Cabbar Ərtürk, Cabbar İbrahimoğlu və ya Cabbar Məmmədov () — azərbaycanlı yazıçı və siyasi mühacir.

İrəvan Kənd Təsərrüfatı Texnikumunda və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. İkinci Dünya müharibəsinin başlanmasından sonra hərbi xidmətə çağırılıb və Ukrayna cəbhəsində döyüşlərdə iştirak edib. Döyüş zamanı əsir düşdükdən sonra Türkistan legionuna qoşulub və 1943-cü ilədək Qafqaz, Krım və Ukrayna cəbhələrində Sovet İttifaqına qarşı vuruşub. 1943-cü ildə yaradılmış Azərbaycan Milli Birlik Məclisində Əbdürrəhman bəy Fətəlibəylinin xarici siyasət və təhsil məsələləri üzrə müavini seçilib. Həmin dövrdə ''Azərbaycanın istiqlal mübarizələri'' və ''Doğu türklərinin istiqlal mücadiləsi'' adlı əsərləri qələmə alıb.

İkinci Dünya müharibəsinin başa çatmasından sonra bir müddət müxtəlif əsir düşərgələrində saxlanılıb. 1947-ci ildə Misirə mühacirət edərək Türkiyənin Qahirədəki baş konsulluğunda çalışıb. İki il sonra Türkiyəyə köçüb və ölkənin müxtəlif bölgələrində müəllim kimi fəaliyyət göstərib. Cabbar Ərtürk Türkiyədə yaşadığı dövrdə türk tarixi və İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini əks etdirən kitablar və məqalələr nəşr etdirib. Onun xatirələri əsasında hazırlanmış ''Qırmızı ordudan Qafqaz milli legionuna: bir türkün II Dünya müharibəsi xatirələri'' adlı əsər müəllifin vəfatından sonra nəşr olunub.

Haqqında

İlk illəri Cabbar İbrahim oğlu Məmmədov 1915-ci ildə İrəvan qəzasının Zəhmət kəndində anadan olub. 1929-cu ildə orta məktəbi bitirdikdən sonra iki il İrəvan Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiətşünaslıq fakültəsinə qəbul olub. Təhsilini başa vurduqdan sonra Basarkeçər qəzasının Zod kənd orta məktəbinə direktor təyin edilib. 1939-cu ildən İrəvan Dövlət Universitetinin dosenti olub.

İkinci Dünya müharibəsinin başlanmasından sonra, 1941-ci ilin iyununda hərbi xidmətə çağırılıb və SSRİ Silahlı Qüvvələrinin tərkibində Ukrayna cəbhəsində döyüşlərdə iştirak edib. Həmin ilin oktyabrında Mariupol şəhərində yoldaşları ilə birlikdə alman qoşunlarına əsir düşüb və Azov dənizi sahilində yerləşən əsir düşərgəsinə göndərilib. Alman, rus və bir neçə türk ləhcəsini bildiyinə görə düşərgədə tərcüməçi kimi fəaliyyət göstərib. Sonradan Türkistan legionuna qoşularaq 1943-cü ilin sonlarınadək Qafqaz, Krım və Ukrayna cəbhələrində Sovet İttifaqına qarşı döyüşüb. Xəstələndikdən sonra Vyana yaxınlığındakı qəsəbələrdən birində yerləşən xəstəxanaya göndərilib. Sağaldıqdan sonra Berlinə çağırılıb və burada professor Gerhard von Mende və eləcə də mayor Əbdürrəhman Fətəlibəyli ilə tanış olub. Berlində olduğu dövrdə "Doğu türklərinin istiqlal mücadiləsi" adlı kitabını qələmə alıb.

1943-cü ilin oktyabr ayında yaradılmış Azərbaycan Əlaqə Heyətinə üzv seçilib. 1943-cü il noyabrın 6-dan 11-ə qədər Berlində Milli Birlik Məclisinin təşəbbüsü ilə Milli Azərbaycan Qurultayı keçirilib. Qurultayın əsas məqsədi Almaniyada fəaliyyət göstərən müxtəlif azərbaycanlı təşkilatlarını vahid mərkəz ətrafında birləşdirmək idi. Qurultayda Azərbaycan Milli Birlik Məclisi formalaşdırılıb. Cabbar bəy Milli Birlik Məclisinin üzvü olub və Əbdürrəhman bəy Fətəlibəylinin xarici siyasət və təhsil məsələləri üzrə müavini seçilib. İkinci Dünya müharibəsi illərində "Azərbaycan legionunun səyyar kitabxanası" seriyası çərçivəsində nəşr olunan ilk kitab Cabbar Məmmədovun "İbrahimoğlu" imzası ilə çap etdirdiyi "Azərbaycanın istiqlal mübarizələri" əsəri olub. Onun redaktorluğu ilə 1944-cü ildə "Birinci Azərbaycan Birlik Qurultayı" adlı broşür nəşr edilib. Cabbar bəy mətubatda da fəal çıxış edib. Berlində nəşr olunan "Azərbaycan" qəzetində və "Milli birlik" jurnalında məqalələri ilə çıxış edib. Onun "Azərbaycan" qəzetində "Novruz bayramı haqqında", "Vətən müdafiəsi və milli saflıq", "Gənc yazıçılarımızda ana, Vətən və millət hissi", "Milli ideal, birlik və qurtuluş", "Biz məğlub olduqmu?", "Sovetə ümid bağlamaq olarmı?" və digər yazıları dərc olunub. "Milli birlik" jurnalının 6-cı sayında Cabbar bəyin "Azərbaycanın yabancılara qarşı mübarizəsi" adlı məqaləsi fotoşəkli ilə birlikdə çıxıb.

Mühacirətdə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Cabbar bəy xidmət etdiyi bölüklə birlikdə İtaliyanın Milan şəhərinə gedib və burada amerikalı hərbçilər tərəfindən saxlanılıb. Bir müddət sonra Santa Mariya adasında yerləşən türk qaçqın düşərgəsinə göndərilib. İki ay burada qaldıqdan sonra iki dostu ilə birlikdə Bari şəhərindəki həbsxanaya köçürülüb. Həbsxanada onların SSRİ vətəndaşı olduqlarını müəyyənləşdirərək Sovet İttifaqına təhvil verməyə cəhd göstərilsə də, onlar Türkiyə türkü olduqlarını bildiriblər. Dörd ay davam edən araşdırmalar zamanı Cabbar Məmmədovun SSRİ vətəndaşı olduğu sübuta yetirilmədiyindən o, Rimini şəhərindəki əsir düşərgəsinə göndərilib və bir müddət orada saxlanılıb.

1947-ci ildə Misir şahzadəsi İbrahim İtaliyanın Neapol limanından gəmi ilə onlarla azərbaycanlı mühaciri Qahirəyə aparıb. Onlar arasında Cabbar bəy də olub. Misirdə yaşadığı dövrdə Türkiyənin Qahirədəki baş konsulluğundan xidmət edib. 1949-cu ildə Türkiyəyə köçərək İstanbulda məskunlaşıb. 1950-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib və həmin il dekabrın 2-də Antalyanın Almalı orta məktəbinə müəllim təyin olunub. Sonrakı illərdə Urfa liseyi (11 oktyabr 1951), Kayseri liseyi (2 noyabr 1953), Mersin liseyi (1959–1961), Bilecik Qız İnstitutu (1961–1964), Muğla liseyi (1964–1967) və Kütahyanın Simav liseyində (1967–1968) pedaqoji fəaliyyət göstərib.

Kayseridə yaşadığı dövrdə "Yeni Erciyes" jurnalı ilə əməkdaşlıq edib və burada əsasən türk tarixinə həsr olunmuş məqalələr dərc etdirib. Sonrakı illərdə türk tarixi, türk milliyyətçiliyi və İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini əks etdirən bir sıra əsərlər yazıb. Onun Türkiyədə nəşr olunmuş əsərləri sırasında "Anayurdda unudulan türklər", "Türkiyə türkləri və Ana yurddakı türklərin qurtuluşları", "Türk milliyyətçiliyi", "Üçüncü dünya hərbinin zəngləri çalınırmı?" və Atatürkə həsr olunmuş şeirlər toplusu yer alır.

Cabbar Ərtürk 10 avqust 2004-cü ildə Muğla ilinin Mumcular qəsəbəsində vəfat edib. Onun İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini əhatə edən "Qırmızı ordudan Qafqaz milli legionuna: bir türkün II Dünya müharibəsi xatirələri" adlı genişhəcmli əsəri isə ölümündən sonra, 2005-ci ildə nəşr olunub.

Ailəsi Cabbar Məmmədov XVII əsrin əvvəllərində Qarabağdan İrəvan ətrafına köçmüş Gövhəroğulları nəslinə mənsub olub. Atası İbrahim Gövhəroğlu 1914-cü ildə Gülüş Məhəmməd qızı ilə ailə qurub. Bu evlilikdən Cabbar, Əsəd və Zəhra adlı övladları dünyaya gəlib. İbrahim bəy Birinci Dünya müharibəsinin sonunda Osmanlı ordusuna kömək edib, ruslara və ermənilərə qarşı döyüşüb. 1937-ci ildə repressiyaya məruz qalaraq həbs olunub və ondan sonra ondan bir xəbər alınmayıb. Bundan sonra Cabbar bəyin ailəsi kənddən sürgün olunub.

1952-ci ildə Ayşə Vəcihə adlı bir xanımla ailə qurub. Bu nikahdan dörd övladı dünyaya gəlib: 1953-cü ildə Ankarada Alparslan, 1954-cü ildə Kayseridə Gülsüm, 1956-cı ildə Türkhan və 1965-ci ildə Muğlada Gülüş.

Əsərləri "Doğu türklərinin istiqlal mücadiləsi" (Berlin, 1940-cı illər) "Azərbaycanın istiqlal mübarizələri" (Berlin, 1944) "Birinci Azərbaycan Birlik Qurultayı" broşürü (Berlin, 1944) "Ana yurdda unudulan türklük" (Kayseri, 1955) "Türkiyə türkləri və ana yurddakı türklərin qurtuluşları" (Kayseri, 1957) "Üçüncü Dünya hərbinin zəngləri çalınırmı?" (Kayseri, 1957) "Atatürk süfrəsində türklük və milliyyətçilik" (Ankara, 1994) "Bir türkün İkinci Dünya hərbi xatirələri" (Ankara, 2005)

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Türk yolu və Orkun jurnallarında yazdığı məqalələr

Kateqoriya:İrəvan Kənd Təsərrüfatı Texnikumunun məzunları Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Milli Birlik Məclisinin üzvləri Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan memuarçıları