Ziferblat () — vokalçı Daniil Leşçinski, gitaraçı Valentin Leşçinski və təbilçi Fyodor Xodakovdan ibarət Ukrayna musiqi qrupu. "Bird of Pray" mahnısı ilə 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etmiş və doqquzuncu yeri tutmuşdular.
Tarixi "Ziferblat" qrupu 2015-ci ildə əkiz qardaşlar Daniil və Valentin Leşçinski tərəfindən yaradılmışdır. Bundan üç il əvvəl, doqquzuncu sinfi bitirdikdən sonra qardaşlar özlərinin ilk "Runnin' Blue" qrupunu təsis etmişdilər (qrupun adı "The Doors" qrupunun eyniadlı mahnısından götürülmüşdür). Musiqi sahəsində ilk addımlarını qardaşlar təkcə yaradıcı layihələr vasitəsilə deyil, həm də pelmen reklam kampaniyasında iştirakları ilə atmışdılar. Əvvəlcə musiqiçilər mahnılarını ingilis dilində yazmışdılar, lakin Avromeydandan sonra repertuarlarına ukraynaca əsərlər də əlavə etmişdilər.
Ziferblat qrupunun əvvəlki heyətində üçüncü üzv Yevgeni Şevçenko olmuş, sonradan onu təbilçi Fyodor Xodakov əvəz etmişdir.
Onların "Kinoseans" adlı ilk mini-albomu 2017-ci ilin dekabrında işıq üzü görmüşdür. 2019-cu ildə qrup "Vnoçi" sinqlını buraxmış və "X-Faktor" televiziya şousunda iştirak edərək həmin mahnını ifa etmişdir.
2022-ci ildə Ziferblat "Zemlya" mahnısına çəkilmiş klipi təqdim etmişdir. Həmin ilin oktyabrında qrupun 2023-cü il Avroviziya Mahnı Müsabiqəsi üçün Ukraynanın milli seçimi olan "Vidbir 2023" yarışmasının uzun siyahısına daxil olduğu elan edilmişdir, lakin onlar qısa siyahıya düşə bilməmişdilər. Noyabr ayında onlar "Peretvorennya" adlı gələcək albomdan ikinci sinql olan "Dlya çoho ty pryişla" mahnısını buraxmışdılar. 2023-cü ilin fevralında albomun üçüncü və sonuncu sinqlı "Disko-Fanko Terapiya" təqdim olunmuşdur. Albomun özü 7 aprel 2023-cü il tarixində çıxmış, təqdimatı isə 22 aprel tarixində keçirilən solo konsertdə baş tutmuşdur. 13 mahnıdan ibarət albomdakı bəstələrin əksəriyyəti 2019–2020-ci illər ərzində yazılmışdır.
2023-cü ilin sentyabrında Ziferblat "Muzvar Awards" mükafatının "Alternativ musiqidə ən yaxşı yeni adlar" kateqoriyasında qalibi olmuşdur.
thumb|240px|2025-ci il Avroviziya Mahnı Müsabiqəsində
2024-cü ildə qrup "Place I Call Home" mahnısı ilə Avroviziya-2024 müsabiqəsi üçün Ukrayna milli seçimi olan "Vidbir 2024"-ün finalına çıxmışdır. Ziferblat münsiflərdən 11, tamaşaçılardan isə 8 xal toplayaraq ümumi reytinqdə 2-ci yeri tutmuşdur.
8 fevral 2025-ci il tarixində qrup "Avroviziya-2025" müsabiqəsi üçün keçirilən milli seçim turunun qalibi olmuş və İsveçrənin Bazel şəhərində Ukraynanı "Bird of Pray" mahnısı ilə təmsil etmək hüququ qazanmışdır. Müsabiqənin 17 may 2025-ci il tarixində baş tutan finalında qrup münsiflərdən 60, tamaşaçılardan isə 158 xal toplayaraq 9-cu yeri tutmuşdur.
2025-ci ilin may ayında qrupun "Of Us" adlı ikinci ingilisdilli albomu işıq üzü görmüşdür. Yeddi kompozisiyadan ibarət bu albom, qrupun günümüzün aktual problemlərindən bəhs edən mətnlərlə zənginləşdirilmiş yüngül səslənməsi sayəsində xarici dinləyicilərə çatması üçün bir cəhd idi. Albom art-rok, fyuijn, fank və alternativ rok janrlarını özündə birləşdirir.
6 may 2026-cı il tarixində qrupun "Melanholiya" adlı ikinci tamformatlı ukraynadilli albomu buraxılmışdır. On dörd kompozisiyadan ibarət olan bu albom, həyəcanlı reallığa tədricən alışan insanın vəziyyətini araşdırır. Burada hadisələrin qaçılmazlığı hissindən bəhs edilir: zaman keçdikcə qorxu azalır, əvvəllər şoka salan hadisələr artıq eyni reaksiyanı doğurmur. Bu vəziyyət, insanın psixikasının həyatımızın reallıqlarında yaşadığı ağrı və dəhşətlərdən yaranan yorğunluğun nəticəsidir. Bu, xarakteri və şəxsiyyəti həmişəlik dəyişən yaşanmış travmadır.
Diskoqrafiya
Studiya albomları İl Albom2023Перетворення2025Of Us2026Меланхолiя
Mini-albomlar İl Albom2017 Кіносеанс
Sinqllar İl Mahnı2019«Вночі»2022«Земля»«Для чого ти прийшла»2023«Диско-Фанко Терапія»2024«Place I call home»«Літаки»«Друг „Дім Звукозапису“»«Дотепер і назавжди»2025«Bird of Pray»«Будь здоров»«Незрівнянний світ краси»
İstinadlar
Kateqoriya:2015-ci ildə yaranan musiqi qrupları Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Alternativ rok-qruplar Kateqoriya:Triolar Kateqoriya:Ukrayna musiqi qrupları Kateqoriya:Ukraynanın "Avroviziya" təmsilçiləri