Denis Yevgenyeviç Kapustin (; həmçinin Denis Nikitin və White Rex təxəllüsləri ilə tanınır; White ingilis dilindən — "ağ", Rex isə latın dilindən — "kral") — Rusiya ifrat sağçı aktivist, keçmiş ultras futbol xuliqanı, sahibkar, Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində döyüşən Rusiya Könüllülər Korpusunun təsisçisi və komandiri. "Diffamasiya Əleyhinə Liqa" və bir sıra digər mənbələr tərəfindən neonasist kimi xarakterizə edilmişdir; Kapustin özü bu cür statusu rədd etmişdir. Rusiya Federasiyasında terrorçu elan edilmiş və qiyabi olaraq iki dəfə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.

Bioqrafiyası

6 mart 1984-cü ildə Moskvada anadan olmuşdur. Moskvaya məxsus Perovo rayonunda böyümüşdür.

2001-cü ildə, onun 17 yaşı olanda ailəsi Almaniyanın Köln şəhərinə köçmüşdür. Kapustinlər ailəsinin yəhudi mənşəli olmasına görə bu emasiya xüsusi proqram çərçivəsində baş tutmuşdur. Yuri Dud ilə 2 aprel 2026-cı ildə yayımlanan müsahibəsində Denis ana tərəfdən babasının yəhudi olduğunu və sənədlərdə adının Yefim Aronoviç Karpmanski kimi qeyd edildiyini təsdiqləmişdir.

O, qaydasız döyüş idman növləri ilə məşğul olan "White Rex" firmasına rəhbərlik edirdi və bu şirkət vasitəsilə sağ ekstremist mühitdə kodlaşdırılmış şüar sayılan 88 rəqəmli köynəklərin satışını təşkil edirdi. Kapustin Voronej, Sankt-Peterburq, Moskva, Yekaterinburq və Romada "Dux voina" (Döyüşçünün ruhu) adlı qaydasız döyüş turnirləri təşkil edirdi. Moskvadakı "Krılya Sovetov" idman sarayında keçirilən turnirdə onun yaxın tərəfdaşı, rusiyalı neonasist Maksim Martsinkeviç (Tesak) də rinqə çıxmışdı.

İsveçrədə Kapustin ifrat sağçı "İsveçrə Millətçi Partiyası" (PNOS) üzvlərinə döyüş təlimləri keçirdi. Reuters agentliyinin məlumatına görə, o, özünü tez-tez "etnik ruslara məxsus olan bir Rusiya uğrunda mübarizə aparan millətçi" adlandırsa da, "neonasist və ağ irqin üstünlüyünü müdafiə edən şəxs kimi xarakterizə olunmağı rədd edirdi". Şimali Reyn-Vestfaliya Torpağının Daxili İşlər Nazirliyi Denis Kapustini Almaniyadakı "ən nüfuzlu neonasist aktivistlərdən biri" adlandırmış və onun ölkədəki döyüş subkulturasını peşəkarlaşdırdığını qeyd etmişdir.

2016-cı ildə Kapustin digər rusiyalı xuliqanlarla birlikdə Marseldə İngiltərə yığmasının azarkeşləri ilə baş verən şiddətli qarşıdurmalarda iştirak etmişdir. Avromaydan etirazlarının tərəfdarı olmuş, 2017-ci ildən etibarən isə Ukraynada yaşamışdır. 2019-cu ilin avqustunda Almaniya Kapustini yaşayış icazəsindən məhrum etmiş və onun bütün Şengen zonası ölkələrinə girişi qadağan olunmuşdur. Denis Kapustin "White Powder" (White Power — "Ağların gücü" ifadəsinə bənzətmə olaraq) adlı Telegram kanalını idarə edir. Məhz bu kanalda Kapustin 2021-ci ildə İdrak Mirzəlizadəyə hücum edilməsi müqabilində mükafat vəd etmişdi.

thumb|250px|Rusiya Könüllülər Korpusunun üzvləri 24 may 2023-cü ildə. Denis Nikitin ön planda, mərkəzdədir

2022-ci ildə Ukraynada Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində vuruşan ruslardan ibarət Rusiya Könülləri Korpusunu təsis etmişdir. 2023-cü ilin martında bir neçə RDK üzvü ilə bərabər Bryansk vilayətinə reyd təşkil etmiş, may ayında isə ehtimal ki, “Rusiya Azadlığı” Legionu ilə bərabər Belqorod vilayətinə reydlərdə iştirak etmişdir. İlk reyddən sonra Rusiya Federasiyası tərəfindən terrorçular siyahısına daxil edilmişdir.

2023-cü ilin noyabrında Moskva Regional Hərbi Məhkəməsi Kapustini dövlətə xəyanət, terror aktına cəhd, terror fəaliyyəti üçün təlim keçmə və terror birliyi yaratma ittihamları ilə qiyabi olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Növbəti ilin noyabrında eyni məhkəmə Bryansk vilayətinə hücum işi ilə bağlı RDK rəhbərinə yenidən qiyabi ömürlük həbs cəzası kəsmişdir.

2025-ci ilin avqustunda Ukraynalı anarxist rəssam və hərbçi David Çiçkanın dəfn mərasimi zamanı Kapustin Ukrayna Silahlı Qüvvələrinin veteranı Viktor Pilipenkodan LGBT bayrağını qoparmağa çalışmış və nəticədə tərəflər arasında əlbəyaxa dava düşmüşdür.

2025-ci ilin dekabrın sonlarında Kapustinin Zaporojye istiqamətində FPV pilotsuz uçuş aparatının hücumu nəticəsində həlak olması barədə məlumatlar yayılmışdır. Lakin 1 yanvar 2026-cı ildə Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) onun ölüm xəbərinin xüsusi kəşfiyyat əməliyyatının tərkib hissəsi olduğunu və Kapustinin sağ olduğunu bəyan etmişdir.

Təltifləri

III dərəcəli "Boqdan Xmelnitski" ordeni (Ukrayna, 2026-cı il).

İstinadlar

Kateqoriya:Futbol xuliqanlığı Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Rusiya Sovet Federativ Sosialist Respublikası şəxsləri Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Ukraynada Rusiya qürbətçiləri