şəhər Şurasının üzvü olub və həm sağlamlığın, həm də qadınların siyasi fəallığının artırılması kimi sosial təşəbbüslərdə yer alıb. Bu cür təşəbbüslərdən biri Polşada ilk ailə planlaması klinikasının açılması, digəri isə Polşalı Qadın Həkimlər Assosiasiyasının təsis edilməsi olub. O, beynəlxalq feminist konvensiyaları və konqreslərində iştirak edib, o cümlədən beynəlxalq "Qadınların Kiçik Antantası" təşkilatının prezidenti olub.

Erkən həyatı Yustina Budzinska, 12 sentyabr 1867-ci ildə Rusiya imperiyasının tərkibindəki Suvalki şəhərində, Yadviqa və Alfons Budzinskaların ailəsində anadan olub. Onun atası baytar idi, Polşanın Rusiya işğalına qarşı Yanvar üsyanında iştirak etmiş və sonradan Sibirə sürgün edilərək orada vəfat etmişdi. Erkən yaşlarından öz dolanışığını təmin etmək məcburiyyətində qalan Budzinska Varşavaya göndərilib və qızlar üçün internat məktəbində oxuyub. Karyerası Yustina Budzinska, təhsilini tamamladıqdan sonra Ukraynadakı şəxsi mülklərin birində tərbiyəçi kimi işləməyə başlayıb və kənd uşaqlarına dərs demək üçün gizli məktəb təşkil edib. Puluna qənaət edərək, 1892-ci ilə qədər Parisdə təhsilini davam etdirmək üçün kifayət qədər vəsait toplayıb və tibb fakültəsinə daxil olmaq üçün oraya köçüb. Digər tələbələr kimi o da müxtəlif sosial proqramlarda, o cümlədən mühazirələrdə iştirak edərək, Polşa gizli təşkilatının nəşrlərini paylayıb, Fransadakı polşalı mühacirlərə kömək edib və Polşa Sosialistlərinin Xarici Birliyinə qoşulub. O, rəsmi olaraq sosialist hərəkatının tərkibində uzun müddət qalmasa da, onların ideologiyasının tərəfdarı olub. 1894-cü ildə Stanislav Tilitski ilə ailə həyatı quran Budzinskanın Stanislav və Vanda adlı iki övladı dünyaya gəlib.

1898-ci ildə tibb təhsilini tamamladıqdan sonra Budzinska, Mo yaxınlığındakı Ebripill kəndində tibb praktikasına başlayıb. 1905-ci ildə Polşaya qayıtmaq qərarına gələn cütlüyə, keçmiş sosialist hərəkatı ilə əlaqələrinə görə Krakov Böyük hersoqluğundan başqa yerdə yaşamaq icazəsi verilməyib. Budzinska-Tilitska, Mariya Turzima-Visnievskaya ilə birlikdə Uşaq Rifahı Cəmiyyəti, İbtidai Məktəblər Cəmiyyəti və qadın hüquqları problemləri də daxil olmaqla, sosial rifahın yaxşılaşdırılmasına yönəli müxtəlif dərnəklərdə fəal iştirak edib. Varşavaya köçdükdən və onun xarici diplomu Rusiya hakimiyyəti tərəfindən qəbul edildikdən sonra, Müqəddəs Ruh Xəstəxanasında işə düzəlib.

Budzinska-Tilitska, antialkoqol hərəkatı, gigiyena və vərəm proqramlarının fəal iştirakçısı olub. O, təhsil sahəsində çalışan ilk qadın həkimlərdən biri olub. 1910-1912-ci illərdə Popielevskaya-Roszkovskaya Qızlar Gimnaziyasında gigiyena dərslərində iştirak edib. Budzinska-Tilitska, şəxsi praktikası ilə yanaşı, gigiyena və pedaqoqika, qadın sağlamlığı və qadınların hüquqi müdafiəsi haqqında broşürlər yazıb. O, qadın hüquqlarını dəstəkləyərək, Paulina Kuçaslka-Raynşmit tərəfindən təsis edilmiş Polşalı Qadınların Hüquq Bərabərliyi Birliyinin üzvü olub.

1916-cı ildə "Müqəddəs Ruh" xəstəxanasından ayrılan Tilitska, Birinci Dünya müharibəsi zamanı əsgərlərə xidmət verən səhra xəstəxanasının yaradılmasına kömək edib. Müharibədə zabit olan oğlunu itirməsi, ona ağır travma yaşatdı və buna görə də diqqətini sosial problemlərə yönəltdi. Polşalı qadınlar 1918-ci ildə səsvermə hüququ qazandılar və müharibə bitdikdən qısa müddət sonra Budzinska-Tiliçka, Teodora Meçkovskaya və Zofiya Daşinska-Qolinskaya ilə birlikdə qadınları səsvermə hüquqları mövzusunda maarifləndirmək məqsədilə Tərəqqipərvər Qadınların Siyasi Klubunu qurdu. O, həmçinin Beynəlxalq Sosialist Qadınlar Komitəsinin Polşa bölməsinin vitse-prezidenti kimi də fəaliyyət göstəririb. Öz fəaliyyətinin bir hissəsi olaraq, Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadın Liqasına qoşulub, Cenevrədə Beynəlxalq Qadın Seçki Hüququ Alyansının konfransında iştirak edib. Üç il sonra, 1923-cü ildə Beynəlxalq Qadınlar Alyansının Roma Konfransında iştirak edərək Aleksandrina Kantakuzino və digərləri ilə birlikdə Kiçik Qadın Antantasını təsis edib.

Budzinska-Tilitska, 1919-cu ildə Polşa Sosial Təbabət Cəmiyyətinə daxil oldu. 1919- 1934-cü illərdə, Varşava Şəhər Şurasının; əvvəlcə KPKP-nin (Polşa Qadın Hüquqları Komitəsi), 1922-ci ildən sonra isə Polşa Sosialist Partiyasının üzvü olub. 1925–1926-cı illərdə o, Polşalı Qadın Həkimlər Assosiasiyasını təsis edib və onun vitse-prezidenti olub. 1927-ci ildə isə müəssisə və fabriklərdəki uşaq baxımı mərkəzlərində çalışacaq tibb bacılarının hazırlanması üçün kursların təşkilində mühüm rol oynayıb və həmin il Qadınların Seçki Hüququ Liqasının prezidenti olub. 1929-1931-ci illərdə alkoqolizm və yoxsulluqla mübarizə aparmaq üçün Tibb Palatasının idarə heyətində çalışıb. O, abortun qanuniləşdirilməsini müdafiə edir və hamiləliyini sonlandıran qadınların cəzalandırılmasına qarşı çıxırdı. 25 oktyabr 1931-ci ildə Budzinska-Tiltska Polşada ilk doğum mərkəzini açdaraq, bu müəssisənin direktoru olub. Həmin ilin sonlarında o, siyasi nümayişdə iştirak etdiyinə görə həbs olunmuş, lakin apelyasiyaya şikayət verdikdən sonra sərbəst buraxılmışdı. 1935-ci ildə o, siyasi məhbusların saxlanıldığı Bereza Kartuska həbsxanasının bağlanması və onlara amnistiya verilməsi tələbi ilə aparılan təşviqat işlərində yaxından iştirak edib. Həmin il o, Polşa Elmlər Akademiyasının prezidenti olub.

Ölümü və irsi Yustina Budzinska-Tilitska, 8 aprel 1936-cı ildə gözlənilmədən beyin qansızmasından vəfat edib. Onun qidalanma və gigiyena barədə yazıları Polşada geniş nüfuz qazanmış; belə ki, o, daha az ət və daha çox tərəvəzdən ibarət sağlam pəhrizin ümumi sağlamlığı yaxşılaşdırdığını müdafiə edib. O, həmçinin hamilə anaların sağlamlığının və ətraflarındakı sanitar şəraitin yaxşılaşdırılması ilə uşaq ölümünün azalacağı fikirlərini irəli sürüb.

İstinadlar

Ədəbiyyat