Xristian Fridrix fon Qlük (; ) — Almaniya hüquqşünası, Roma hüququ mütəxəssisi olmuşdur. O, İohann Avqust fon Hellfeldin metodologiyası əsasında Pandektlərə dair yazılmış 34 cildlik şərhdən ibarət "Hellfeldə görə Pandektlərin müfəssəl izahı" (1790–1830-cu illər) əsərinin müəllifidir. Bu fundamental əsər Qlükün vəfatından sonra digər alimlər tərəfindən davam etdirilərək 1889-cu ildə 49-cu cildə qədər çatdırılmışdır.

Həyatı Xristian Fridrix fon Qlük 1 iyul 1755-ci ildə Halle şəhərində (Saksoniya-Anhalt) anadan olmuşdur. O, 1770–1776-cı illərdə Halle Universitetində hüquq təhsili almış, 16 aprel 1777-ci ildə isə həmin təhsil müəssisəsində doktorluq dərəcəsi qazanmışdır. Təhsil aldığı universitetdə yeddi il müəllimlik etdikdən sonra, 1784-cü ildə Erlangen Universitetinə keçmiş və burada hüquq professoru kimi fəaliyyətini davam etdirmişdir.

Qlük yuxarıda adıçəkilən əsərində, özünün heç vaxt tərəfdarı olmadığı Fridrix Karl fon Savinyinin sələflərinin elmi fəaliyyətinin bütün nəticələrini vahid bir sistemdə birləşdirmişdir.

Fon Qlükün eyni təfsiri xarakter daşıyan digər əsərləri arasında "Hermeneutisch-systematische Erörterung der Lehre von der Intestat-Erbfolge" adlı tədqiqatı xüsusilə fərqlənir.

Xristian Fridrix fon Qlük 20 yanvar 1831-ci ildə Erlangen şəhərində, demək olar ki, qələmi əlindən yerə qoymadan vəfat etmişdir. O, ölümündən iki saat əvvəl hələ də öz şərhinin 35-ci cildi üzərində işləyirdi. Müasirlərinin qeydlərinə görə, o, bəzən gündə 12 saat mühazirə oxuyur, səhər və günorta yeməklərini elə auditoriyadaca yeyirdi.

İstinadlar

Kateqoriya:Almaniya hüquqşünasları