Joanna Narutoviç (; ) — Polşa-Litva təhsil fəalı və Litvadakı Brevikyay malikanəsinin son sahibi. Bilyeviç ailəsində anadan olan Joanna, Polşanın ilk dövlət başçısı Yuzef Pilsudskinin xalası və general Leon Bilyeviçin əmisi/dayısı qızı (bəzi mənbələrdə xalası/bibi qızı) olub. O, Litvanın Müstəqillik Aktını imzalayanlardan biri olan Stanislav Narutoviç ilə ailə həyatı quraraq, onunla birlikdə bir neçə mədəniyyət müəssisəsinə rəhbərlik edib. Joanna xüsusilə Telşay şəhərindəki qızlar gimnaziyasına başçılıq etməsi ilə tanınır. O, həmçinin Litvanın Kaunas şəhərindəki sonuncu Polşa gimnaziyasının sədri olub. İkinci Dünya müharibəsindən sonra Litva SSR-ni tərk edərək Varşavada məskunlaşıb. Orada vəfat edib və Povonzki qəbiristanlığında dəfn olunub.

Həyatı Narutoviç Qədim Jemaç (Samoqit) zadəgan nəsillərindən olan Bilyeviç ailəsində anadan olub. O, Hipolit Bilyeviç və Helena Dovgirdin qızı olub. Onun bacı-qardaşları arasında pedaqoq Sofiya Bilyeviç-Zubovene və kimya mühəndisi Konrad Bilyeviç də olub.

Vilnüs və Varşavada məktəb təhsili alan Narutoviç, imtahandan keçdikdən sonra riyaziyyat və rus dili müəllimi sertifikatını qazanıb. 1888–1890-cı illərdə Sürix Universitetində fəlsəfə sahəsi üzrə təhsil alıb. O, xaricdə ali təhsil alan ilk litvalı qadın kimi qəbul edilir. Universitetdə oxuyarkən radikal solçu gənclərin dərnəklərinə qoşulub. Stanislav Mendelson tərəfindən Cenevrədə nəşr olunan "Walka Klas" jurnalının ətrafında toplaşan tələbə mühitinə düşüb. "Olimp" adlanan bu dərnək sosialist baxışlı gənclərdən: Zofiya Daşinska-Qolinskaya, Feliks Daşinski, Stanislava Poplavska və həyat yoldaşı, Mariya Kozlovskaya, Aleksander Tupalski, Qabriel Narutoviç, Barbora Burbaite, Teodor Kodis, Aleksandır Dembski və Jozefa Kodisdən ibarət idi. İsveçrədə Qabriel Narutoviç ilə birlikdə yaşayıb və 1889-cu ildə onun qardaşı Stanislav Narutoviç ilə vətəndaş nikahı kəsdirib (dini nikah mərasimi isə 1890-cı ildə Vilnüsdə baş tutub).

Cütlük, Brevikyaydakı mülkə köçməzdən əvvəl qısamüddətli olaraq Varşava və Vilnüsdə yaşayıb. 1891–1899 və 1904–1907-ci illərdə o, Brevikyaydakı xalq məktəbində müəllim işləyib və burada kəndli uşaqlarına latış dilində dərs verib. 1899–1904-cü illərdə isə Kalişdə yaşayan Narutoviç, orada fəhlə uşaqları üçün uşaq bağçaları təsis edib.

Ailəsi 1889-cu ildə o, Stanislav Narutoviç ilə ailə həyatı quran Joanna Narutoviçin dörd övladı olub: Zofiya Qabriela Krassovskaya (1893–1976), psixoloq Yan Hipolit (1896–1930), bioloq Helena Viktoriya (1899–1942) Kazimerj (1904–1987)

Təhsili 1907-ci ildə o, Telşay şəhərinə köçərək orada qızlar üçün dördsinifli özəl proqimnaziyanı qurub. Bu, Litvada rus dili ilə yanaşı, polyak və latış dillərinin də tədris olunduğu ilk məktəb idi. O, polyak dili fənnini tədris edib. 1908-ci ilin iyulunda Telşayda böyük yanğın baş verdi ki, 300-dən çox bina yanaraq kül oldu. Məktəb binasına ziyan dəyməsə də, yerli valideynlər maddi zərərə uğradılar və qızlarının təhsil haqqını ödəyə bilmədilər. Yerli zadəganlardan təhsil haqlarının böyük bir hissəsini qarşılamağa razı oldu, qalan hissəsini isə Narutoviç öz şəxsi vəsaiti hesabına ödədi və beləliklə, məktəb fəaliyyəti dayanmadı. 1913-cü ilin yazında məktəbdə ümumilikdə 114 şagird (32 litvalı, 42 yəhudi, 32 polyak və 8 rus) təhsil alıb. O, həmçinin 1909-cu ildə Telşayda həyat yoldaşı tərəfindən birgə təsis edilmiş oğlanlar gimnaziyasında da çalışıb.

1915-ci ilin baharında, Birinci Dünya müharibəsi zamanı Smolensk quberniyasına təxliyə olunan Narutoviç burada, Roslavl şəhərində qızlar gimnaziyası təsis etdi. Təhsil haqqının aşağı olması çox sayda tələbəni bu təhsil ocağına cəlb etdi. Məktəbdən əldə olunan gəlir Narutoviçə müharibə dövrünü rahat şəkildə başa vurmaq imkanı verdi. 1918-ci ilin mayında o, kəndli uşaqlarına yenidən dərs demək üçün Litvaya qayıtdı.

1926-cı ildə Kaunasa köçərək, burada Polşa Maarif Cəmiyyəti olan "Poçodnia"da çalışıb və Kaunasdakı polyakdilli Adam Mitskeviç adına gimnaziyada fəlsəfə, məntiq və psixologiya fənlərini tədris edib. 1929–1934-cü illərdə o, bu gimnaziyanın vitse-rektoru olub, həmçinin 1930-cu ildə Kaunasda təsis edilmiş "Znicz" Polşa qadın akademik korporasiyasının himayədarı idi. Səhhəti ilə bağlı problemlərə görə 1935-ci ildə təqaüdə ayrılaraq, Brevikiyaya geri dönüb.

İkinci Dünya müharibəsi illərində Brevikiyada yaşayıb və iki yəhudi qızı almanlardan gizlədib. 1945-ci ildə qızı Zofiya Krassovskaya ilə birlikdə yaşamaq üçün Varşavaya gəlib. O, 1948-ci il fevralın 19-da vəfat edən Joanna Narutoviç, Povonzki qəbiristanlığında dəfn olunub.

İstinadlar