"Take Me to Your Heaven" — musiqisi Lars Didriksson, ingiliscə mətni isə Markos Ubeda tərəfindən yazılmış, İsveç müğənnisi Şarlotta Nilsson tərəfindən ifa olunmuş mahnı. Kompozisiya Qert Lenqstrandın isveçcə sözlərinə bəstələnmiş "Tusen och en natt" mahnısı ilə həmin il "Melodifestivalen" yarışmasında qalib gəldikdən sonra, Qüds şəhərində keçirilən 1999-cu il Avroviziya Mahnı Müsabiqəsində İsveçi təmsil etmiş və qələbə qazanmışdır. Mahnının ingilisdilli versiyası 7 iyun 1999-cu il tarixində sinql şəklində buraxılmış, onun prodüserliyini isə Mikael Vendt etmişdir. Sinql hit-paradlarda İsveçdə ikinci, Flandriyada beşinci, Norveçdə onuncu və Böyük Britaniyada iyirminci pilləyə qədər yüksəlmişdir.

Konsepsiya "Tusen och en natt" mahnısı Qert Lenqstrandın isveçcə sözlərinə Lars Didriksson tərəfindən bəstələnmiş və Şarlotta Nilsson tərəfindən lentə alınmışdır.

İfaçı isveç dilindəki orijinal versiya ilə yanaşı, Markos Ubedanın mətni əsasında mahnının "Take Me to Your Heaven" adlı ingilisdilli versiyasını da yazdırmışdır. Bu kompozisiya, müğənninin öz sevgilisinə ona sevgi bəxş etməsini və onu göylərə qaldırmasını xahiş etdiyi şən bir sevgi mahnısıdır. Musiqili videonun süjeti qış fəslində cərəyan edir və burada Şarlottanın qar üzərində gəzişməsi təsvir olunur.

Avroviziya 27 fevral 1999-cu il tarixində Şarlotta Nilssonun ifasında isveç dilində səslənən "Tusen och en natt" mahnısı 38-ci "Melodifestivalen" yarışmasında iştirak etmişdir. Kompozisiya 217 xal toplayaraq müsabiqənin qalibi olmuşdur. Bu festival İsveç Televiziyası (SVT) tərəfindən 44-cü Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə təşkil olunduğundan, sözügedən əsər İsveçin müsabiqə təmsilçisi, Şarlotta Nilsson isə ölkənin rəsmi ifaçısı hüququnu qazanmışdır.

29 may 1999-cu il tarixində Qüds şəhərindəki Beynəlxalq Konfrans Mərkəzində İsrail Yayım İdarəsi (IBA) tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. Şarlotta Nilsson milli dildə çıxış etmək tələbini ləğv edən yeni qaydalardan yararlanaraq "Take Me to Your Heaven" mahnısını ingilis dilində ifa etmişdir. O, həmin gecə Kipr təmsilçisi Marlenin ifasındakı "Tha’ne erotas" kompozisiyasından sonra və Portuqaliya təmsilçisi Rui Bandeiranın ifa etdiyi "Como tudo começou" mahnısından əvvəl, on beşinci nömrə altında çıxış etmişdir.

Səsvermənin nəticələrinə əsasən, mahnı 163 xal toplayaraq birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur.

İstinadlar

Kateqoriya:1999-cu ilin mahnıları Kateqoriya:1999-cu ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar