Kərrar Ələsgərli () — azərbaycanlı zabit, memuarçı, siyasətçi və siyasi mühacir. İkinci Dünya müharibəsi illərində əvvəlcə SSRİ, daha sonra isə Almaniya ordusunda zabit kimi xidmət edib. Azərbaycan Könüllülər Ordusunun 807-ci batalyonunun komandiri, daha sonra isə ordunun baş komandanı Əbdürrəhman bəy Fətəlibəylinin şəxsi adyutantı olub.

Qırmızı Ordunun tərkibində Polşa yürüşündə və Qış müharibəsində iştirak edən Kərrar Ələsgərli 1940-cı ildə Leninqrad Piyada Məktəbinə göndərilib. Məktəbi bitirdikdən sonra zabit kimi xidmətini davam etdirib və İkinci Dünya müharibəsində iştirak edib. Alman qoşunlarının hücumu zamanı yaralanaraq kontuziya alıb və əsir götürülüb. Saxlanıldığı düşərgədən Azərbaycan Nümayəndə Heyəti tərəfindən azad edilib.

Əsirlikdən azad olunduqdan sonra Abverə tabe olan xüsusi təyinatlı "Berqman" taborunda xidmətə başlayıb. Daha sonra Şimali Qafqazdakı döyüşlərdə, o cümlədən Elbrus və Kazbek zirvələrinin tutulması əməliyyatlarında iştirak edib. Döyüşlərdə göstərdiyi xidmətlərə görə Almaniya ordusunun "Dəmir xaç" ordeni, "Şərq xalqları üçün igidlik və xidmət nişanı"nın iki dərəcəsi, eləcə də "Yaralanmaya görə" döş nişanı ilə təltif olunub. 1943-cü ildə Drezdendə Vermaxtın hərbi zabit məktəbində təhsilini başa vurub. Həmin ilin noyabrında Berlində keçirilən Milli Azərbaycan Qurultayında nümayəndə kimi çıxış edib.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Kərrar bəy Vatikanda, Türkiyədə, İtaliyada və Çində yaşayıb. Saxta sənədlərlə özünü Çin vətəndaşı, uyğur əsilli "Çingiz Günotay" kimi təqdim edib. Çinə köçdükdən sonra yerli uyğur icması ilə əlaqələr yaradıb və icmanın üzvü kimi Çin Respublikasının prezidenti Çan Kayşi ilə görüşüb.

1955-ci ildə Nikita Xruşşov tərəfindən hərbi əsirlər üçün elan edilən amnistiyadan sonra, 1956-cı ildə ailəsi ilə birlikdə Azərbaycana qayıdıb. Azərbaycanda əvvəlcə mühəndis-mexanik, daha sonra isə pedaqoq kimi çalışıb. "Əski Müsavatçılar Nəsli" Beynəlxalq Cəmiyyətinin üzvü olub.

Həyatı

İlk illəri Kərrar Heydər oğlu Ələsgərli 1918-ci il iyunun 20-də Şuşada anadan olub. Ağdamda yerləşən mexanika məktəbini bitirdikdən sonra Maşın-Traktor Stansiyasında mexanik işləyib.

1938-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılaraq Qırmızı Ordunun Jitomir şəhərində yerləşən 4832 nömrəli hərbi hissəsində xidmətə başlayıb. Xidmət etdiyi dövrdə Qırmızı Ordunun Polşaya yürüşündə və Qış müharibəsində iştirak edib.

1940-cı ildə hərbi təhsil almaq üçün Sergey Kirov adına Leninqrad Piyada Məktəbinə göndərilib.

İkinci Dünya müharibəsində 211x211px|thumb|left|Qırmızı Orduda xidmət edərkən 1941-ci il sentyabrın 17-də leytenant rütbəsi aldıqdan sonra xidmətini davam etdirmək üçün Qatçina şəhərində yerləşən 41-ci atıcı korpusa göndərilib. Burada İkinci Dünya müharibəsinin Şərq cəbhəsi kimi tanınan Almaniya–SSRİ müharibəsində iştirak edib. Sentyabrın sonunda alman qoşunlarının hücumunu dəf edərkən yaralanaraq kontuziya alıb və əsir düşüb.

Əvvəlcə Köniqsberqdə yerləşən "Tilzit" hərbi düşərgəsinə aparılıb. 1941-ci ilin sonunda isə zabit əsirlər üçün nəzərdə tutulmuş və Zaqan şəhərində yerləşən "Stalag VIII-C" əsir düşərgəsinə köçürülüb. Əsirlikdə olduğu müddətdə düşərgəyə Azərbaycan Nümayəndə Heyəti gəlib və Kərrar Ələsgərli əsirlikdən azad edilib. Digər azad edilmiş azərbaycanlı hərbi əsirlərlə birlikdə hərbi təlim keçmək üçün Nyuhammerdə yerləşən Ştarans hərbi təlim düşərgəsinə göndərilib. Ştarans hərbi təlim düşərgəsində olduğu müddətdə alman alim və siyasətçi Teodor Oberlender və bir neçə alman zabiti ilə birlikdə müxtəlif əsir düşərgələrinə səfər edib. Bu səfərlər zamanı yüzlərlə azərbaycanlı hərbi əsirin müəyyən edilərək əsirlikdən azad edilməsinə nail olunub.

Daha sonra Qafqazdan olan hərbi əsirlərdən formalaşdırılmış və Abverə tabe olan xüsusi təyinatlı "Berqman" taborunda xidmətə başlayıb. Taborun azərbaycanlı və alman hərbçilərdən təşkil olunmuş 3-cü bölüyündə oberleytenant Tsaaqın köməkçisi təyin edilib. 1942-ci ilin yazında Abverin xüsusi təyinatlı bölmələrindən biri olan "Tamara-2"də xidmət etməyə başlayıb. Həmin ilin yayında xüsusi təbliğatla bağlı tapşırıq alaraq Şərq cəbhəsinə göndərilib. Daha sonra Şimali Qafqazdakı döyüşlərdə , o cümlədən Elbrus və Kazbek zirvələrinin tutulmasında iştirak edib. Elbrus zirvəsindəki əməliyyatda göstərdiyi şücaətə görə Almaniya ordusunun "Dəmir xaç" ordeni ilə təltif olunub. Bundan əlavə, Qafqaz döyüşlərində iştirakına görə "Şərq xalqları üçün igidlik və xidmət nişanı"nın iki dərəcəsi, eləcə də "Yaralanmaya görə" döş nişanı ilə təltif edilib.200x200px|thumb|Mari yaxınlığında ələ keçirilmiş Fransa Daxili Ordusuna məxsus bayraq və Azərbaycan legionerləri. Mərkəzdə duran Kərrar Ələsgərlidir. 2 iyun 1944-cü il.

1943-cü ildə döyüş zabiti hazırlığı keçmək üçün Drezdendə yerləşən Vermaxtın hərbi zabit məktəbinə göndərilib. Təhsilini başa vurduqdan sonra Almaniya ordusunda leytenant hərbi rütbəsi alıb və Almaniya vətəndaşlığına qəbul edilib. Bundan sonra Almaniya ordusunun zabiti statusunda xidmət edib və Azərbaycan Könüllülər Ordusunda da bu statusla fəaliyyət göstərib. Daha sonra Berlinə, Vermaxtın Baş Qərargahı yanında Şərq könüllü hissələrinin komandanı general Ernst Köstrinqin qərargahının sərəncamına göndərilib.

1943-cü ilin noyabrında Berlində Milli Birlik Məclisi tərəfindən keçirilən Milli Azərbaycan Qurultayında nümayəndə kimi çıxış edib.

1943-cü ilin payızında oberleytenant rütbəsi alıb və məzuniyyətə buraxılıb. Məzuniyyətdən sonra Almaniya komandanlığının göstərişi ilə yenidən təşkil edilmiş Azərbaycan Könüllülər Ordusunun qərargahına göndərilib. Qərargahın sərəncamı ilə Azərbaycan Könüllülər Ordusunun xüsusi döyüş qrupunda komandir müavini kimi xidmət etmək üçün Fransanın cənubunda yerləşən Rodez şəhərinə göndərilib. Həmin dövrdə Fransanın cənubunda ümumilikdə 20 000-dən çox şəxsdən ibarət yeddi Azərbaycan batalyonu yerləşirdi. Batalyonların əsas vəzifəsi mühafizə xidmətini həyata keçirmək idi. Legionçular mühafizə etdikləri ərazilərin təhlükəsizliyini təmin etmək məqsədilə, xüsusilə gecə saatlarında mühafizə olunan obyektlərə hücumlar təşkil edən yerli partizan dəstələrinə qarşı əməliyyatlarda da iştirak edirdilər. Kərrar Ələsgərli və kapitan Langenin rəhbərlik etdiyi üç rotadan ibarət xüsusi döyüş qrupu əsasən Fransanın cənubunda partizanlara qarşı əməliyyatlar keçirib. Fransada xidmət etdiyi müddətdə Parisdə yaşayan Azərbaycan mühacirləri ilə sıx əlaqə saxlayıb.

1944-cü ildə Fransanın Marsel şəhəri yaxınlığında dislokasiya olunmuş Azərbaycan Könüllülər Ordusunun 807-ci batalyonunun komandiri təyin edilib. Daha sonra Berlinə, Azərbaycan Könüllülər Ordusunun qərargahına çağırılıb və baş komandan Əbdürrəhman bəy Fətəlibəylinin şəxsi adyutantı təyin olunub. 1945-ci ildə hauptman rütbəsi alıb.

1945-ci ildə İtaliyanın şimalındakı Prato vilayətində ezamiyyətdə olarkən amerikalı hərbçilər tərəfindən əsir götürülüb. Alman zabiti olduğu düşünülərək yalnız alman zabitləri üçün nəzərdə tutulmuş əsir düşərgəsində saxlanılıb. Daha sonra İtaliyanın şimalında yerləşən başqa bir əsir düşərgəsinə köçürülüb. Burada mexanik və elektrik kimi işləyib. Sonradan düşərgədən qaçaraq İtaliyanın şimalında gizlənən ailəsinin yanına gedib və onları İsveçrəyə keçirib.

Sonrakı illəri İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ailəsi ilə birlikdə Vatikana yaxın ərazidə yerləşən qadın katolik monastırında məskunlaşıb. Bu dövrdə Kərrar Ələsgərli monastırda bağban, həmçinin monastır rəhbərinin sürücüsü kimi işləməyə başlayıb. Bir müddət sonra ailəsini monastırda qoyaraq Türkiyəyə köçüb.200x200px|thumb|left|Ailəsi ilə birlikdə Vatikanda ikən.218x218px|thumb|Bakı, 1993-cü il.Türkiyədə Nuru paşanın Haliçdə yerləşən hərbi zavodunda işləməyə başlayıb. İstanbulda dostlarının və Çin konsulunun köməyi ilə çinli mühacirə məxsus xarici pasport əldə edib. Özünü uyğur kimi təqdim edərək "Çingiz Günotay" adını götürüb. Daha sonra İzmirə köçərək barıt zavodunda mexanik kimi çalışıb.

1948-ci il aprelin 23-də ailəsi ilə birlikdə İtaliyanı tərk edərək Çinin Şanxay şəhərinə köçüb. Şanxayda hava limanında mühəndis-mexanik kimi çalışıb. Daha sonra Nankində yerləşən İsveçrə şirkətlərindən birində işləməyə başlayıb. Nankində yaşayarkən yerli uyğur icması ilə əlaqə yaradıb və onların dəstəyindən yararlanıb. Ev alana qədər onun ailəsi üçün uyğur icması tərəfindən yaşayış yeri təmin edilib. Daha sonra uyğur icmasının üzvü kimi Çin Respublikasının prezidenti Çan Kayşi ilə görüşüb. Bir neçə il işləyərək pul topladıqdan sonra Şanxay kinostudiyasının yaxınlığında ikimərtəbəli ev alıb və onun birinci mərtəbəsində Çin antikvar dükanı açıb. Eyni zamanda Şanxay uyğur icmasının musiqi ansamblında dəf ifaçısı kimi fəaliyyət göstərib. Ansamblın tərkibində müxtəlif festivallarda çıxış edib.

1955-ci ildə Nikita Xruşşov tərəfindən hərbi əsirlərə elan edilmiş amnistiyadan sonra 1956-cı ildə ailəsi ilə birlikdə Azərbaycana qayıdıb. Azərbaycana qayıtdıqdan sonra ilk illərdə mühəndis-mexanik, daha sonra isə pedaqoq kimi fəaliyyət göstərib.

1992-ci ildə Fuad Zeynallının yaratdığı "Əski Müsavatçılar Nəsli" Beynəlxalq Cəmiyyətinin üzvü olub.

1994-cü ildə tarix elmləri doktoru Nəsiman Yaqublu ilə birlikdə Əbdürrəhman bəy Fətəlibəylinin doğulduğu Düdəngə kəndinə səfər edib. Onların iştirakı ilə Əbdürrəhman bəy Fətəlibəylinin doğulub-böyüdüyü evin üzərinə xatirə lövhəsi vurulub.

Kərrar Ələsgərli 1996-cı il dekabrın 26-da Bakıda vəfat edib. Bakıda dəfn olunub.

Xatirələri

Xatirəsi 200x200px|thumb|Həyat yoldaşı və oğlu Rüstəm. Drezden, 1943-cü il. 2011-ci ildə Kərrar Ələsgərlinin oğlu Rüstəm Ələsgərov atasının qeydləri əsasında "Öz bayrağı altında. Zati-alilərinin adyutantının qeydləri" adlı kitab yazıb.

Ailəsi Kərrar Ələsgərlinin atası Heydər bəy Qarabağ xanlarının nəslindən olub. Şuşa və Xankəndidə yaşayıb, Qarabağ atlarının saxlanılması və yetişdirilməsi ilə məşğul olub.

1940-cı illərdə əslən alman olan Yekaterina Fyodorovna Hil ilə ailə qurub. Bu evlilikdən dörd övladı dünyaya gəlib: 1943-cü ildə Drezdendə Rüstəm, 1946-cı ildə Romada Tərlanə, 1951-ci ildə Şanxayda Məleykə və 1955-ci ildə həmin şəhərdə Rəşid.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:Almaniya azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər