Kordelyerlər və ya Kordelyerlər klubu () — Fransa inqilabı dövründə fəaliyyət göstərmiş, ilkin olaraq "İnsan Hüquqları Dostları" klubu adı ilə tanınan siyasi klub. Klub müasir Tibb Məktəbi küçəsində, kordelyerlərin (və ya digər adı ilə fransiskenlərin) qədim monastırında toplaşdığı üçün bu adı almışdır. Burada ilkin dövrlərdə yalnız mənəvi və siyasi məsələlər ətrafında söhbətlər aparılsa da, tezliklə günün ən aktual və kəskin mövzuları ehtirasla müzakirə olunmağa başlamışdır. Kordelyerlər öz prinsiplərinə görə yakobinçilərlə həmrəy idilər, onların iclaslarında və qərarlarında iştirak edirdilər. Onların yeganə məqsədi azadlıq və bərabərlik anlayışlarını daha geniş miqyasda həyata keçirmək, demokratiyanı ən geniş təməllər üzərində bərqərar etmək olmuşdur.

Bu klubun rəhbərliyində Jan-Pol Marat, Jorj Jak Danton və Kamil Demulen dururdu. Həmçinin Teruan de Merikur və eberçilər – Jak-Rene Eber, Pyer Qaspar Şomett, Jan-Batist Qobel və digərləri də bura aid idilər. Anaxarsis Kloots baxışlarına görə ebertçilərə yaxın olsa da, rəsmi olaraq kordelyerlər klubunun deyil, yakobinçilər klubunun üzvü idi. 1791-ci ildə Danton və Demulen Yakobinçilər klubuna daxil olmuş, 1792-ci ildə isə Ebert və Şomett də yakobinçi olmuşdular. Bununla belə, onlar kordelyer olaraq qalmağa davam etmişdilər. Demulen, demək olar ki, ömrünün sonunadək "Köhnə kordelyer" qəzetini nəşr etmiş, Ebert isə kordelyerlər klubunun sədri vəzifəsini qoruyub saxlamışdır.

Kordelyerlər, məsələn, yakobinçilər kimi möhkəm təşkilatlanmaya və nizam-intizama malik deyildilər. Onların iclasları nizamsız keçirilir, debatları isə kənar təsirlərdən, o cümlədən Orlean hersoqunun təsirindən xali olmurdu. Lakin yeni üzvləri adətən sırasından seçdikləri aşağı təbəqələrə arxalanaraq, onlar (xüsusilə 1792-ci il 20 iyun və 10 avqust hadisələrində, eləcə də respublikanın ilk günlərində) kifayət qədər güclü bir "fəaliyyət partiyası" formalaşdırmağa nail olmuşdurlar. Daha əvvəl, 1791-ci ildə onlar kralın devrilməsi barədə petisiya tərtib edərək onu Mars tarlasında, Vətən qurbangahına qoymuş və bütün vətəndaşları onun altına imza atmağa çağırmışdırlar.

1794-cü ilin mart-aprel aylarında ilk öncə ebertçilər və onların tərəfdarları, daha sonra isə dantonçular (Danton, Demulen və digərləri) həbs edilərək edam olunmuşdurlar.

Zamanla kordelyerlər klubu zəifləmişdir. 1794-cü ilin noyabrında yakobinçilər klubu bağlandıqdan sonra bir sıra keçmiş yakobinçilər kordelyerlər klubuna qoşulmuşdular. 1795-ci il 20 fevral tarixində isə kordelyerlər klubu da rəsmən bağlanmışdır.

İstinadlar

Kateqoriya:1794-cü ildə ləğv olunan təşkilatlar Kateqoriya:Böyük Fransa inqilabı dövründə siyasi qruplar Kateqoriya:1790-cı illərdə ləğv olunan siyasi partiyalar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri